Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində bir sıra iddialar səsləndirilir.
araz.az Sfera.az-a istinadən xəbər verir ki, iddialara görə, Əhməd 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürüb. Ailəsi həbsxanaya girməməsi üçün ona “dəlilik kağızı” düzəldib, daha sonra onu Rusiyaya göndərib. Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın da Əhmədin məktəbdə təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini deməsi iddiaları daha da gücləndirib. Digər yayılan məlumatlardan biri də sürücülük vəsiqəsi ilə bağlıdır. Belə ki, Ə.Əhmədov daha sonra “dəlilik kağızı”nı təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi alınıb.
Ardınca yerli mediada qeyd olunub ki, 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun cinayət törətməsi və məhkum edilməsi ilə bağlı rəsmi qurumlarda hər hansı məlumat yoxdur. Həmçinin iddia edilən cinayətlə bağlı qeydiyyat mövcud deyil. Lakin onun ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olması və müalicə aldığı məlum olub. Həmçinin Əhməd Əhmədovun 10 il əvvəl törətdiyi iddia olunan cinayət işinin də ötən gün baş verən qətl olayının istintaqı gedişində araşdırılacağı bəlli olub.Sözügedən və sürətlə yayılan məlumatlar isə sosial mediada müzakirə obyektinə çevrilib.
Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədov necə sürücülük vəsiqəsinə sahib olub? Həmin şəxs eyni zamanda, Bakıda taksi fəaliyyəti göstərib. Ə.Əhmədova sürücülük vəsiqəsi verilərkən bu hallar niyə yoxlanılmayıb?
Əvvəlcə qeyd edək ki, sürücü olmaq üçün həm beynəlxalq, həm də milli qanunvericilikdə nəzərdə tutulan əsas şərtlərdən biri şəxsin sağlamlığı və fiziki durumunun yararlı olmasıdır. Bu baxımdan ilk dəfə sürücü olan şəxslərin tibbi müayinəsi məcburidir. Bundan başqa, sürücülük fəaliyyəti dövründə sürücülərin sağlamlığına nəzarət də həyata keçirilir.
Sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar həkim psixiatr, nevropatoloq, lor, okulist, cərrah, terapevt yoxlanışından keçməlidir. Sürücülük vəsiqəsi almaq istəyənlər narkoloji dispanserdə yoxlanmalı, qandan şəkər xəstəliyi ilə bağlı analiz verməli, kardioqram etdirməli və döş qəfəsinin rentgenindən keçməlidirlər. Hansısa bir həkimin psixi vəziyyəti yaxşı olmayan xəstəyə sağlamlıq arayışı verməsi birbaşa cinayət məsuliyyəti daşıyır.
Digər tərəfdən, sürücülük vəsiqəsinin Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən verildiyi hər kəsə məlumdur. Bu da istər-istəməz insanlarda müəyyən suallar yaradır. Qeyd olunur ki, sürücülük vəsiqələri bir çox hallarda qeyri-qanuni yolla alınır və psixoloji problemi olanlar belə “arxa qapıdan” sənədi alaraq, sonradan potensial insan qatilinə çevrilirlər. Hər bir halda od olmayan yerdən tüstü çıxmaz…Bu gün qandonduran hadisənin pərdəarxasında həm də işini düzgün görə bilməyən qurumlar dayanır və buna görə məsuliyyət daşıyırlar. Eləcə də Dövlət Yol Polisi… Ə.Əhmədov barədə yayılan fikirlərin doğruluğu sübut edilərsə, yol hərəkəti təhlükəsizliyimizin səviyyəsi, taksi xidmətinin keyfiyyəti barədə bir daha düşünməkdə fayda var…
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
araz.az xəbər portalı.