Talib-musayev.jpg1930-cu illərə kimi onun doğum sənədlərində komsomol, partiya biletində, pasportunda milliyəti “türk” sonrakı illərdə isə “Azərbaycanlı” kimi göstərilmişdi

Ömrünün 90-cı yaşlarda qələmə aldığı, səlis və səhih fikirlərlə dolu olan “Ermənilər və faciələrimiz” kitabı qarşımda sotlüstü kitab kimi hər gün sətirlənməkdədir. Kitabda başqa mənbələrdə təsbit olunmayan çoxlu sayda qiymətli tarixi faktlar vardır. Həmçinin möhtərəm Talıb Qurban oğlu Musayevin gördüyü işlər, əmək fəaliyyəti ilə bağlı xatirələri, dəyərli tövsiyyələri yer almışdır. Oxuduqca fikirləşirsən ki, bu 320 səhifəlik kitabdan bir neçə cild də yazmaq lazımdır ki, onun ömür səlnaməsinin yalnız bir hissəsini əhatə edə biləsən. Amma ömrünün ahıl çağındakı güclü hafizəsindən, dərin zəkasından axıb gələn faktlar elə səviyyədə yazılıb ki, hətta, bu yazını da yazmağa ehtiyat edir, bir qədər də utanc hissi keçirirəm. Çünki, onun ömrünün doxsandan yuxarı yaşında da qələmə aldığı belə bir möhtəşəm əsərinin qarşısında nəsə yazmaq cürəti tapmaq üçün gərək şir ürəyi yemiş olasan! Mənəm -mənəm deyən ədiblərin, nasirlərin, tarixçilərin, alimlərin əsərləri ilə döş -döşə gəlib, onlara zorbalıq göstərə bilən böyük bir əsərdir bu kitab.

“Hər kəsin dəyəri onun elminin dəyəri qədəri qədərdir.” Bu sözlərin müəllifi İslam peyğəmbəri s.ə.s.-dir. Elə haqqında söz açdığım dəyərli el ağsaqqallarımızdan olan, bir əsrlik dəyərli həyatında qərinələrin, əsrlərin helmini və elmini hafizəsində saxlamış, zehninin itiliyi ilə bütün təsəvvürlərini ən uca qatlara çatdırmış hörmətli və unudulmaz böyük nərimanlı Talıb Musayevin şəxsən özüdür.

O, 1908 ci ildə Göyçə mahalının Nərimanlı, (keçmiş Hüseynquluağalı) kəndində anadan olmuşdur. İnsanın həyata yaşamağa, yaratmağa, işləməyə, iz qoymağa elə bir tükənməz eşqi olmalıdır ki, bu yaşda belə bir mükəmməlliyə malik kitab yazıb hazırlasın. Kitabda məlumatlar xronologiyası elə bir tərzdədir ki, bunun üçün fenomenal yaddaşın, dərin düşüncən olmalıdır. Ən üstün cəhət də budur ki, bu əsər tək bir məsələyə həsr olunmayıb: Qlobal məsələlərə, erməni məsələsinə, qan yaddaşımızın itməməsinə, gələcək nəsillərin özünə qayıdış prinsiplərini qorumasına, milli mənafeyimizin qorunması üçün ayıq -sayıq olmaqda zəruri yanaşmalara həsr olunub. Məqsədim təkcə bu maraqlı əsəri tərif etmək deyil! Hörmətli Talıb Musayevin yaşadığı bir ömür içərisində nümunə olan neçə-neçə dəyərli faktlar var. Bu böyük insanın şərəfi, ləyaqəti, əlçatmaz-ünyetməz göylər qədər uca olan, dünyaları ağuşuna alan ömür dünyası dərindən fikir verəndə elə gözəl mənzərəli görünür ki. Özlüyümdə cavabı məhcul suallar ətrafında çox düşündüm: Zəmanənin bu sfətini görən cəmiyyət içərisində belə adamlar yenidən formalaşa biləcəkmi görəsən? Bəlkə də formalaşacaq, ancaq beləsi yox…

Həyat həqiqətlərini, insan böyüklüyünü dərindən dərk edən unudulmaz Məmməd Araz onunçun belə yazır:

Gələnlər, gedənlər sığmayır saya,

Dünya bu minvalla dolur, boşalır.

Nə qədər yaxşılar gəlir dünyaya,

Yenə yaxşıların yeri boş qalır.

İnsanın ömrünün yaxşılıq müstəvisində canlanan görüntüsü bir məna dairəsində məhdudlaşıb, bitmir. Niyyətində yaxşılıq etmək əsas qayəni tutursa, harada olsa o, yenə yaxşılığından əl çəkməyəcək. Çünki fitrətən yaxşıdı. Ömürlər içərisində insana əzəmət, başucalığı gətirə bilən hansı sferaya rast gəlmək mümükündürsə, həmin sferalarda Talıb Musayevin izi var. Gənc Talıb Musayev valideynlərini erkən itirmiş olsa da, atalı, analılardan məğrur böyüdü. Körpəlikdən həm özünün, həm bacısının dəyanətlə böyüməsinin səbəbkarına və əsas sütununa çevrildi. Bibisinin (mamasının), əmilərinin qoynunda böyüyə- böyüyə kiməsə yük olmaqlığın mənasını dərk edərək, zəhmətə qatlaşmağın yolunu şərəfli və asan sandı. (Yeri gəlmişkən qayğıdan böyük yük yoxdur ki, onu da rəhmətlik bibisi çəkib).

1919 cu ilin qaçqınlığında hamı kimi, onlar da zəlalətlər çəkdilər, amma o, sınmadı, bir qədər də mətin və iradəli insan kimi uzaqgörənlik edib, elmin dəyərini erkən yaşlarda dərk etdi, ucalmağın ancaq elm yolunda mümükünlüyünü yəqin edərək, məktəb açılan kimi təhsil almaq üçün bütün əzmini ortaya qoydu. Təhsil almağında elə səy və bacarıq göstərdi ki, qısa zaman ərzində yüksək biliyə malik şagird kimi o vaxtlar hamının gözündə ucaldı. Camaat onun savadından heyrətlə söhbət açar, tərif edərdi. İlkin təhsilini başa vurduqdan sonra isə elmlənmək yolunu davam etdirmək üçün Naxçıvana getmək qərarına gəldi. O vaxtalar nə minik var idi, nə də başqa nəqliyyat. Körpə Talıb müəllim məqsədinə çatmaq üçün onlarla kilometr yolu piyada qət etməli olur. Getdiyi bütün yolların kənarı erməni kəndləri olduğundan, yaşayış məntəqələrinin yanından ötüb dağlıq- daşlıq yollarla getmək məcburiyyətində qalırdı ki, dığalar tutub döyməsinlər, it -qurd tutmasın. Cavan, türk balası, görkəmi də zahirdən nəhəng görünməyən bir adamı haylar görən kimi, “es turka” – “bu türkdür!” deyib, olmazın əziyyətini verərək döyürdülər. Naxçıvana getmək üçün sənədlərini qaydaya sala bilmədi, çünki ermənilər o sənədi vermədilər. Bu minvalda onun istəyinə uyğun nəticə hasil olmadı. 1929 cu ildə İrəvanda azərbaycanlılar üçün ticarət məktəbi açılmışdı. Hər bir halda həmin məktəbi oxumaq təhsilin bir pillə irəli olması demək idi. Talıb Musayev İrəvana göndərilərək həmin məktəbi bitirir. Göyçəyə qayıdıb Canəhməd kəndinə satıcı təyin olunur. Hara təyinat alırdısa, böyük etimad, nüfuz qazanırdı. Odur ki, bir az sonra onu Bala Məzrə kəndinə beş kəndin kəndkopu vəzifəsinə təyin edirlər. Həmin vaxtlar 1931-32 ci illərdə kolxozlaşma prosesinə start verilmişdi. O vaxtlar varlı -karlı adamların nəyi var idisə “qoluçomaq” adı ilə “kulaq” edib əlindən alırdılar. Ayağı yer tutan varı-dövləti talanmasın deyə nəsil- nəcabətini götürüb, ucqar regionlara qaçıb dağılmışdı. Basarkeçər ərazisində demək olar günü-gündən adamlar azalmaqdaydı. Talıb Musayevin bacarığını bilirdilər deyə onu çağırıb təklif edirlər ki, kolxoz quruculuğu çətinliklə gedir. Get Nərimanlıda tay-tuşlarını, ətrafını başına yığ, kolxozu qur, özün də idarə heyyətinə sədr ol, orada işlə. Talıb müəllim qısa zaman ərzində kolxozu 35 təsərrüfata çatdırıb vüsətləndirdi. Əkin- biçin işlərinə elə bil fərəc düşmüşdü, həmin ildə yaxşı məhsul olmuşdu, bu məhsulu da kolxozçular arasında böldüklərini bölüb, hələ üstəlik qalanını da dövlətə vermişdilər. Bu vəziyyət Talıb müəllimə daha böyük nüfuz gətirir, kolxozdan başı çıxmayan adamın ( hərçənd ki, heç kimin başı çıxmırdı həmin vaxt) birinci ildəcə belə göstəricilərlə ortaya çıxması, o dövrdəki bütün mərkəzi aparatın diqqətini çəkmişdi. 1932 ci ildə hörmətli Talıb Musayevin özü iştirak etmədən onu kolxoz qurucusu kimi, Mərkəzi Komitənin üzvü seçirlər. 1933 cü ilin axırında mərkəzdə söhbət gedir ki, Musayev kolxoz işini yaxşı bilir, lazımlı adamdır. Onu götürüb rayonda kolxozlar üzrə torpaq şöbəsinə məsul katib təyin edirlər. O zaman məsələ belə idi ki, hər yerdə Talıb Musayev kimi adam yoxuydu . Ayrı yerlərdə kolxozu qura bilmirdilər. Əhali yeni şərtlərə öyrənmədiyindən ərazidən qaçıb, dağılırdı. Həmin vaxtlar gərgin iş qrafiki işləyən Talıb Musayev günlərlə evinə gələ bilmir. Harada kolxoz quruculuğu getmirdisə, kolxoz dağılırdısa onu oraya göndərirdilər. Belə bir dövrdə kolxozun dağılması çox təhlükəli məsələ idi. O, bir neçə kənddə kolxozu təkbaşına qurur. 1934 cü ildə İrəvanda Zakraykomun qərarı ilə partiya kadrları hazırlayan birillik məktəbə daxil olur. Buranı bitirən kimi Musayevi rayon partiya komitəsinə təlimatçı vəzifəsinə, 1936 cı ildə isə rayon komsomol komitəsinə I katib seçilir. 1937 ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilir. Talıb müəllim Zod məktəbində oxuyarkən orta təhsil attestatı verilmirdi. 1938 ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur. 1943 cü ildə ali təhsil diplomu ilə institutu bitirir. 1939 cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942 ci ildə Qarabağlar, 1946 cı ildə isə Basarkeçər Rayon Partiya Komuitəsinin I katibi təyin olunur. 1948 ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm- Leninizm kursunu da oxumuşdur. 1950 ci ilin göstəriciləri vəziyyətin tam yaxşılaşmasından xəbər verirdi. Rayonda hər şey görkəmli təşkilatçı və inzibatçı Talıb Musayevin rəhbərliyi altında düzəlmişdi. Belə olan halda ermənilər müsəlman əhalinin köçürülməsi barədə Moskvaya məsələ qaldırır, məqsədlərinə də nail olurlar. 1951 ci ildə Göyçədən 600 ailənin köçürülməsi üçün 150 maşın göndərilir. Müsəlman əhalinin ata- baba yurdundan köçürülməsinin pozmaq, mane olmaq üçün Talıb Musayev yollar arayır, tədbirlər planı hazırlayırdı. Bu məsələ ilə bağlı onu Ermənistan höküməti həbs olunmaq, fiziki olaraq aradan götürülməsi təhdidi ilə işgəncə verməyə çalışsalar da, amma iradəsi möhkəm, məğrur kişi bu təpkilərin hamsına dözdü. Beləliklə partiya töhməti almaqla vəzifəsində duruş gətirə bildi. 1953 cü ildə onu İrəvana ali partiya məktəbinə göndərirlər. Sonra isə Vedi rayonuna kolxoz qurucusu kimi məsul işlərə göndərirlər. Buradakı fəaliyyəti ilə bir daha Talıb Musayev olmağını təsdiqləyən bu mötəbər insan, üzərindəki partiya cəzasını götürtməyə müvəffəq olur. Vedi rayon İcraiyyə Komitəsinə sədr təyin edilir. 1972 ci ilə qədər burada işlədikdən sonra Bakıya köçür. Bakıya köçməsinin səbəbi də bu idi ki, ermənilər onu fiziki olaraq məhv etmək istəyirdilər. Onun adı SSRİ-də ən çox hallanan təcrübəli dövlət adamları siyahısında idi. Bu da erməni millətçilərini bərk narahat edirdi. 1972 ci ildən sonra Masallı, 1978 cil ildən sonra isə Abşeron rayonlarında məsul vəzifələrdə işləmişdir. Talıb Musayev onlarla fəxri fərman diplom, orden, medallarla təltif olunmuş nüfuzlu – siyasi xadim,el ağsaqqalı idi. Onun həyat yoluna ekskursiya etməkdə məqsədim budur ki, gənc nəsilə örnək olan əlamətləri olduğu kimi aşılansın. Yetimliklə mərd, məğrur böyüyüb, mübariz şəkildə düşmən- özü də erməni kimi düşmən içərisində yaşayıb- işləmək, dinini, dilini, millətini, torpağını qoruyub saxlamq üçün görsünlər hansı dəyanətdə olmalısan! Unudulmaz Talıb Musayev belə bir dəyanətli kişi olub. O, 1951 ci ildə Göyçəni qoruyub saxlayıb. Göyçə camatının təhsil sisteminin formalaşması yolunda can qoyub. O, müsəlmanlara zülm edən ermənilərin, bilmədikləri yerdən daim burnunu sındırıb. O, SSRİ də ən çox Nərimanlı adını ucaldıb. Harada olubsa, işləyibsə el adına ucalıq gətirib, halal şan-şöhrət, ad-san qazanıb!

 

Göyçə mahalının akademiyası sayılan Nərimanlının elmi potensialının özülünü də hörmətli Talıb müəllim qoymuşdur. Qeyd etmək lazımdır ki, əvvəllər də Nərimanlıda- Hüseynquluağalıda məktəb, mədrəsə təşkil olunub (Bu işdə Kalvayı Qaranın zəhmətini də unutmaq olmaz!). Lakin kəndimiz üçün müasir təhsil sisteminin formalaşmasında, fundamental şəkildə tədris sisteminin yaradılmasında Talıb Musayevin zəhməti unudulmazdır. Harada yüksək səviyyəli mütəxəsislər var idisə, çəkib Nərimanlıya gətirirdi. O cümlədən Gədəbəyin Nəriman kəndindən Əbülfət Heydərəli oğlu İsmayılovu , Şəkərbəy kəndindən isə Müzəffər Heydərəli oğlu İsmayılovu hər ikisini məktəb direktoru vəzifəsindən çıxarıb Nərimanlıya dərs deməyə gətirir. Bu uzaqgörənlik hər adamda formalaşa bilmir. İndi də əlində ixtiyar sahibi olanlara, imkanı, vəzifəsi olanlara Talıb Musayev təəssübkeşliyi bir örnək olsa yaxşıdır. Nə qədər imkan varsa əl tutmaq, sahib çıxmaq, rəhmət izi qoymaq lazımdır.

Onu da bildirim ki, 1930-cu illərə kimi onun doğum sənədlərində komsomol, partiya biletində, pasportunda milliyəti “türk” sonrakı illərdə isə “Azərbaycanlı” kimi göstərilmişdi.

Basarkeçər rayonu Partiya Komitəsinin birinci katib- ERM.Ali Sovetinin sədrinin birinci müavini, Bir necə dəfə ERM.Ali Sovetinin parlamentinə üzvü seçilmiş. Azərbaycan Res.Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Bir epizod: Bildiyiniz kimi, 1919-cu ildə Ermənistandan min bir işgəncə ilə qovulan əhalinin əksər hissəsi Kür-Araz ovalığında yerləşdirildi və çoxları istinin qurbanı oldu. Dağ rayonunun əhalisi yenidən isti, ilan mələyən yerlərə köçürülməsinə qarşı çıxan Talıb Musayev ermənilərə qarşı öz sözünü mərdi mərdanə deməklə bir daha heç kimdən çəkinmədiyini sübut etdi.. Talıb Musayevin çıxışı Ermənistan rəhbərlərini bərk sarsıtdı. Böyük təzyiqlərə məruz qalsa da, qorxmadan öz Göyçə əhalisinə xeyirxahlığını, köməkliyini əsirgəmədi. Ermənilər çox tezliklə onu tutduğu postdan kənarlaşdırıb zərbə vuracaqdılar. Bunu bilsə də, o 1948-ci il yanvar ayının 22-də Bakıya gəlir. Güc-bəla ilə Mircəfər Bağırovun qəbuluna düşə bilir. Mircəfər Bağırov Talıb Musayevi sərt qarşılasa da, Talıb Musayev öz müdrikliyi ilə Mircəfər Bağırovu başa sala bildi. Talıb Musayevin xeyirxahlığı sayəsində ilkin olaraq Zod kəndindindən 60-70 ailə Göygöl rayonuna yerləşdirildi.

Hacı Abbas Əli oğlu Bağırov provizor-həkim

tibb üzrə fəlsəfə doktoru

Qələbə Tibb Mərkəzi MMC-nin direktoru

araz.az xəbər portalı.