Palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə, antioksidant, yarasağaldan təsirinə malikdir.

araz.az biildirir ki, palıd qabığının müalicəvi təsiri ənənəvi tibb tərəfindən təsdiq olunur.

Palıd qabığı dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla istifadə olunur. Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur.

İshal zamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı “yığır”.

Babasil, anal çatları zamanı palıd qabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir – qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.

Palıd qabığı dəmləməsi (qarqara şəklində) damaq problemləri zamanı da çox yaxşı kömək edir – damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan qaldırır.

Palıd qabığı dəmləmələri ağızda stomatit zamanı da çox yaxşı kömək edir.

Uşaqlarda xroniki tonzillit zamanı palıd qabığı dəmləməsi badamcıqları yığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki, palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda istifadə etmək olar.

Palıd qabığı ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.

Palıd qabığı ginekologiyada da istifadə olunur – uşaqlıq boynu eroziyaları, uşaqlıq yolu iltihabları zamanı.

Palıd qabığı saçlara da çox müsbət təsir edir – möhkəmləndirir, kəpəkdən azad edir. Saçlarınız tökülürsə, yuduqdan sonra saçlarınızı palıd qabığı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır. 1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.

araz.az xəbər portalı.