Bakıvaxtı.az saytının “Düzünü deyək” rubrikasının budəfəki müsahibi “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur.

Baş yazarla bu söhbəti, araz.az da, öz dəyərli oxucularına təqdim edir:

– Rauf bəy, son zamanlar mediada tanınmış şəxslərin “ölüm”ü ilə bağlı dezinformasiyalar tirajlanır. Əvvəl öldü xəbəri manşetləri bəzəyir, sonra isə təkzib xəbəri… Məlumdur ki, elektron media quruluşları sosial şəbəkələrə istinad edərək, xəbəri paylaşırlar və sonda “sancı”nı cəmiyyət çəkir. Niyə mətbuat sosial şəbəkələrin “yedəyində” gedir? Avropa mətbuatında isə bunun əksini görürük. Yəni sosial şəbəkə fenomenləri mətbuata istinadən xəbər paylaşırlar, bizdə isə əksi müşahidə olunur. Səbəbləri maraqlıdır…

 Sosial media həyatımızın ən mühüm amilinə çevrilib. İndi hamı hər şeyini – yasını, toyunu, yeməyini, düşüncə və iztirablarını, bəzən hətta intiharını orada paylaşır. İndi hamı məzmun yaradıcısı, məlumat daşyıcısı olub. Təbii ki, belə durumlarda xəbər məkanında xaos, kirlilik olacaq. Bu, dünyanın hər yerində belədir.

Sosial media dünyanın qlobal televiziyalarını belə üstələməkdə, onları əzib keçməkdə, yedəyində daşımaqdadır. Bunun qarşısını heç kim və heç bir qüvvə ala bilməyəcək. Alqoritmlər fərqlidir. Yeganə yol, o alqoritmə inteqrasiyadır. Normal media və normal insanlar sosial mediaya inteqrasiya olmalıdırlar. Məsələn, sosial medianın ən parlaq nümunəsi olan “Youtube” platformasını götürək. Oraya qlobal tv-lərin, regional və yerli mediaların inteqrasiya olunması ilə balans dəyişdi, səviyyə və münasibət də həmçinin. İndi “Youtube” platforması dünyanın çox ciddi imzalarının yayın yapdığı və hər kəsin istinad etdiyi qaynağa çevrilib. Hər kəs anlamalıdır ki, artıq böyük ekranlar dövrü keçdi. İndi paralel ekranlar- kiçik ekranlar, yəni telefonlar və onlara istinad edilən layihələr dövrüdür. Bu baxımdan, digər sosial media platformaları da – “Telegram”, “Facebook”, “Tvitter”, “İnstagram” normallaşma mərhələsindədir. Yeganə Tik-Tok qalır, onunla da bağlı proses 1-2 ilə eyni olacaq.

Bu, məsələnin ümumi tərəfi. Xəstə yatan bir neçə məşhur soydaşımızın vaxtından əvvəl “öldü’’ xəbərlərinin yayılması isə başqa, tamamilə fərqli və yerli məsələdir. Bunu edənlər öz həmkarlarımız – jurnalistlərdir. Özüm şahid olmuşam. Burada sosial medianın iştirakı var, amma heç bir günahı yoxdur. Jurnalistlər aldıqları dəqiq olmayan xəbəri sosial mediadakı öz hesablarında dərhal paylaşır, birinci olmaq şanslarını yoxlayır, düz çıxmayanda isə sadəcə, paylaşdıqlarını silirlər. Lakin yanlış məlumatı xəbər məkanından yığışdırmaq eyni rahatlıqla mümkün olmur.

– Açıq danışaq, qəzetlərin oxucu auditoriyası, bazarlanma imkanları daralıb, bu proses hər ötən gün daha da sürətlənir. Hətta təkliflər var ki, qəzetlər onlayn versiyaya keçsinlər, keçməlidirlər. Bu yanaşma ilə razılaşırsınızmı və çap mətbuatının taleyi necə olacaq?

– Çap mətbuatını yaşatmaq mümkündür. Azərbaycanda da. Amma bu, bahalı işdir… və o qədər də uzunömürlü olmayacaq. İndi televiziyalar böhran yaşayır, o ki qala çap mediası. Barışmalıyıq ki, qəzetlərin dövrü bizdən və yürüdüyümüz istiqamətdən arxada qalıb.

– Ola bilsin, bu sual sizin profilinizə uyğun deyil, cavablandırmaya da bilərsiniz. Bütün hallarda əhmədovlar ailəsində baş verən faciə cəmiyyəti sarsıtdı, silkələdi. Cəmiyyəti yola bənzətsək, şahidi olarıq ki, yol hamar olmayanda, o yolda çala-çuxurlar yarananda, zamanında həmin çuxurları doldurub, hamar vəziyyətə gətirməyəndə, o çalalara su dolur, sonra gölməçələr yaranır, o da böyüyür və sonrası da aydındır. Biz harada boşluqlar, çala-çuxurlar buraxdıq ki, onun yerini başqa “nəsnələr” tutdu və sonu da belə dəhşətlə nəticələndi?

– Əhmədovlar ailəsində baş verənlər böyük faciə və Azərbaycan tarixində qara şriftlərlə yazılacaq fəlakətdir. Hələ ki, tam məlumat, araşdırmaların nəticəsi ortada yoxdur. Qatilin də istintaqa nə danışdığını bilmirik. Biz ancaq sağ qalan yaxınlarının, qonşuların o qədər də keyfiyyətli olmayan məlumatları əsasında mülahizə yürüdürük. Lakin ortada dəhşətli fakt var – bir gənc öz ailə üzvü doğmalarını xüsusi amansızlıqla qətlə yetirib. Ata, ana, bacı, bacının körpəsi və yeniyetmə qardaşını. Bu qədər amansızlığı hətta yırtıcı heyvan da etməzdi. Aydın məsələdir ki, Əhməd Əhmədovun ağlı-dəngəsi yerində olmayıb. Ona “dəli”, “narkoman’’ deyirlər. Hər ikisi də ola bilər. Lakin ortada olan məlumatlardan belə anlaşılır ki, Əhmədin qurbanları arasında olan atası və anası oğullarının bu durumunu biliblər. Onu da cəmiyyətdən gizlədib, illərlə ört-basdır ediblər. Əhmədi və onun içindəki o canavarı qoruyaraq, bəsləyib öz əcəllərinə çeviriblər. Belə bir adamın əlində ‘’Kalaşnikov’’ olsaydı, zərərçəkən yalnız doğmaları olmayacaqdı.
Hər iki valideyn də cəmiyyətin üzdə olan adamlarından olublar. Atası keçmiş və vəzifəli məmur, anası məktəb direktoru. Ortaya çıxartdıqları “məhsul’’ isə amansız bir qatil… Burada azərbaycanlı ailələrə məxsus olan qorumaçılıq, izafi fədakarlıq özünü göstərir. Zamanında Əhmədin müalicəsi və cəmiyyətdən təcrid olunması baş verməli idi. Buna da valideynlər izn verməli, təşəbbüs göstərməli idilər. Ortada olan məlumatlara görə, bunu etmək əvəzinə, əksinə davranıblar. Dediyim kimi, məlumatlar tam deyil, lakin faktın özündən yaranan çoxlu suallar var. Necə olur ki, bir zamanlar “dəlilik kağızı’’ alan biri sonradan sürücülük vəsiqəsi əldə edir, taksi xidməti göstərir, ortalıqda rahat dolaşır və sair… İstənilən halda, bütün cəmiyyəti şoka salan və həm də düşünməyə, ailə münasibətlərinin köklərini təftiş etməyə vadar qoyan faciə ilə üz-üzəyik. Heç də hər zaman övladını bütün suçlardan və bütün günahlardan qorumamalısan. Valideynlik həm də bəzən övladının əməlinə görə cəza çəkməsinə dözmək, hətta bunu təmin etməkdir.

– Dünən Prezident İlham Əliyev and içdi, ölkə başçısı müsahibələrində yeni eranın başlandığını anons edib. Təxminlərinizə görə, “yeni era paketi”nə nələr daxil edilə bilər? Siyasi idarəçilik, iqtisadiyyat, ordu, sosial rifah, Qarabağ və başqa məsələlərlə bağlı nə kimi gözləntiləriniz var?

– Prezident İlham Əliyev Azərbaycanı artıq dəyişdirib. Vətən müharibəsi və Qarabağın qurtuluşu millətimizi, dövlətimizi və regiondakı dəngələri kökündən yenilədi. Onun Azərbaycan xalqı ilə ittifaqı 200 illik bəd döngünü qırdı, məğlubiyyət sindromunu dayandırdı. Onlarda alınır – xalq ona güvənir və arxasınca hər yerə gedir. İlham Əliyevin qurduğu həmrəylik modeli çevrə dövlətlərinin heç birində yoxdur. Öz liderinin arxasınca müharibəyə, ölüb-öldürməyə gedən xalq üçün indi yeni mərhələ başlayır. Torpaqlar azad olundu, məğlubiyyət sindromu qırıldı, ən böyük təhdid aradan qaldırıldı. İndi quruculuq, indi yenilənmə, indi güvən və and təzələnməsi gedir. İlham Əliyev indiyə qədər içdiyi andları, verdiyi vədləri tutdu. Xalq da onu daha bir dəfə özünə lider seçdi. İndi bu ittifaq – İlham Əliyev və xalq birliyi yeni hədəflərə – Azərbaycanın firavanlığı, xalqın yaxşı yaşaması, ölkəmizin qüdrətinin artması, dünyadakı bütün Azərbaycan türklərinin konsolidasiyası, inteqrasiyası, Yeni Turan – Türk Şengeni quruculuğunda dominantlıq… – doğru yol alır. “Yeni era paketi’’nə bu dəfə 20-ci ildəki hədəflərdən daha böyük hədəflər daxildir. Bunlara paralel olaraq da, mərkəzində Qarabağ amili dayanan dövlət siyasəti mərkəzində İNSAN amili dayanan sosial dövlətə keçid verməlidir və artıq proses başlayıb.

Ordu quruculuğu da çox önəmli hədəflərdəndir. Türkiyə və Azərbaycan orduları, səmalarımızın müdafiə sistemləri birləşmək istiqamətini götürüb. Türkiyə-Azərbaycan ittifaqı Güney Qafqazı və 3 dənizin hövzəsini təhdidlərdən qorumaq, bir sıra təhdidləri isə sıfırlamaq missiyası, vəzifəsi daşıyır. Türkiyənin Güney Qafqaza, Xəzər hövzəsinə, Azərbaycanın isə Qara dəniz və Ağ dəniz (Aralıq dənizi) hövzələrinə çıxışı, burada və orada hər cür əməliyyat (qarşılıqlı) imkanları olmalıdır. Azərbaycanın, xüsusən Ağ dənizdə kiçik də olsa, bir hərbi hissəsinin olması son dərəcə mühümdür. Bu da Türkiyə ilə ittifaqdan doğacaq strateji məsələdir. Güney Qafqaza hərbi varlıq şəklində girmək istəyən bəzi Avropa dövlətlərinə, məxsusi olaraq Fransaya ən yaxşı mesaj Azərbaycanın Ağ dənizdə (Aralıq dənizi) hərbi hissə qurması ola bilərdi.

– Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) fəaliyyətini dondurdu. AŞPA-da buna daha çox “canfəşanlıq” edən Fransa idi. Fransa bizdən nə istəyir? Bu təzyiq qardaş Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi fonunda rəsmi Parisin regionda reputasiyasının zəifləməsi üzündən baş verir, yoxsa son aylar Azərbaycan Rusiya arasındakı loyal, həlim münasibətlər irəli gəlir?

-AŞPA ilə münasibətlər Fransa və Almaniya rəhbərlərinin birgə əməliyyatı idi. Makron-Şolts ittifaqı İlham Əliyevə , Ərdoğana və Azərbaycan-Türkiyə ittifaqına qarşı açıq oyuna başlayıb. Erməni amili bəhanə və rıçaqdı. Əsas olan budur ki, hər iki Avropa dövləti öz qitələrində söz sahibi olmaq, Alman- Fransız ittifaqının dominantlığını təmin etmək, Rusiya və hətta Amerikanı arxa plana ataraq, bütün proseslərdə hakim rolunu oynamaq istəyirlər. Fransanın Güney Qafqaza girmək istəyi daha yüksəkdir. Makron düşünür ki, Ukrayna-Rusiya müharibəsi nəticəsində Rusiya bir sıra məntəqələrdən, o cümlədən də Güney Qafqazdan (Ermənistan) gedəcək. Həmin boşalan yeri Fransa doldurmaq istəyir. Burada da Ermənistana, onun indiki iqtidar komandasına istinad edir. Ondan yararlanmağa çalışır. Fransa artıq Avropa Birliyinin Mülki Müşahidə Missiyası vasitəsi ilə Ermənistana müdaxil ola bilib. Ötən hər gün bu missiya daha çox fransızlaşır. Orada Fransa generalı, istefada olan çoxsaylı hərbçiləri təmsil olunur. Bu missiyanı böyüdərək, Azərbaycana təzyiqlərin miqyasını yüksəldib, Qarabağdan qaçan erməni əhalisini Xankəndinə qaytarmağı və Müşahidə Missiyasını da oraya “sülhməramlı’’ kimi yerləşdirməyi hədəf götürüblər. Burada Almaniya, bir sıra Avropa dövlətləri də Makrona dəstək verir. ABŞ da işin içindədir. Bu məqamda, bir detalı da deyim.

– Buyurun…

– Fransa Azərbaycandan bütün dəmir yollarımızı 99 illiyə istəyir. Doğrudur, “yox’’ cavabını alıb. Lakin onun həvəsinin miqyasını diqqətinizə çatdırmaq üçün bu detalı vurğuladım. Təbii ki, biz bu və digər avantüralara imkan vermirik, verməyəcəyik. Elə buna görə də Makron qəzəblənib.

– Azərbaycan yeni erada beynəlxalq münasibətlər sistemində nə kimi yeniliklər, gedişlər etməlidir ki, analoji hallarla üzləşməyək. AŞPA-nın qərəzli olduğu məlumdur, amma düşünürəm ki, “körpüləri” də yandırmaqda fayda yoxdur…

– Zəfərimizi həzm edə bilmirlər. Fransa, Almaniya və s ölkələrin liderlərindən, siyasi xadimlərindən təşkil olunan “Xristian klubu’’nun ikinci erməni dövləti layihəsini darmadağın etmişik, bunu bağışlaya bilmirlər. Həm bizə, elə həm də bizə dəstək verən qardaş Türkiyəyə… Ona görə də üstümüzə daha qəzəblə gəlirlər. Təhlilimə görə, Azərbaycanı AŞPA qətnaməsindən başqa da qətnamələr gözləyir. Buna hazır olmalıyıq. Bir neçə dövlətin parlamenti Azərbaycanın guya erməni əhalisini “etnik təmizləmə’’yə məruz qoyması ilə bağlı qərar çıxarda bilər. Eyni ilə Türkiyəmizə qarşı sözdə “soyqırımı iddiası’’ əsasında bir 30-dan çox ölkənin parlamentinin qərarı kimi. Bütün bunların isə əslində heç bir qanun hökmü yoxdur və bizi yolumuzdan döndərə bilməz.

– Bir yandan Azərbaycanla Ermənistan arasında yekun sülhdən, çərçivə sazişindən bəhs olunur, digər yandan Zəngilan istiqmaətində şərti sərhədlərimiz atəşə tutulur, əsgərimiz yaralanır. Sizcə, indiki mərhələdə yekun sülh sazişi mümkündürmü, yekun sülh üçün zaman söyləmək olarmı?

 Paşinyan və Ermənistan hökuməti sülh müaviləsini uzatmaqla özünün lazımlılığını uzatmış olur. Deyəsən, Nikolun fikrincə, sülh müqaviləsinə imza atsa, əhəmiyyəti aşağı düşəcək. Buna görə də bəsit manevrlərlə, yalanlar və siyasi riyakarlıq taktikası ilə regionda qalıcı sülhün olmasını əngəlləyir. Üstəlik, Paşinyanın Qərbdən olan kuratorları, xüsusi ilə Fransa və onun prezidenti Makron Güney Qafqazda Rusiyanın hakimliyi altında hər hansı yekun prosesin olmasına imkan vermək niyyətində deyillər. Onlar istəyirlər ki, hərbi eskalasiyalar başlasın, sülh müqaviləsinin imzalanmasını mümkün edən şərtlər aradan qaldırılsın, yenidən beynəlxalq təşkilatlara, Avropa qurumlarına, dövlət və liderlərinə ortaya çıxmaq üçün imkan yaransın. ATƏT-in Minsk Qrupunun dövriyyədən çıxması ilə Fransanın Güney Qafqazdakı proseslərə müdaxilə imkanları bitib. Makron bu imkanı geri qazanmaq üçün hər şeyə hazır görünür. Sərhədlərimizdə baş verən olayların əsas səbəblərindən biri də bu maraqlardır. Bizə gəldikdə isə… Yaxşı ki, sülh müqaviləsi gecikir. Onun “gecikdiyi’’ 3 il ərzində görün, Azərbaycan nələrə nail oldu! Məsələ sülh müqaviləsi olmadan da həll ola bilirmiş! Əgər ötən il bu zamanlar sülh müqaviləsi imzalansaydı, bəlkə də 2023-cü ilin 19-20 sentyabrında antirerror əməliyyatı keçirdə bilməyəcəkdik, ya da ona gərək qalmayacaqdı. O zaman demək ki, Xankəndi və digər bölgələrdə ermənilər də qalacaqdı. Ermənilər ərazimizdə qalacqdısa, o zaman kənar güclərin müdaxiləsinə açıq rıçaqlar olacaqdı. Bu baxımdan, Azərbaycan olaraq, sülh müqaviləsinə o qədər də tələsməyək.

– Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

– Bu il parlament seçkiləri olacaq və mən də iştirak etmək qərarı vermişəm.

araz.az xəbər portalı.