Xəbər verdiyimiz kimi, Əli Əsədov yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq olunub.
araz.az Əli Əsədovun dosyesini təqdim edir:
Əli Hidayət oğlu Əsədov 30 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1964-1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb.
O, 1978-1980-ci illərdə hərbi xidmətdə olub.
1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb. 1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına (YAP) daxil olub və həmin partiyanın Siyasi Şurasının üzvüdür.
1995-2000-ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
1998-ci il aprelin 18-də Əli Əsədov Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib. Heydər Əliyevin 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.
Əli Əsədov Prezident İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2012-ci il noyabrın 30-da Əli Əsədov Prezident İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Adminstrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Əli Əsədov İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2019-cu il oktyabrın 8-də baş tutan Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələyə baxılaraq səsverməyə çıxarılıb. 105 nəfərin lehinə səsverməsindən sonra Əli Əsədov Azərbaycanın 10-cu Baş naziri seçilib. Bu gün isə Milli Məclis Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verib.
araz.az xəbər portalı.