Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi indiyə qədərki zəngin milli, eləcə də beynəlmiləl lüğətçilik təcrübəsinə əsaslanaraq Azərbaycan dilinin müasir dövrün həm elmi, həm də praktik tələblərinə uyğun işlək orfoqrafiya sözlüyünü hazırlayıb ictimaiyyətin istifadəsinə təqdim edir.
Məlumdur ki, XIX əsrin ortalarından (Mirzə Fətəli Axundzadədən) başlayan bir sıra əhəmiyyətli cəhdləri nəzərə almasaq, Azərbaycan dilinin orfoqrafiya qaydalarının (və sözlüyünün) tərtibi zərurəti keçən əsrin 20-ci illərində Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçid hərəkatının nəticəsində meydana çıxmışdır. Həmin illərdə Bakıda müntəzəm olaraq keçirilmiş İmla Konfranslarında ölkə ziyalılarının yaxından iştirakı (və dünya şöhrətli türkoloq, professor Bəkir Çobanzadənin rəhbərliyi) ilə geniş müzakirələr aparılmış, bu müzakirələrin yekununda Azərbaycan dilinin o dövr üçün kifayət qədər mükəmməl olan ilk orfoqrafiya sözlüyü – “İmla lüğəti” (tərtib edəni: Vəli Xuluflu) nəşr edilmişdir.
Etiraf etmək lazımdır ki, Azərbaycan dilinin bu orfoqrafiya sözlüyü ilk təcrübə olub, sonralar məlum siyasi-ideoloji məqsədlərlə (ən azı, ona görə ki, latın əlifbası ilə tərtib olunmuş, onu yaradanlar 30-cu illərdə repressiya qurbanı olmuşdular) nə qədər tənqidə məruz qalsa da, sonrakı orfoqrafik sözlüklərin birbaşa elmi-metodiki əsasında dayanır.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu – altıncı nəşrinin (Bakı, 2013) “Ön söz”ündə deyilir:
“Azərbaycan dilinin həcmcə çox kiçik olan ilk orfoqrafiya lüğəti 1929-cu ildə latın qrafikalı əlifba əsasında nəşr olunmuşdur. Lüğət tədricən təkmilləşdirilərək 1940, 1960, 1975-ci illərdə çap olunmuşdur… Əgər 2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz var idisə, genişləndirilmiş və yenidən işlənmiş bu nəşrdə onların sayı 110 mini keçmişdir. Əlavə edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlərdir”.
Azərbaycan dili orfoqrafiya lüğətçiliyinin üç dəfə əlifba dəyişikliyi ilə müşayiət olunmuş mürəkkəb tarixi barədəki bu həddindən artıq yığcam (və o dərəcədə də absurd) məlumat bir sıra təbii suallar doğurur:
Birincisi, “həcmcə çox kiçik” hesab olunan ilk lüğət təxminən 20 min sözü əhatə etmişdir ki, 20-ci illər üçün bu, böyük uğur sayıla bilər… İkincisi, 2004-cü ildə 80 minə yaxın sözdən ibarət olan bir lüğəti on il ərzində “yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlər” hesabına nə qədər “zənginləşdirmək” olur ki, həcmi 110 mini keçsin?.. Və nəhayət, üçüncüsü, lüğətin müstəqillik illərindəki nəşrləri hazırlanarkən əvvəlki illərdəki qədər geniş, peşəkar müzakirələr aparılmışdırmı?..
Əlbəttə, bu suallara verilən obyektiv cavablardan belə bir yekun nəticə çıxacaq ki, orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin tərtibi işinə xüsusən son dövrlərdə xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz yanaşılmışdır.
Tərcümə Mərkəzinin “Lüğət”in son nəşri üzərində apardığı təhlillər külli miqdarda faktlarla təmsil olunan prinsipial qüsurlar aşkarlamışdır ki, onlardan birincisi müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars və s. mənşəli çoxsaylı əcnəbi sözlərin tədricən nəinki lüğətlərdən çıxarılması, hətta nəşrdən-nəşrə daha da artırılmasıdır.
Məlum olduğu kimi, geniş müzakirələrdən sonra arxaik ərəb və ya fars mənşəli sözlər vaxtilə “İmla lüğəti”nə ona görə daxil edilmişdi ki, köhnə kitabları, xüsusilə klassiklərin – Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzimin, Sabirin… əsərlərini əski əlifbadan yeni əlifbaya çevirəndə orfoqrafik hərc-mərclik yaranmasın.
Əlbəttə, klassik ədəbiyyatın keçən əsrin xüsusilə 20-ci, 30-cu illərində latın, eləcə də 40-cı, 50-ci illərində kiril əlifbasına keçirilməsi zamanı bu cür sözlərin orfoqrafiya sözlüklərinə salınması müəyyən əhəmiyyət daşısa da, sonrakı onilliklərdə həmin arxaizmlərin saxlanması, heç şübhəsiz, hər cəhətdən əhəmiyyətsiz və əsassız sayılmalıdır. Məsələn, ab, aba, abco, abdar, abgah, abgül, abgüşt, abxor, çak, çakər, canfəza, cələsə, cəridə, cidal, dadrəs, danişgah, dəh kimi minlərlə söz, hətta abi-bəqa, abi-çeşm, abi-heyvan, abi-həyat, abi-niysan, abi-zindəgani, dərdi-sər, əhli-eşq, əhli-fəsad, əhli-naz, əhli-zülm kimi izafət birləşmələri orfoqrafiya lüğətinə hansı məntiqlə daxil edilə bilər?
Məlum olduğu kimi, Azərbaycan klassik ədəbiyyatının dilində işlənən, artıq çoxdan arxaikləşmiş və bugünkü azərbaycanlı üçün anlaşılmaz olan ərəb, yaxud fars mənşəli sözlərin bu və ya digər dərəcədə mükəmməl lüğətləri mövcuddur. Həmin lüğətlərdə sözlərin həm ərəb əlifbası ilə yazılışları, həm də müasir Azərbaycan dilində izahları – müstəqim və məcazi mənaları verilir. Doğrudur, bu cür lüğətlərin vaxtaşırı olaraq təkmilləşdirilməsinə ehtiyac var, hər şeydən əvvəl ona görə ki, son zamanlar Azərbaycan klassik ədəbiyyatının xeyli miqdarda əsərləri ortaya çıxarılaraq nəşr olunmuşdur ki, onların leksikonunda ərəb, fars mənşəli alınmalar mühüm yer tutur.
Əsas məsələ ondan ibarətdir ki, nəsillər dəyişdikcə köhnə ərəb və ya fars alınmaları daha da arxaikləşib tamamilə anlaşılmaz olmuş, işləkliyini itirmiş və yazı praktikasından çıxmışdır, ona görə də bu cür sözlərin orfoqrafiya sözlüyünə daxil edilməsi nə elmi-nəzəri, nə də praktik baxımdan heç bir əhəmiyyət daşımadığı halda, onu ağırlaşdırır, istifadə üçün əlavə çətinliklər törədir.
İkinci qüsur mövcud orfoqrafiya lüğətində ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer verilməsidir. Məsələn, abaksial, abandon, abatment, abilitasiya, abiogenez, abiotik, abisin, dagerrotip, dedveyt, demensiya, dzeren kimi söz-terminlərin (qeyd edək ki, bu cür söz-terminlərin sayını, prinsip etibarilə, lüğətdə olduğundan bir neçə dəfə də artırmaq mümkündür) orfoqrafiya lüğətinə daxil edilməsi yanlışdır.
Onu da nəzərə almaq lazımdır ki, burada söhbət yalnız beynəlmiləl terminologiyadan deyil, milli söz-terminlərdən də gedir. Belə ki, məsələn, cərgəarasıseyrəklik, çarxqollu-sürgüqollu, çəyirdəyəbənzərlik və ya çəyirdəyəoxşarlıq, çoxmemarlılıq, dalğasakitləşdirən, dimdikşəkillilik, dördqabarıqlı, əyrixətlilik kimi terminoloji vahidlər (qeyd etməliyik ki, bunların çoxu qondarmadır) orfoqrafiya lüğətində heç bir funksiya daşımır.
Bir qayda olaraq, orfoqrafiya lüğətinə o terminlər daxil edilir ki, onlar ümumişlək səciyyəlidir. Əgər bütün terminlər buraya daxil edilsə, elə bir həcm alınar ki, təsəvvür etmək belə çətindir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibçiləri “Lüğətin quruluşu” başlıqlı izahatda “dilimizin lüğət tərkibinin ayrılmaz hissəsini təşkil edən xüsusi terminlər”ə “minimum həcmdə” yer ayırdıqlarını qeyd etsələr də, bu “minimum həcm”in nədən ibarət olduğu, hansı prinsiplərə dayandığı göstərilməmiş, “həcm”in özü isə “minimum” həddini xeyli aşmışdır. Və bu məqam bir də ona görə etiraz doğurur ki, müasir elmlərin əsas sahələri üzrə kifayət qədər zəngin (və mükəmməl) terminoloji lüğətlər həm var, həm də vaxtaşırı hazırlanır.
Müasir dövrdə terminologiyanın beynəlmiləlləşməsi elə bir səviyyədədir ki, bu və ya digər terminin (məsələn: atom, diskret, kreativ, modern və s.) hər hansı bir dilə mənsubluğu şərtidir və ümumiyyətlə, terminlər həm real, həm də potensial olaraq bütün dillərə aiddir.
Odur ki orfoqrafiya lüğətinə yalnız ümumişlək, anlaşıqlı və populyar terminlər daxil edilməlidir.
Əslində, milli orfoqrafiya lüğətçiliyində bu da bir mədəniyyətdir ki, beynəlmiləl terminologiyanın anadilli elmi-intellektual təfəkkürə hansı miqyasda daxil olduğu təxminən təsəvvür edilsin, əks halda, bir-birinin tam əksi olan iki halla qarşılaşacağıq:
a) heç bir beynəlmiləl termin (hətta ümumişlək olanlar belə) sözlüyə daxil edilməyəcək;
b) azərbaycandilli elmi ədəbiyyatda rast gəlinən (və gəlinməyən) bütün beynəlmiləl terminlər (müxtəlif yazılış formalarında) sözlükdə əks olunacaq.
Və bu halların hər ikisi yanlışdır. Doğru olan isə odur ki, orfoqrafiya sözlüyü kütləvi istifadənin tələbinə uyğun sözləri ehtiva etsin.
Ədəbi normativlikdən və ya kütləvi işləklikdən məhrum dialektizmlər, yaxud loru sözlər “Lüğət”də xeyli yer tutur ki, bu, onun üçüncü qüsurudur.
Əlbəttə, hər bir ədəbi dil ilkin təşəkkül dövr və ya mərhələlərindən başlayaraq, bütün tarixi boyu xalq dilinin, o cümlədən dialektlərin əhəmiyyətli təsirini qəbul edərək zənginləşir. Lakin məsələn, dilimizdə sürüşdürmək sözünün fonetik dialekt-şivə qarşılığı olan sürçütmək sözünü orfoqrafiya sözlüyünə daxil etmək o deməkdir ki, eyni “müvəffəqiyyət”lə bütün dialektizmlərə həm leksik, həm qrammatik, həm də fonetik səviyyədə qapı açmaq olar. Tərtibçilər nəzərə almamışlar ki, orfoqrafiya lüğətinin missiyası düzgün yazı normalarını təsbit etməkdirsə, düzgün forma ya “sürüşdürmək”, ya da “sürçütmək” olacaqdır.
“Lüğətin quruluşu”nda göstərilir ki, buraya “məhəlli sözlərdən (dialektizmlərdən) şifahi xalq yaradıcılığında ən çox yayılmış, buradan da ümumxalq dilinə keçmiş, habelə termin kimi qəbul edilmiş və ədəbi dildə qarşılığı olmayan sözlər: balıq, bitki, heyvan və s. adları” da daxil edilmişdir. Və belə bir mənzərə alınır: dialektizm əvvəl şifahi xalq yaradıcılığına, daha doğrusu, onun dilinə, sonra isə ümumxalq dilinə keçir… “Ümumxalq dili”, əslində, həm dialektləri, həm də ədəbi dili özündə ehtiva edən anlayışdır. Ona görə də burada nə deyilmək istədiyini başa düşmək olmur. Və ümumiyyətlə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlində verilmiş istər “Lüğətin quruluşu”, istərsə də “Orfoqrafiya qaydaları” bölmələrində həm təsnifat prinsipləri tez-tez pozulur, həm də dilçilik terminlərindən düzgün istifadə olunmur.
Və acıxmaq, adə, ağarantı, ağyağız, ağzıbir, ağzıyelli, alabaydaq, alahı, alanqu, anarı tipli dialekt, açarınıitirən, adıbatmış, ağızdanyava, ağızsürütməsi, ağzıcırıq, ağzıheyvərə, ağzıyavalıq, cırıxma, çezdirmə, çezə-çezə, çərən-çürən, çırtı-pırtı, çoşqa-çoşqa, donuzbala kimi loru sözlərin orfoqrafiya lüğətində verilməsi, ən azından, yazı mədəniyyətinə ziddir. Çünki bu cür söz və ifadələrin Azərbaycan dilində – bədii təfəkkürü son dərəcə zəngin, linqvo üslubi stilizasiya imkanları buna uyğun olaraq intəhasız olan bir xalqın dilində hansı həcmdə olduğunu təsəvvür eləmək belə çətindir ki, bunların çoxu məhdud dairədə adi danışıq dili üçün səciyyəvi, ədəbi dil “kodeks”i olan orfoqrafiya sözlüyü üçünsə anomaliyadır.
“Lüğət”in dördüncü qüsuru heç bir ehtiyac olmadan söz yaradıcılığı hesabına yüklənməsi və ya süni olaraq həcmcə genişləndirilməsidir.
Qeyd edək ki, bu qüsur, ilk növbədə, flektiv dillərin (hind-Avropa dillərinin) lüğətçilik ənənəsinə aludəlikdən irəli gəlir ki, həmin ənənəni türk mənşəli Azərbaycan dilinə, ümumən iltisaqi dillərə tətbiq etmək kökündən yanlışdır. Nə ehtiyac var ki, “silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq… silahsızlandırılma, silahsızlandırılmaq, silahsızlandırma, silahsızlandırmaq, silahsızlaşdırılma, silahsızlaşdırılmaq, silahsızlaşdırılmış, silahsızlaşdırma, silahsızlaşdırmaq, silahsızlıq” tipində sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin?.. Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbitindən gedirsə, daha doğru, daha elmi yanaşma odur ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş “Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin.
Belə olan halda, əlbəttə, istifadəçi biləcəkdir ki, məsələn, işıqlanmaq, sözündən yaranan işıqlandırılmış, yaxud işıqlandırılmaq düzəltmə sözləri ahəng qanununun tələbindən irəli gələrək məhz bu cür yazılmalıdır. Və bu həm də yeni söz yaradıcılığı imkanlarını təmin etmək, sözlüyü süni olaraq məhdudlaşdırmamaq demək olardı.
“Lüğət”də Azərbaycan dilinin mövcud söz yaradıcılığı imkanlarından sui-istifadə edilərək “yaradılmış” xeyli qurama sözlərə rast gəlinir ki, bu, beşinci qüsurdur.
Buraya abır-həyagözləmə, abırsızolma, abidəucaltma, abzasdanbaşlama, acgödənlikedən, acıdilliliketmə, acıq-qıcıqgöstərmə, açıqçagöndərmə və s. tipli qondarma “mürəkkəb sözlər” aiddir ki, onların sayı lüğətdə olduqca çoxdur. Və bu cür “söz”lərin lüğətə ayaq açması “söz” anlayışı barədəki təsəvvürün yanlışlığından, yaxud elmi olmamasından irəli gəlir… Maraqlıdır ki, tərtibçilər Azərbaycan dilində, məsələn, ətriyyatçılıqetmə, yaxud ətriyyatçıolma sözlərinin mövcudluğunu qəbul edirlər, ancaq deyək ki, müəllimliketmə, yaxud müəllimolma; həkimliketmə, yaxud həkimolma “söz”lərini qəbul edib lüğətə daxil eləmirlər… Bu isə o deməkdir ki, ən adi elmi prinsiplər belə gözlənilməmiş, tərtibçilər ya hansı mətndəsə təsadüf etdikləri “söz”ləri almış, ya da sadəcə özlərindən uydurmuşlar.
Hər iki hal Azərbaycan dilinin iltisaqi təbiətindən irəli gəlir; belə ki, Azərbaycan dilində, ümumən türk dillərində bir stabil, bir də situativ sözlər var: məsələn, “dağ” və “dırmanmaq” sözləri stabil, “dağadırmaşan” isə situativdir, eynilə “ağacadırmaşan”, “damadırmaşan”, “divaradırmaşan”… kimi. Sonuncuların orfoqrafiya sözlüyünə salınması ona görə doğru deyil ki, bunlar normal söz yox, söz-törəmələrdir.
“Lüğət”in altıncı qüsuru “söz” anlayışı hüdudlarına sığmayan yamsılamalara və ya fonetik təqlid cəhd-vahidlərinə, heç bir əsas olmadan, geniş yer ayrılmasıdır; məsələn: car-cur, cığ-cığ, cığ-vığ, cıqq, cirinq, cükk, çığ-bağ, çığ-bığ, çıqq, çıq-çıq, çıpaçıp, çıp-çıp, çırt, danq, dıq, dit, dit-dit, dız, dızz, dom-dom, dü-dü və s.
Qüsur bununla da bitmir, tərtibçilər bu cür “söz”lərdən daha bir sıra qurama “söz”lər yaradıb “Lüğət”ə daxil edirlər; məsələn: cığ-vığetmə, cığ-vığsalma, cik-ciketmə, cikkəçəkmə, civcik, cəh-cəhvurma, cığ-vığçı, dırıltısız, dit-ditetmə, düd-düdetmə və s.
Və nəhayət, yeddinci…
Əlbəttə, orfoqrafiya sözlüyünə hansı sözlərin daxil edilib-edilməməsi nə qədər mühüm məsələ olsa da, sözlüyün əsas missiyası mümkün qədər mükəmməl orfoqrafiya qaydalarına (prinsiplərinə) əsaslanmaqla sözün düzgün yazılışını təsbit etməkdən ibarətdir ki, ümumiyyətlə, bu sahədə xeyli böyük təcrübə qazanıldığını inkar eləmək olmaz. Ancaq müşahidələr göstərir ki, bir sıra sözlərin düzgün yazılışında: a) tələffüz variantlılığından; b) alınmalarda mənbə dildəki yazı normasına münasibətdən; c) mürəkkəb sözlərin bitişik, yaxud defislə yazılmasından və s. irəli gələn problemlər vardır.
Məsələn: addama – adlama, basdalama – bastalanma, başaçıq – başıaçıq, birə-üç – birəyeddi, cəlal – calal, çalpaşıq – çəlpəşik, çaşma – şaşma, didmə – didələmə, dəlmə-deşik – dərmə-deşik, ədva – ədviyyə – ədvə, gülümsəmə – gülümsümə, qarğama – qarğıma, qəribsəmə – qəribsimə, qırov – qrov, qorxutma – qorxuzma, qovlama – qovalama, sərfəli – sərfli, sayaqlama – sayıqlama, sıyırıntı – sıyırımtı, şəfqət – şəfəqqət, üfrülmə – üfürülmə, ürpmə – ürpərmə, yorğun – yornuq, yumurlama – yumrulama və s.
Əslində, bu cür variantlılıq kifayət qədər asan şəkildə aradan qaldırıla bilər, əsas çətinlik isə, məsələn, antenna, metafora, palata, reklama, sistema, tematika kimi alınma sözlərin son, hokkey, hokku, hospital, hotel kimi alınma sözlərin ilk hərflərinin yazılışında ümumi prinsipin gözlənilməsindədir.
Beləliklə, orfoqrafiya lüğətinin son – 2013-cü il nəşri (o nəşrin ki, əsas missiyası məhz bu cür qüsurları mümkün dərəcədə aradan qaldırmaq idi) bugünkü tələblərə cavab vermir.
Azərbaycan Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bu cür qüsurlarını aradan qaldırmaqla yanaşı, ona yüzlərlə yeni söz də əlavə etmişdir ki, həmin sözlərin mütləq əksəriyyətinin müasir Azərbaycan dilində ədəbi populyarlığı heç bir şübhə doğurmur: adət-ənənə, aktuallıq, aqressiv, aqressiya, anestezioloq, antiterror, aydın, böv, buzlaşma, canlılar, cümləbəcümlə, deltaplan, deşifrə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, əntiqçi, əyarlama, fokusçu, gedişat, gödəkçə, gündöyən, güvən, həmmüəllif, hərəkətlənmək, hissiyyatlı, hövllənmək, hürgüc, hürkmək, xoreoqraf, ilginc, infantil, köynəkçə, qamçı, qaraçuxa, qaragüruh, qavram, qayım, qəltan, moratori, multikultural, multikulturalizm, nəmər, ora, orada, ödəyici, önəm, publik, publika, sağın, salat, seysmoaktiv, seysmoloq, sərdabə, fotosessiya, suvama, suvamaq, südçörəyi, sürreal, şüuraltı, uca, yayımlama, yayınlanma və s.
Göründüyü kimi, burada ümumişlək terminlər, həm xalq dilindən, həm də son illər xüsusi ictimai maraq kəsb edən digər türk dillərindən alınmalar (fikrimizcə, dilimizdə bu sözlərin miqdarı get-gedə daha da artacaqdır) və s. vardır. “Sözlük”ə tərtibçilər ədəbi dildə işlənməyən bir sıra yeni leksik vahidləri də daxil etmişlər ki, onlar da kütləvi istifadənin təmin edilməsi məqsədi ilə izahlarla verilmişdir.
Tərcümə Mərkəzinin direktoru, görkəmli yazıçı Afaq Məsudun təşəbbüsü, rəhbərliyi və iştirakı ilə hazırlanmış “İşlək sözlük”, heç şübhəsiz, həm öz-özlüyündə böyük yaradıcılıq işidir, həm də gələcək orfoqrafiya sözlüklərinin hazırlanması üçün örnək, uğurlu yol göstəricisi, metodiki (və metodoloji) əsasdır.
Nizami Cəfərov
araz.az xəbər portalı.