Buludxan-Xelilov.jpgAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bir sıra həlli əhəmiyyətli məsələlərin həyata keçirilməsi baxımından mühüm rol oynayır. Belə ki, müasir Azərbaycan dili zəngin lüğət tərkibinə və mükəmməl qrammatik quruluşa malik olsa da, bu imkanlardan yetərincə istifadə olunmur. Azərbaycan dilinin imkanlarından düzgün istifadə edilmir, eyni zamanda, dilin tətbiq olunduğu sahələrdə dil qaydaları pozulur. Ədəbi dilimizin qayda-qanunlarının kobud şəkildə pozulması halları geniş yayılıb. Bu, televiziya, radio kanallarında, internet resurslarında, dövri mətbuatda, reklamlarda və digər sahələrdə adi bir hala çevrilib. Ona görə də dilimizin tətbiq olunduğu sahələrə daimi nəzarəti gücləndirmək olduqca vacibdir. Dil qaydalarının pozulduğu sahələrdə ciddi və təsiredici tədbirləri həyata keçirmək gündən-günə öz əhəmiyyətini artırır.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov deyib.

Alim bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar dilimizin hüquqi statusunu qorumaqla yanaşı, onun işlənməsi ilə bağlı şəraiti daha da əlverişli edir. Dilimizin hüquqi statusunun qorunması ilə bağlı 2001-ci ildən indiyə qədər imzalanmış fərman və sərəncamlar həm də dilçilik elminin inkişafı üçün geniş imkanlar yaradır. Dilçilik elminin müasir nailiyyətləri əsasında fundamental tədqiqatların aparılmasına, həm də bunların tətbiqi imkanlarına diqqətin artırılmasına bu gün ehtiyac daha böyükdür. Belə ki, dünya dilçilik elminin nailiyyətləri ilə ayaqlaşmadan irəli getmək mümkün deyil. Zamanla, dövrlə ayaqlaşmaq üçün müasir dilçilik elminin nailiyyətlərinə əsaslanmaq mütləq və qaçılmazdır. Bir sözlə, dilin tətbiqi işinin yaxşılaşdırılması və dilçilik elminin inkişafı ilə bağlı görüləcək işlərə diqqəti və nəzarəti artırmalıyıq. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı Fərmanı doğma ana dilimizə diqqət və qayğının bariz nümunəsidir. Bu Fərman hər bir vətəndaşa anladır ki, dilimizin saflığının qorunması, onun tətbiqi və inkişafı həmişə dövlətimizin diqqət mərkəzindədir.

Professor deyib: “Dilimizin qayğısına qalmaq, onun təəssübünü çəkmək hər kəsdən həm də vətəndaşlıq mövqeyi tələb edir. Təəssüflər olsun ki, bu mövqe dilə olan münasibətdə arzu olunan səviyyədə deyil. Ona görə də ədəbi dilimizin qayda-qanunları pozulur, onun imkanlarından düzgün istifadə olunmur. Dildən düzgün istifadə etmək və onu qorumaq cəmiyyətin hər bir üzvünün sosial məsuliyyəti olsa da, bu məsuliyyətə riayət olunmur. Ona görə də KİV-lərdə, dövlət orqanlarında, cəmiyyətimizdə ana dilimizin istifadəsində nöqsanlar baş alıb gedir. Həm şifahi, həm də yazılı ədəbi dilimizin imkanlarından düzgün istifadə edilmir. Xüsusilə, orfoqrafiya qaydalarından başlamış qrammatik qayda-qanunlara qədər dilin normaları tez-tez pozulur. Televiziya və radio kanallarında çalışan aparıcıların nitqi qüsurludur. Onların bir çoxu Azərbaycan dilində düzgün, dəqiq danışmağı bacarmır, ədəbi dil, habelə orfoepiya normalarına riayət etmirlər. Eyni zamanda, nitq mədəniyyətinin tələblərinə uyğun danışmırlar. Hətta əcnəbi söz və ifadələri yersiz işlədir, küçə, bazar leksikonu ilə fikirlərini ifadə edirlər. Necə düşünürlərsə, eləcə də danışır və etiket qaydalarını qorumurlar. İş o yerə çatıb ki, mövcud vəziyyəti nizama salmaq üçün hüquqi tənzimləməyə ehtiyac yaranıb. Daimi nəzarətin həyata keçirilməsi vacib bir tələbat halına gəlib”.

B.Xəlilov vurğulayıb ki, bu mənada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması Azərbaycan dilinin qorunmasına, inkişafına diqqəti artırmaqdır. Monitorinq Mərkəzi Azərbaycan dilinin tətbiqinə nəzarəti artıracaq, KİV-lərdə, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək. Yeni yaradılacaq qurum “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayacaq, ədəbi dil normalarının qorunmasını təmin edəcək, Azərbaycan dilinin tətbiqinə nəzarəti artıracaq.

araz.az xəbər portalı.