Azərbaycanda vətəndaşların müraciət etdikləri əsas kredit növlərindən biri də lizinqdir. Lizinq müqavilələri daha çox avtomobil alarkən istifadə olunur. Lakin müxtəlif əmlakların alışı zamanı da lizinq müqavilələrinin tətbiqi mümkündür.
Lizinqin digər kredit növlərindən fərqi ödənişin daha uzun müddətdə nəzərdə tutulmasıdır. Ölkədə lizinq müqavilələrini kredit təşkilatları və banklar təqdim edir. Lakin daha əvvəl lizinq müqaviləsindən istifadə etmiş şəxslərin əksəriyyəti bu əməkdaşlıqdan narazılıq ifadə edir.
araz.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Turan Abdullazadə lizinq müqaviləsinin hüquqi tərəfləri ilə bağlı məlumat verib:
“Mülki Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Lizinq müqaviləsi də ikitərəfli əqddir. Belə ki, bu müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verir. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İlk baxışdan lizinq müqaviləsi çox cəlbedici görünsə də, real vəziyyət onu göstərir ki, vətəndaşlar bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirlər və yetirməyəndə də ağır maddi duruma düşürlər. Belə ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Üstəlik, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır”.
Hüquqşünas vətəndaşları bu müqavilə növündən çəkinməyə çağırıb:
“Bu müqavilənin vətəndaş prizmasından mənfilərinin və məsuliyyət riskinin digər müqavilələrlə müqayisədə daha çox olduğunu düşünürəm. Məsələn, siz 3 illik lizinqə avtomobil götürmüsünüz. Düşünürsünüz ki, avtomobilin aylıq bütün ödənişlərini ödədikdən sonra sonda sizə qalacaq. Müqavilə üzrə 1 il vaxtı-vaxtında ödəniş edirsiniz. Sonradan hər hansı səbəbdən ödənişləri 3 ay müddətində ödəmək iqtidarında olmursunuz. Bu zaman nə baş verir? Həmin etdiyiniz 1 illik ödənişlər batmış olur. Avtomobili lizinq şirkətinə təhvil verməli olursunuz. Hətta bəzən lizinq şirkətiləri qalıq pulu da vətəndaşdan tələb edirlər. Müşahidələr onu göstərir ki, lizinq müqaviləsindən əziyyət çəkən vətəndaşlar çoxdur. Bu müqavilə növü ciddi məsuliyyət və ödənişlərin vaxtı-vaxtında olunmasını tələb edir. Bir çox hallarda isə vətəndaşlar ödənişləri gecikdirirlər. Bu da onlar üçün ciddi problemlərə yol açır. Buna görə də vətəndaşlara tövsiyyəm ondan ibarət olardı ki, nə qədər cəlbedici görünür görünsün, əgər gəlirləri sabit deyilsə, son zərurət olmadığı halda maksimum bu müqavilə növündən çəkinsinlər”.
araz.az xəbər portalı.