Kitabəsi dövrümüzə qədər gəlib çatmadığından, onun nə zaman və hansı memar tərəfindən inşa edildiyi dəqiq bilinmir. Lakin tikiliş üslubu və memarlığı baxımından Gəncədəki Şah Abbas məscidinə çox bənzədiyindən, onun da eyni dövrdə eyni memar – Şeyx Bəhaəddin Amili tərəfindən inşa edildiyi ehtimal olunur.
Kənd sakini olan tarix müəllimi Niyaz Qocayev AYNA ilə söhbətində abidənin elə kənddə də Şah Abbas məscidi kimi tanındığını deyir. Lakin onun tikintisinə bir çox yerlərdə göstərildiyi kimi, I Şah Abbas tərəfindən deyil, II Şah Abbas tərəfindən göstəriş verildiyini güman edir.
“Məscidin kitabəsi bu günə gəlib çatmayıb. Ona görə tikilmə tarixi dəqiq məlum deyil. Amma tarixi mənbələrlə tutuşdursaq, ölkədə 999 məscid tikilməsi göstərişi II Şah Abbasın adı ilə bağlıdır. Bu da təxminən 1642-1666 illər aralığına düşür”, – deyə həmsöhbətimiz bildirib.
Məscid 1930-cu illərə kimi fəaliyyət göstərib. Sovet dövründə anbar kimi istifadə edilib. 1960-cı illərdən məscidin divarlarında çatlar əmələ gəlməyə başlayıb. 1984-1986-cı illərdə məsciddə bərpa məqsədilə təmir işləri aparılıb.
Qocayevin sözlərinə görə, hazırda bizim gördüyümüz qırmızı kərpicdən olan üzlüklər də elə həmin dövrdə vurulub. Tikilinin əsli isə qırmızı kərpic, yerli daşlar və sarı torpaqdan tikilib.
Tarixçinin qənaətincə, məscidin tamamilə uçmasına səbəb düzgün aparılmayan təmir işləri olub: “Çox güman ki, təmir olunanda düzgün olunmayıb. Daha çox xarici görünüşünə fikir verilib. Nəticədə künclərdən su hopan divarlar qopub. 2014-cü ildə isə gümbəz tamamilə çökdü”.
Yanıqlı Şah Abbas məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan və daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Bu səbəbdən məscidin gələcək taleyi ilə bağlı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Fariz Hüseynlinin AYNA-ya dediyinə görə, abidənin durumundan xəbərdardırlar: “Məscidin bərpa olunaraq, yenidən istifadəsi məsələsinin gündəmdədir. Şah Abbas məscidi bərpa olunması üçün dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək, mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır”.
araz.az xəbər portalı.