Eflatun Amasov

Əflatun Amaşov: “KİV-lər ədəbi dil normalara riayət baxımından hər kəsə nümunə olmalıdır”

Məlum olduğu kimi, bir müddət bundan öncə prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzaladı. Fərmana əsasən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması və sözügedən Monitorinq Mərkəzi tərəfindən bir sıra addımlarla yanaşı, həm də KİV-də yer alan yazıların monitorinqinin aparılması nəzərdə tutulur.

Belə bir qurumun fəaliyyəti KİV-in bu məsələdəki məsuliyyətinin daha da artmasında, mediada ədəbi dil qaydalarının pozulması hallarının əhəmiyyətli dərəcədə azalmasında nə kimi rol oynayacaq? Fərmandan irəli gələn məsələlərin icrası ədəbi dil normalarına riayət baxımından KİV-də hansı mənzərəni fomalaşdıracaq?

Moderator.az-a açıqlama verən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov fərmanın ana dili ilə bağlı məsuliyyət mühitini dərinləşdirəcəyini, ədəbi dil normalarına daha ciddi riayəti təmin edəcəyini vurğuladı:

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu sahədə indiyədək görülmüş işlərin daha çox praktik müstəviyə keçməsinə duyulan ehtiyacı vurğulamaqdadır. Sənədin ruhu bunu deməyə əsas verir. Fərmanın məğzini Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması tapşırığı təşkil edir. Məsələ son dərəcə önəmlidir.

Əlbəttə media, mətbuat özlüyündə dil hadisəsidir. Bu sahədə ana dilimizdən daha çox istifadə edilir. Ancaq dil pozuntularına yalnız kütləvi informasiya vasitələrində rast gəlinmir. Ayrı-ayrı reklam lövhələrində, ictimai-iaşə obyektlərinin adlarında, ümumən ən müxtəlif sahələrdə biz ana dilimizin qaydalarına düzgün riayət edilmədiyinin şahidi oluruq. Dövlət başçısının məlum fərmanı özündə məsələyə kompleks yanaşmanı ehtiva edir.

Fərmanın daha bir xüsusiyyəti orada “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanması ilə bağlıdır. Hesab edirəm ki, bu plan Monitorinq Mərkəzinin işinin təşkili baxımından mühüm rol oynayacaq.

Mətbuat dil hadisəsi olduğu, mövcud məkanda ana dilimizdən daha çox istifadə edildiyi üçün problem də özünü bu sahədə daha qabarıq göstərməkdədir. Şübhəsiz ki, yeni yaradılacaq qurum mediada ana dilindən istifadədə məsuliyyəti dərinləşdirəcək. Həm hazırlanması nəzərdə tutulan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın, həm də indiyədək mövcud istiqamətdə qəbul edilmiş dövlət sənədlərinin icrasına nəzarət güclənəcəkdir. Bəzən jurnalistlər nəzarət sözündən çəkinirlər. Amma nəzərə alınmalıdır ki, dil milli atributumuz, dəyərimizdir. Ona qarşı hər hansı sayğısızlıq yolverilməzdir. İctimai rəydə birdəfəlik qəbul edilməlidir ki, biz insan və vətəndaş kimi, hər hansı cinayət əməlini törətməkdən çəkiniriksə, özümüzdə bununla bağlı immunitet formalaşdırırıqsa, eyni yanaşma dil məsələsində də aktual xarakter daşımalıdır. Bu mənada medianın üzərinə ikiqat yük düşəcək. KİV-lərimiz həm çalışmalıdırlar ki, cəmiyyətin müxtəlif sahələrində dil pozuntularını ictimailəşdirsinlər, həm də özləri nümunəvi olsunlar.

Azərbaycan Mətbuat Şurası artıq neçənci ildir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan media məkanında ədəbi dili qorunması” layihəsini reallaşdırmaqdadır.Layihə çərçivəsində ölkənin aparıcı KİV-lərinin monitorinqi də aparılmaqdadır. Dekabr ayında biz monitorinqin nəticələrini elan edəcəyik.

Ümumən indiyədək mediada Azərbaycan ədəbi dilinin qorunmasına yönələn bütün tədbirlərin müsbət nəticələr verdiyi düşüncəsindəyəm. Əvvəlki illərlə müqayisədə irəliləyişlərin şahidi oluruq. Ancaq bu yetərlidirmi? Nəticələr tələblərə nə dərəcəcə adekvatdır? Təbii ki, durum ürəkaçan deyil. Prezident fərmanında bununla bağlı ayrıca qeydlərə rast gəlinir.

Fərmanda həmçinin kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanması öhdəliyi də nəzərdə tutulur.Hesab edirəm ki, bu müddəa da məsələyə daha sistemli yanaşmanı təmin edəcəkdir. Göründüyü kimi, yalnız Monitorinq Mərkəzinin yaradılması deyil, bütövlükdə məlum fərmanın özü ana dilimizdən istifadə sahəsində məsuliyyət mühitinin dərinləşdirilməsinə hesablanıb. Bu isə şübhəsiz daha əhəmiyyətli nəticələr verəcək”.

Seymur ƏLİYEV

araz.az xəbər portalı.