“Qarabağ” ölkə futbolu adına tarix yazdı, “Braqa”nı səfərdə məğlub etməyi bacardı.
Oyundan öncə mütəxəssislərin qarşılaşmayla bağlı proqnozlarını, fikirlərini sizlə bölüşmüşdük. Yenidən məhz onlardan biriylə danışmağı uyğun bildik. Komandanın qələbəsini şərtləndirən səbəblər nədi, cavab görüşünün taleyi necə olacaq?
araz.az bildirir ki, “Football-plus.az”ın sualını Əfqan Talıbov cavablandırıb:
“Əvvəl də demişdim ki, ilk növbədə hücum xəttində düzgün pressinq etmək, rəqib hücumlarının sürətini azaltmaq və arxaya oynamağa məcbur etmək lazımdı. İkinci növbədə sıxlıq özünü aşkar şəkildə büruzə verdi. Juninyodan tutmuş Lunyova qədər hər biri müdafiədə ciddi nizam-intizam göstərirdi. “Braqa”, demək olar ki, müəyyən dərəcədə şoka düşmüşdü. “Braqa” “Qarabağ”ın pley-off təcrübəsinin olmadığını düşünməklə səhv etdi. “Qarabağ”ın mərkəzdəki və hücum xəttindəki oyunçuları bir-biri ilə anlaşmada, sürətdə heç də onlardan geri qalmadı. Vurulan qollar futbolçuların inamını artırdı. Qollar olmasaydı, iş çətinləşəcəkdi. Lunyov çıxışda müəyyən səhvlərə yol verdi. “Braqa” Çempionlar Liqasından sonra silkələnib. Boks təbirincə desək, “Qarabağ” da bir yumruq vurdu. Mərkəzdəki oyunçularımız – Yankoviç, Romao və Benzya Moutinyoya qocaldığını göstərdilər. Oyunun Braqada olan hissəsini həll etmişik. İndi isə işi tamamlamaq lazımdı. Bakıda da eyni oyun sistemini tətbiq edərək, rəqibin zəif yerindən vurmaq lazımdı. İnanıram ki, “Qarabağ” burdakı matçda 30 min azarkeşin gözləri önündə vurduğu qollarla tarixdə qalacaq. Bu böyük uğurdu. Hesab edirəm ki, “Qarabağ” “Braqa”nı keçmək şansını əldən verməyəcək”.
araz.az xəbər portalı.