Etibar ƏLİYEV, millət vəkili
Ümumilli lider Heydər Əliyev müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində xarici səfərlərə həmişə böyük önəm verib. Azərbaycanın beynəlxalq arenada tanıdılması, diplomatik, siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin qurulması, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması, ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi onun yorulmaz fəaliyyətinə bağlıdır.
Mən xatırlayıram, Ümummilli lider bəzi səfərlərdə özü ilə xəritə götürər, Azərbaycanın yerləşdiyi coğrafi ərazidə region, dünya üçün nə qədər mühüm əhəmiyyətə malik olduğunu, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunmasını izah edərdi. Deyirdi baxın, bura Azərbaycan, bura Ermənistan, bura Dağlıq Qarabağdır. Deyirdi, baxın, bura bizim ərazimizdir. Bizim ərazimizi Ermənistan silahlı qüvvələri zəbt edib. Unudulmaz Heydər Əliyevin ruhu şad olsun: Onun xəritəmizlə bağlı dediyi həqiqətlər gerçəkləşdi…
1993-2003-cü illərdə Azərbaycan dövləti pillə-pillə quruldu, dünyaya möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrlə bağlandı. Dövlətin güclü iqtisadiyyata əsaslanan parlaq gələcəyini müəyyən edən neft strategiyası qəbul edildi, ölkəmiz aparıcı beynəlxalq təşkilatların nüfuzlu üzvü və tərəfdaşı oldu. Mübaliğəsiz olaraq demək mümkündür ki, Heydər Əliyevin strategiyası Azərbaycanı qısa müddətdə dünyanın aparıcı ölkələrinin Cənubi Qafqazda, eləcədə postsovet məkanında əsas partnyoruna çevirdi.
Prezident İlham Əliyev möhkəm təməllər üzərində qurulmuş Azərbaycana liderlik etməyə başladığı 2003-cü ildən etibarən ölkənin qarşısında yeni hədəflər qoyuldu:
Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, neft-qaz sektoruna böyük investisyaların cəlb olunması, yeni iqtisadi, siyasi tərəfdaşların qazanılması;
Azərbaycanın modernləşdirilməsi, inkişafın başlıca şərti olan infrastrukturun, sənayenin yenidən qurulması, neftdənkənar sahələrin dirçəldilməsi;
Azərbaycanın müdafiə sektorunun gücləndirilməsi, Silahlı Qüvvələrin yenidən qurulması və ən qabaqcıl texnologiyalara əsaslanan müasir silah sistemləri ilə təmin edilməsi;
Azərbaycanın dünyanın dialoq və əməkdaşlıq mərkəzinə çevrilməsi, beynəlxalq idman yarışlarına, mühüm beynəlxalq konfranslara ev sahibliyi etməsi;
Azərbaycanın Şərq-Qərb nəliqyyat dəhlizində aparıcı oyunçuya çevrilməsi, beynəlxalq daşımalarda və logistikada əhəmiyyətli rol oynaması…
Bu nailiyyətləri saymaqla bitməz. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın strateji dəyərini artırdı və onu regional liderə, söz sahibinə çevirməyi bacardı.
Türkiyə ilə strateji müttəfiqlik, digər region ölkələri, eləcə də dünyanın aparıcı dövlətləri ilə sabit, proqnozlaşdırılan münasibətlər – beynəlxalq münasibətlər sistemində Azərbaycana mühüm imkanlar yaradır;
Azərbaycan postsovet məkanında ərazilərini hərbi yolla azad edib ərazi bütövlüyünü, suverenliyini təmin edən ilk ölkədir;
Azərbaycan beynəlxalq neft-qaz kəmərləri şəbəkəsinə, mühüm nəqliyyat dəhlizinə sahib ölkədir;
Azərbaycan regionda 70 milyard dollara qədər valyuta ehtiyatlarına malik olan, iqtisadi, maliyyə təhlükəsizliyini təmin etmiş ölkədir;
Azərbaycan sabit, təhlükəsiz, cəmiyyət-hakimiyyət münasibətlərini möhkəm əsaslarla tənzimləmiş ölkədir;
Azərbaycan sülhsevər ölkədir, Azərbayan regionda və dünyada ən etibarlı tərəfdaş olmağı bacaran ölkədir…
Prezident İlham Əliyev xalqın mütləq əksəriyyətinin iradəsi ilə Azərbaycana liderliyini uğurla davam etdirir və yeni mərhələdə ölkəmizin daha böyük hədəflərə çatacağına heç bir maneə yoxdur.
Prezident İlham Əliyevin Münxen səfəri çərçivəsində keçirdiyi görüşlər ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Dünya diplomatiyası, çağımızın dünya düzəni yeni söz istəyir. Yeni sözü qətiyyətli, Xalqının yüksək etimadını qazanmış, intellektual səviyyəsi ilə seçilən, ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş Lider deməlidir. O şəxs İlham Əliyevdir.
Qərbin bəzi dairələri ölkələrində olan problemləri gizlətmək üçün başqa ölkələrin işinə qarışır. Prezident İlham Əliyev andiçmə nitqində onlara ”gedin, öz işinizlə məşğul olun” deməklə farağat əmri verdi.
Düşünürəm ki, Münxendə Azərbaycan Prezidentinin dünyanın tanınmış simaları ilə keçirdiyi görüşlərdə söylədiyi fikirlər həmin şəxslərin yaddaşından uzun illər silinməyəcək.
araz.az xəbər portalı.