Respublika Cüzəm Xəstəxanasında həkim tapılmır. Xəstəxana orta təhsilli tibb işçisinin ümidinə qalıb. Xəstəxananın baş həkimi Vidadi Əliyev günlərlə işə çıxmır. Orada normal yoxlama aparılsa, xəstələrin acınacaqlı durumda olduqları üzə çıxacaq. Cüzəmlı xəstələr günlərlə yarıac, dərmana, çörəyə həsrət qalırlar. 

araz.az bildirir ki, bu barədə Hit.az-a cüzam xəstələrinin yaxınları bildirib. Onların sözlərinə görə, xəstəxananın baş həkimi Vidadi Əliyevin işə biganə yanaşması xəstələrin zəruri dərman preparatlarının almalarına əngəl yaradır:

“Xəstəxana nəzdində fəaliyyət göstərən aptek günlərlə bağlı olur. Buna görə də cüzamlılar onlara lazım olan dava-dərmanı 2 aydan bir alır. Aptekin müdiri Vidadi Əliyevə yaxın xanımdır. O, 2 aydan bir işə çıxır. Həmin xanımın bacısı da xəstəxanada çalışır. O da işdə ara-sıra görünür. Ümumiyyətlə, Cüzəm Xəstəxanasında ”ölü canlar”ın sayı çoxdur. İşçilərin bir çoxunun adı var, faktiki isə onları işdə görən olmayıb”.

Şikayətçilər deyir ki, xəstələrlə son dərəcə kəskin danışan baş həkim hər belə yazıdan sonra xəstəxanaya gedərək xəstələri mətbuata məlumat ötürməkdə ittiham edir. Amma işdə dönüş yaratmır. Bununla belə, Səhiyyə Nazirliyi xəstəxanada baş verənlərə reaksiya verməyə tələsmir. Cüzəmlı xəstələrə müvafiq tibbi yardım göstərmək üçün beynəlxalq təşkilatların ayırdığı pullar sənədlər üzərində Respublika Cüzəm Xəstəxanasına ayrıldığı qeyd olunur. Amma faktiki, vəsaitin hara xərcləndiyi bilinmir. Üstəlik, illər öncə respublikanın müxtəlif regionlarında yaşayan cüzəmlı xəstələrə göstərilən tibbi yardımlar da faktiki sıfır səviyyəsindədir.

Hazırda xəstəxanada təxminən 10-12 xəstə var. Ümumilikdə qeydiyyatda olan 40-a yaxın  xəstə var. Bu insanlar respublikanın müxtəlif rayonlarında yaşayırlar. Ambulator şəraitdə müalicə olunmalı bu şəxsləri də başlı-başına, taleyin ümidinə buraxıblar.

araz.az xəbər portalı.