resizer.jpg

“Əslində bu ideya ta əvvəllər fikrimdə var idi. Düşünürdüm ki, nə vaxtsa evim olsa, bayrağımızı orda əks etdirəcəyəm. Dam örtüyünü üçrəngli ay-ulduzlu edə bilməsəm də heç olmasa, divarını boyatdıraram. Vaxt gəldi ev tikmək qərarına gəldim. Fikrimi atamgilə dedim, onlar da çox bəyəndi”.

Bunu evinin dam örtüyünü Azərbaycan Bayrağının rəngləri fonunda yığdırmış, dörd bir tərəfinə ay və səkkizguşəli ulduz həkk etdirmiş Sərvər Kamranlı deyir. Azərbaycan Bayrağının 100 illiyini bayram etdiyimiz bir gündə həmsöhbətimiz olan Sərvər Kamranlı şairdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür.

Sərvər bəy hafta.az-ın əməkdaşına deyir ki, bayrağımızın rənglərinə uyğun dam örtükləri tapmaq bir az çətin olsa da, tapa bilib. Ondan da çətini aypara və 8 guşəli ulduzu hazırlatmaq olub:

“Birinci sifariş verdiyim usta aypara və 8 guşəli ulduzu – hər ikisi eyni ölçüdə hazırladığı üçün geri qaytardım. Əslində ulduz ayparadan kiçik olmalı idi. Çox çətinliklə başqa usta tapdım, özümün nəzarətimlə ustaya düzgün kəsdirə bildim”.

Sərvər bəyin sözlərinə görə bayrağa olan sevgisinin yaşı bəlkə də ondan böyükdür. Şairin obrazlı ifadə ilə şəkilləndirdiyi bu cümlənin pərdə arxasını danışır:

“Mən uşaq idim, hələ birinci sinifə getmirdim. Qardaşım əsgərlikdən məzuniyyətə gəlmişdi. Əsgər paltarının sol qolundakı balaca üçrəngli bayrağı hələ də xatırlayıram. O gözəlliyi o zaman da çox sevmişdim”.

Müsahibim “Bayrağımı sevən ölkələrə, insanlara hörmətim sonsuzdur. Mən küləyi də bayrağıma görə çox sevirəm”- deyir. Hətta sonuncu cümlənin onun vaxtilə yazdığı şeirdən bir misra olduğunu dilə gətirir:

Bu yaxınlarda evimin yanında bəzi hadissələr məni çox qürurlandırdı. Evin içində iş görürdüm. Səs eşitdim. Pəncərədən səs gələn tərəfə boylandım.

-Nə olmuşdu ki?
– Danışacağam. Deməli, 4-5 balaca uşaq boy cərgəsi ilə düzülüb, əsgəri salamla evə baxaraq adımlayırdılar. Məhlədəki uşaqların bəziləri o evə Azərbaycan adı qoyublar. Bəzilərini də görmüşəm ki, sayğı duruşunda evə baxıb Azərbaycanımızın gözəl himnini oxuyurlar.
-Maraqlıdır. Eyni zamanda evinizin tikintisi cümhuriyyətimizin 100 illiyinə təsadüf edir. Təsadüfdür yoxsa..?
– Doğrudur. Evimin tikintisinin Cümhuriyyətimizin 100 illiyinə təəsadüf etdiyi üçün bir başqa sevincliyəm.

…Şairdən evinin dam örtüyünün üçrəngli Bayrağımıza boyamasının neçəyə başa gəldiyini soruşuruq. Cavabdan yayınır. Bunun onun vətəndaşlıq borcu olduğunu dilə gətirir. Həmsöhbətim ilin sonuna kimi balaca uşaqların “Azərbaycan” adlandırdığı evə köçəcəyini vurğulayır.

Sərvər Kamranlı özbək əslli bir xanımla ailə həyatı qurduğunu, gələcəkdə evinin divarlarından Azərbaycan və Özbəkistan bayraqlarını qoşa dalğalandıracaqlarını söyləyir.

araz.az xəbər portalı.