Türk Ağsaqqalları İctimai Birliyində (TAİB) Azərbaycanın görkəmli antropoloqu, türk tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə TAİB-in İdarə Heyətinin üzvləri, mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
araz.az xəbər verir ki, tədbirdə çıxış edənlər görkəmli tarixçi-alimin həyat və fəaliyyətinin bəzi məqamları ilə bağlı iştirakçılara məlumat veriblər. Qeyd olunub ki, Kərəm Məmmədlinin tədqiqatları, onun müəllifi olduğu kitab və məqalələr, Azərbaycan və ümumtürk tarixinin zəngin və dərin irsidir. Bildirilib ki, Kərəm Məmmədovun elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapıb. O, 2019-cu ilin aprelində “Əməkdar müəllim” adına layiq görülüb.
Tədbirdə çıxış edən ziyalılar – İsmayıl Ömərov, Sabir Sadaxlı, İlqar Yusibov, Natiq Hümbətov, Asif Bayramov, Elməddin Behbud, Nicat Dağlar, Tapdıq Əlibəyli Kərəm Məmmədovun Türk dünyası ilə bağlı gördükləri işdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Xatırladaq ki, Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olunub.
1983–1985-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirib. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilib.
1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin “Antropologiya və Etnoqrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirib, 1991–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin “Azərbaycanın qədim dövr və orta əsrlər tarixi” kafedrasında baş laborant vəzifəsində çalışıb, 1993–1996-cı illərdə əyani aspiranturada təhsil alıb.
1995-ci ildən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində çalışıb, Azərbaycan və rus bölmələrində “Antropologiya”, “Qafqaz xalqlarının antropologiyası”, “Qafqaz xalqlarının etnoqrafiyası”, “Etnoqrafiya”, “Ermənilərin tarixi”, “Gürcüstan tarixi”, “Antropometriya” fənlərini tədris edib. “Antropologiyanın əsasları” və “Qafqaz xalqlarının etnoqrafiyası” dərsliklərinin müəllifidir. 1996-cı ildə “İslamaqədərki Azərbaycanda dini inanclar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1996-cı ildən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya” kafedrasının müəllimi olub.
2004-cü ilin iyul ayında Bakı Dövlət Universitetinin “Arxeologiya ve Etnoqrafiya” kafedrasının dosenti vəzifəsinə seçilib. 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib.
Azərbaycan, türk və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilirdi. Evli və 3 övladı atası idi. 2023-cü il iyunun 10-da Kərəm Məmmədovun vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib. O, ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin!
Soydas.az
araz.az xəbər portalı.