Bizi ağıl idarə edir, hisslər yönəldir. Bu həyatda hissiz heç nəyin mənası olmaz. Hislərin ən alisi isə sevgidir. Sevgi ilə baxdığımız hər şey gözəlləşir, hətta daş belə. İnsan məhz sevgi ilə toxunduğu hər şeyə gözəllik qata bilər.

Bu sözlər Lənkəranda yaşayan və dekorativ-tətbiqi sənətlə məşğul olan Aysel Hüseynovaya məxsusdur. Onun balıqqulağı və dəmir pullardan hazırladığı sənət əsərləri təkcə yerli sakinlərin deyil, rayona səyahət edən xarici turistlərin də diqqətini çəkir.

araz.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Aysel Hüseynovanın əl işləri ilə tanış olub, onun yaradıcılığı ilə maraqlanıb.

Aysel Hüseynova 10 ilə yaxındır ki, bir-birindən maraqlı əsərlər yaradır. İxtisasca müəllim olmasına baxmayaraq, təsviri incəsənətin tətbiqi sənət növünə daha çox maraq göstərir. Bu maraq onu balıqqulağı və dəmir pullardan gözəl əsərlər yaratmağa qədər gətirib çıxarıb: “Uşaq yaşlarımdan rəsm çəkməyə böyük həvəsim olub. Yaşım az olsa da, gözəl rəsmlər çəkirdim. Düşünürəm ki, hər kəs istənilən yaşda özündə yeni bacarıqlar kəşf edə bilər. Çünki öyrənməyin və özünü inkişaf etdirməyin yaşı yoxdur. Əsas odur ki, səbir, dözüm və məqsədlərimiz davamlı olsun. Həm də insanın daxilindəki istək o qədər böyük olmalıdır ki, onu heç nə və heç kim söndürə bilməsin”.

Həmsöhbətimiz deyir ki, onda ilk dəfə bu işə maraq Lənkəran Peşə Liseyinin əməkdaşı Fazil müəllimin tələbələr üçün keçirdiyi master-klas zamanı yaranıb. “Əl işləri ilk baxışdan marağıma səbəb oldu və bununla məşğul olmağa başladım. Davam etdikcə, öz ideyalarımı və fərqli yanaşmamı əlavə etdim”, – deyə o vurğulayır.

Əl işləri hazırlanmazdan əvvəl onun eskizi çəkilir. Eskiz hazırlanandan sonra ölçüsü və necə olacağı aydınlaşır: “Əl işlərim 3-7 günə ərsəyə gəlir. Hətta bir ay davam edən işlərim də olur. Bu, işin həcmindən, ideyasından və istifadə edilən məhsullardan asılıdır. Müxtəlif ölçülü balıqqulaqlarını dəniz kənarından yığıram və xüsusi kimyəvi məhlullarda saxladıqdan sonra ölçüləri üzrə ayırıb istifadə edirəm. Dəmir pullardan olan əl işlərimə gəlincə, əsasən 1 qəpiklərdən istifadə edirəm. Belə əl işinin yaratmaqda məqsədim insanlara stimul verməkdir. Qəpikləri zədələmədən və üzərində heç bir dəyişiklik etmədən istifadə edirəm. İstənilən vaxt bu pullardan təkrar istifadə etmək mümkündür”.

Aysel Hüseynova deyir ki, əl işləri öz gözəlliyi ilə xarici turistlərin də diqqətini çəkir. Lənkərana gələn bir çox turist onun əl işlərini alaraq aparır. “Əsərlərimdən ibarət xüsusi sərgi açmaq istəyirəm. İstəyirəm ki, şəhərimizə gələn qonaqlar əl işlərimlə daha yaxından tanış olsunlar. Məqsədim bu sənətin sirlərini şagirdlərə də öyrətmək və sənətkarlıq nümunələrini gələcək nəsillərə ötürməkdir”, – deyə o bildirib.

Qeyd edək ki, Aysel Hüseynovanın əl işləri bir çox sərgi və festivallarda nümayiş olunub.

https://video.azertag.az/files/video/2024/1/17085245846409036370.mp4

araz.az xəbər portalı.