Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
-Əziz müəllim, əvvəlcə İcmanın ötən il ərzində gördüyü işlərlə bağlı qısa məlumat verməyinizi istərdik…
-2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasındakı tarixi çıxışında İkinci Qarabağ müharibəsindən sonrakı dövr üçün millət və dövlət olaraq əsas hədəflərimizi açıqladı və bildirdi ki, artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız azad edilib. Bu 30 ildə haqsız yerə çoxlu məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlər artıq öz doğma yurdlarına geri qayıtmaq imkanı qazanıblar. Lakin məsələ bununla bitmir, bizim 300 min nəfərə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımız hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar və onlar mütləq öz evlərinə geri qayıtmalıdırlar. Dövlətimizin başçısı onu da xüsusi olaraq qeyd etdi ki, bu qayıdış dinc yolla həyata keçirilməlidir, qaçqın soydaşlarımızın təhlükəsizliyi tam təmin edilməli və qayıdış ləyaqətli şəkildə olmalıdır. Prezident İlham Əliyev İcmaya Qayıdış Konsepsiyasını hazırlamaq tapşırığı verdi. Xüsusilə qeyd etdi ki, bu Konsepsiya beynəlxalq hüquqa tam uyğun şəkildə hazırlanmalıdır. Qərbi Azərbaycan İcması olaraq biz də dövlətimizin başçısının tövsiyələrinə uyğun şəkildə qısa müddətdə bu Konsepsiyanı hazırlayıb, icrasına start verdik.
Ötən bir il ərzində biz İcmanın bütün strukturlarını, o cümlədən Qərbi Azərbaycan üzrə rayon və kənd icmalarını və Azərbaycan Respublikasının rayonları üzrə nümayəndəliklərimizi formalaşdırıb, onların fəaliyyətini təşkil etdik. Əlbəttə, bu, kiçik məsələ deyildi, söhbət yüz minlərlə insanın qısa müddətdə təşkilatlanmasından və tarixi torpaqlarımız uğrunda mübarizəyə qoşulmasından gedir. Qısa müddətdə biz bu işi gördük və mübarizəmizi daha mütəşəkkil şəkildə aparmaq imkanımızı təmin etdik. Digər tərəfdən, son bir ildə biz Qərbi Azərbaycana qayıdış ideyasını beynəlxalq müstəviyə çıxara bildik. Demək olar ki, dünyanın bir çox dövlət və qurumlarına müraciətlərimiz ünvanlandı, bəyanatlarımız səsləndi. Belə ki, indiyədək Qərbi Azərbaycan İcmasının səkkiz rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi, təşkilatın bütün rəsmi dillərində və quruma üzv olan bütün dövlətlər arasında yayılıb. Bu, dünya ictimaiyyətinin diqqətini Qərbi Azərbaycan həqiqətlərinə cəlb etmək baxımından çox böyük əhəmiyyətə malikdir.
-Bildiyimiz kimi, Türkiyənin bəzi ərazilərində vaxtilə Qərbi Azərbaycandan köç etmiş soydaşlarımız yaşayır. Onlarla bağlı hansı işlər görülür və planlaşdırılır? Ümumiyyətlə, qardaş ölkədə İcmanın nümayəndəliyinin açılması planda varmı?
-Türkiyə-Azərbaycan münasibətləri bu gün özünün ən yüksək zirvəsindədir. Bu, artıq dövlətlər və millətlər arasındakı əlaqələr deyil, iki qardaş arasındakı münasibətlərdir. İkitərəfli münasibətlərin təməli keçən əsrin müxtəlif dövrlərində Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. XXI əsrdə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.
Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsi baxımından da Türkiyə bizim üçün önəmli bir ölkədir. Çünki qardaş ölkədə milyonlarla azərbaycanlı, o cümlədən Qərbi Azərbaycan əsilli insanlar yaşayır. Onlar bəlli tarixdə – çar Rusiyası zamanında və sovet hakimiyyətinin ilk illərində erməni-rus təqib və təzyiqlərindən, Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı aparılmış etnik təmizləmə, deportasiya və soyqırımlarından xilas olaraq qardaş Türkiyə ərazisinə pənah aparmış insanların övladları, nəvə-nəticələridir. Bu gün də onlar ata-baba yurdlarına qayıtmaq həsrətindədirlər. Bilirsinizmi, bu, bir ilahi sirdir, onların bir çoxu Türkiyədə yüksək mövqedədirlər, hətta Böyük Millət Məclisinin üzvləridir, orada doğulub boya-başa çatıblar, amma Vətən – İrəvan, Göyçə, Ağbaba, Şörəyel, Vedibasar deyəndə gözləri dolur, ürəkləri çırpınır. Bu gün Türkiyədəki soydaşlarımız Qərbi Azərbaycana qayıdış ideyasına çox böyük maraq göstərir, İcma ilə əlaqə yaradırlar.
Keçən il biz qardaş Türkiyədən gələn bir neçə belə nümayəndə heyəti ilə İcmamızda görüşlər keçirdik. Əlbəttə, qardaş ölkədə İcmamızın nümayəndəliyinin açılması bizim bu ildə əsas hədəflərimiz sırasındadır və artıq bu istiqamətdə müəyyən konkret addımlar atılıb. Keçən il biz bu məsələyə İstanbulda, Ankarada keçirdiyimiz tədbirlərdə, xüsusilə Böyük Millət Məclisində komissiya üzvləri ilə görüşlərimizdə dönə-dönə toxunmuşuq.
-Qərbi Azərbaycandan ermənilər tərəfindən etnik təmizləmə, deportasiya və soyqırımlarına məruz qalaraq qovulmuş insanların adlı siyahısının tərtib olunması ilə bağlı məsələ nə yerdədir? Xüsusilə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə qovulmuş azərbaycanlıların siyahısı tərtib olunub. Əvvəlki illərdə deportasiyalara məruz qalan soydaşlarımızın siyahıya alınması ilə bağlı işlər nə yerdədir?
-Bəli, bu, bizim üçün prioritet məsələdir. Siyahıyaalma təkcə soydaşlarımızın böyük bir hissəsinin məruz qaldığı faciələri, onların səbəb və nəticələrini öyrənmək üçün deyil, həm də Ermənistan tərəfindən başımıza gətirilən müsibətlər barədə həqiqətləri dünyaya çatdırmaq üçün bizə lazımdır. Bu tarixi faciələr zamanı bizim təkcə insanlarımız vəhşicəsinə qətlə yetirilməyib və tarixi torpaqlarımızdan dərbədər olmayıb, həm də xalqımızın o ərazilərdə min illər boyu yaratmış olduğu çox zəngin mədəni irs məhv edilib. Necə ki, ermənilər Qarabağ və Şərqi Zəngəzurda bütöv Azərbaycan xalqının milli-mənəvi dəyərlərini məhv və təhqir üçün əllərindən gələni ediblər, eləcə də həmin işi Qərbi Azərbaycan ərazisində görüblər. Necə ki, Qarabağ və Şərqi Zəngəzurda törədilmiş vəhşiliklər bütövlükdə Azərbaycan xalqına, mənəviyyatına, ruhuna qarşı çevrilmişdi, eləcə də Qərbi Azərbaycanda törədilmiş cinayətlər bütövlükdə Azərbaycan xalqına qarşı atılmış cinayət hərəkətləridir.
Buna görə də biz ilk addım olaraq sonuncu deportasiya – 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımızın adlı siyahısını tərtib etməyə başladıq və bu işi, demək olar ki, tamamladıq. Əlbəttə, bundan sonra 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahısının tərtibinə başlayacağıq. Onlar İosif Stalinin qərarı ilə deportasiya olunublar. Bildiyiniz kimi, Stalinin ölümündən bir müddət sonra 1930-cu və 1940-cı illərdə repressiya və deportasiya olunan bütün insanlara və xalqlara tarixi bəraət verildi, tək Qərbi Azərbaycandan deportasiya olunanlar qaldı, bu, tarixi ədalətsizlikdir. 1997-ci ildə məlum Fərmanında Ulu Öndər Heydər Əliyev bu ədalətsizliyə ilk dəfə olaraq tarixi qiymət verdi. Belə ki, deportasiyaya siyasi və hüquqi qiymət verilməsi məsələsini qarşıya vəzifə olaraq qoydu. Biz Ümummilli Liderin bizə bu vəsiyyətini mütləq həyata keçirməli, həmin dövrdə deportasiya olunmuş soydaşlarımıza tarixi bəraət verilməsinə, onların varislərinin öz ata-baba yurdlarına qayıtmaq hüququnun Ermənistan dövləti, SSRİ-nin varisi olan Rusiya Federasiyası və dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmalıyıq. Bundan sonra isə daha əvvəlki etnik təmizləmə, deportasiya və soyqırımı aktlarına aydınlıq gətirilməlidir.
-İcmanın ötən il təşkil etdiyi beynəlxalq konfransın dünya miqyasında hansı nəticələri oldu?
-Mən bayaq Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan bəzi addımlardan bəhs etdim. Təbii ki, ötən ilin dekabr ayında keçirdiyimiz beynəlxalq konfrans da bu istiqamətdə atılan çox mühüm addımlardan biri idi. Həm də təkcə konfransın gedişində yox, tədbirə qədər də, konfransdan sonrakı günlərdə də biz xarici dövlətlərdən gələn vacib nümayəndələrlə fərdi görüş və qəbullar keçirir və Qərbi Azərbaycan həqiqətləri, Qərbi Azərbaycana qayıdışla bağlı onlara dolğun məlumatlar verirdik. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik və bu ilin dekabr ayında növbəti beynəlxalq konfransımızı keçirməyi planlaşdırırıq.
-Cari ildə İcma tərəfindən hansı yeniliklərin və işlərin həyata keçirilməsi planlaşdırılır?
-Biz keçən il qarşımıza qoyduğumuz vəzifələrin, elə hesab edirəm ki, xeyli hissəsini yerinə yetirə bildik. Ən önəmlisi Qərbi Azərbaycana qayıdış ideyasını ümummilli ideyaya çevirə və insanlarımıza aşılaya bildik. Cari ildə də bu işi davam etdirəcəyik.
İkincisi isə dünya ictimaiyyətinin diqqətini Qərbi Azərbaycan məsələsinə yönəldə bildik. Ən azı Avropa İttifaqının Prezidenti Şarl Mişelin və UNESCO-nun Baş katibinin bizə rəsmi cavab verməsinə nail olduq. O UNESCO-nun ki, illərdir Azərbaycan mədəni irsinin ermənilər tərəfindən dağıdılmasına kar və kor qalmağa üstünlük verib. Elə hesab edirəm ki, bu il həmin təşkilatlar Qərbi Azərbaycan həqiqətləri ilə bağlı onlara təqdim edəcəyimiz yeni fakt və sübutlarla üzləşməli olacaqlar.
Nəhayət Qərbi Azərbaycana qayıdış ideyasını Ermənistan rəsmilərinin və insanlarının yuxusunu ərşə çıxaran bir mövzuya çevirdik. İki yüz ildir xalqımıza qarşı hər cür cinayətlər törədənlər və bunun üçün heç vaxt məsuliyyət daşımayacaqlarına inandırılanlar, nəhayət dərk etməyə başlayıblar ki, hərəsi dünyanın bir dərəsindən gəlib, üzərində dövlət qurduqları və yerli sakinlərə qarşı heç bir səbəb olmadan qeyri-insani münasibət göstərdikləri bu coğrafiyanın əsl sahibləri bir gün mütləq geri dönəcək və öz haqlarını tələb edəcəklər. Ermənilər bizim öz evlərimizə geri dönməyimizdən qorxmurlar, nankorluqlarının, riyakarlıqlarının, saxtakarlıqlarının üstünün açılacağından qorxurlar. Geriyə dönəcək azərbaycanlıların öz qəbiristanlıqlarını tapa bilməyib, öz ata-analarının, övladlarının məzarlarının harada olduğu barədə verəcəkləri suallara cavab tapa bilməyəcəklərindən qorxurlar. Çünki ermənilər o qəbiristanlıqları, məzarları son 35 il ərzində eşiblər, dağıdıblar, yer üzündən tamamilə siliblər, yox ediblər. O məzarlarda yatanların incidilmiş ruhları bizi geri çağırır və biz mütləq o yerlərə qayıdacağıq, qayıtmalıyıq!
araz.az xəbər portalı.