Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, qarşıda yeni bir dövr başlayır. Verilən mesajlardan aydındır ki, yeni dövrdə xüsusən ölkənin idarəetmə məsələsində bir sıra dəyişikliklərin edilməsi mümkündür. Gündəmdə olan mövzulardan biri də ölkənin inzibati-ərazi bölgüsüdür. Azərbaycanda rayonların birləşdirilməsi mümkündür?
araz.az-ın xəbərinə görə, Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, rayonların birləşdirilməsi mövzusu ictimaiyyətdən uzaq kütlə predmetidir. Azərbaycandakı rayonlarının sayının çoxluğu, hər rayondakı icra hakimiyyətləri və onların institutlarının ümumrespublika ilə müqayisədə çoxluğu davamlı şəkildə müzakirə olunur:
“Hətta təkliflərdən biri də 14 iqtisadi rayon ətrafında birləşməyə gedilməsidir. Tam bir federallaşma olmasa da, hibrid bir inzibati sistemin yaradılması məsələsi mövcuddur. Şəxsi görüşüm bu yöndədir ki, ümumiyyətlə Azərbaycan miqyasında rayonlarımızın sayı kifayət qədər çoxdur. Bu da ayrı-ayrılıqda rayonların idarə edilməsini çətinləşdirir. Hazırda Bakı əsas iqtisadi mərkəz sayılır. Yəni Bakı, Sumqayıt və ətraf əraziləri götürürük. Ümumiyyətlə Bakıya nəzər salaq. Bakı özü-özlüyündə bir şəhərdir. Hətta meqapolis olmağa hazırda iddialıdır. Ölkə əhalisinin böyük bir qismi paytaxt Bakı və ətraf ərazilərdə yaşayır. Bakının inkişaf səviyyəsi digər 13 iqtisadi rayon ilə müqayisədə çox öndədir. Bakı özü də ayrı-ayrılıqda iqtisadi rayonlardan ibarətdir. Bu baxımdan deyə bilərik ki, bu rayonlarda bənzər formada birləşə bilər. Gəncə ətrafındakı rayonlar Xanlar, Göygöl, Hacıkənd kimi bölgələrin Gəncə şəhəri ətrafında birləşməsi Gəncə şəhərinin rayonları halına gəlməsidir”.
Politoloq qeyd edib ki, 80-90-cı illərdə Türkiyədə bənzər tendensiya mövcud idi. İstanbul, Ankara və İzmir kimi ərazilərə daha çox axınlar var idi:
“Bu gün baxdıqda Diyarbəkir, Adana və Konya kimi ərazilərdə inkişaf edir. Artıq insanlar bu ərazilərdə belə işləyə bilir. Azərbaycanda bənzər formada addımlar atsa, məsələn: Quba Lənkəran, Bərdə, Gəncə və Qazax kimi ərazilərin ətrafında bir mərkəzləşmə aparıla bilər. Bu həm Bakının yükünü azaldar, həm də siyasi idarəetmənin şəffaflaşmasına, optimallaşmasına gətirib çıxara bilər. Ümumiləşdirsək rayonların ləğvinə ehtiyac yoxdur. Amma inzibati idarəetmədə dəyişikliklərin edilməsinə ehtiyac var. Yəni ayrı-ayrı rayonları icra hakimiyyətləri vasitəsilə deyil, bələdiyyələr və onların tabe olduğu mərkəzi bir şəhər bələdiyyəsi ilə əvəzləmək olar. Bu zamanda bu addımlar iqtisadi-siyasi inkişafa gətirib çıxara bilər”.
araz.az xəbər portalı.