“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan İstiqlal Muzeyində təşkil edilən, “AzerGold” QSC və onun törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, 31 il öncə Xocalıda yaşanan dəhşətli hadisələrin Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın yaddaşına dərin iz salaraq, onu daim mübarizə ruhunda kökləyən faciə olduğunu diqqətə çatdırıb. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə əks etdirən Xocalı hadisələrinin təcavüzkar Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin bir çox dövlətlər tərəfindən haqlı olaraq qətliam, soyqırımı aktı olaraq qəbul edildiyini qeyd edilib. Tədbirdə xüsusi amansızlıqla törədilən soyqırımının mahiyyəti və dəhşətli faktlardan söz açılıb. Xocalı qətliamının əsl niyyətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirməklə torpaqlarımızı zorla ələ keçirmək olduğu vurğulanıb. O.Məmmədov müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsi ilə düşmənə layiqli cavab verildiyini, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin, xüsusilə də Xocalı qurbanlarının qisasının döyüş meydanında böyük qəhrəmanlıqla alındığını qeyd edib.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli Xocalı həqiqətlərinin təbliği çərçivəsində görülən işlər və faciənin 31-ci ildönümü ilə əlaqədar muzeydə sərgilənən eksponat və  sənət nümunələri barədə iştirakçılara ətraflı məlumat verib.

Çıxışlardan sonra tədbir iştirakçıları qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının tarixi-mədəni, ictimai-siyasi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda mübarizə aparan fədailərin həyat yolunu əks etdirən əşyalar, foto və arxiv sənədləri ilə tanış olub, daha sonra Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar təşkil olunan sərgiyə baxış keçiriblər.

Sərgidə tanınmış rəssam-heykəltəraşlar Xanlar Əhmədov, Əşrəf Heybətov, Zakir Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam Abdullayevin şəxsi kolleksiyasında, Rahib Qarayev, Cavid Bayramlı və Nazim Məmmədovun isə muzeyin fondlarında qorunub saxlanılan, uzun illərdən bəri erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin unudulmaz Xocalı səhifəsinə bədii münasibətlərini özündə əks etdirən müxtəlif təsviri və tətbiqi sənət nümunələri nümayiş olunub. Həmçinin, tədbir zamanı rəssam Yusif Mirzənin muzeyə hədiyyə etdiyi “Xocalı ruhları” və “Müharibə siluetləri silsiləsindən” adlı rəsm əsərlərinin də təqdimatı olub.

araz.az xəbər portalı.