Bir çox işçilər maaş artımı gözləyirlər, amma istəklərini bildirməkdən çəkinirlər, amma təbii ki, bu, hamısına aid deyil. Bəzi işçilər isə maaş artımı istəyirlər. Bir də maaş artımı üçün davamlı “ağlayan”lar var. Hətta bəzən o işçilər deyirlər ki, “ağlamasan”, maaş artımı edilmir. Bəs şirkətlər hansı işçilərin maaşını daha tez artırmalıdırlar?

araz.az bildirir ki, bu barədə Valyuta.az- a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov bildirib ki, şirkətlərin bir çoxunda bu proseslər nizamsız şəkildə irəliləyir. Kim daha çox “ağlayırsa”, onun maaş artımını qabağa salırlar:

“Əlbəttə ki, bu yanaşma ədalətsizdir. Bu işlər sistemli olmalıdır. Həm işçinin şirkətə qatqısı, şirkət üçün yaratdığı dəyər, həm də bazar dəyəri nəzərə alınmalıdır. Əmək bazarı, tələb-təklif maaş artırımında diqqət edilməli məsələdir. Əmək bazarında maaşlar dəyişdikcə şirkətlər də ona ayaq uydurmalıdır”.

A.Bayramov onu da vurğulayıb ki, şirkətlərin strategiyası, ona uyğun olaraq biznes modeli və vəzifə profillərinin fərqli olduğunu da nəzərə almalıyıq:

“Məsələn, bir şirkət üçün marketinq anlayışı digər şirkətdən fərqli ola bilər. Biri üçün marketinq strateji vəzifə olduğu halda, digəri üçün daha az önəmli ola bilər. Yəni bir şirkət üçün marketinq meneceri 2000 AZN-lik adamdırsa, digəri üçün 5000 AZN-lik ola bilər. Buna görə də, bu mövzu göründüyü qədər sadə deyil. Sistem işləməlidir, şəxsə görə yanaşma olmamalıdır. Bunun üçün şirkətlər dərəcələmə, karyera inkişaf sistemi, performans menecmenti kimi önəmli alətlərdən istifadə edirlər ki, nəticədə əməyin ödənilməsi və işçilərin rifahı həm ədalətli, həm də rəqabətli olsun”.

“Bir də unutmamalıyıq ki, işçiləri komandada saxlamaq üçün təkcə əmək haqqının yaxşı olması kifayət deyil. Ümumilikdə iş mühiti, ab-hava yaxşı olmalıdır, işçilərə dəyər verilməlidir. Yalnız bu halda işçilərin şirkətə bağlılığına nail olmaqdan danışa bilərik” – deyə, konsultant qeyd edib.

araz.az xəbər portalı.