100 yaşdan çox ömür sürmək istəyərdiniz? Mütəxəssislər bəzi qidaların və pəhrizlərin daha uzun yaşamağa kömək etdiyini bildirirlər.
araz.az Medicina.az-a istinadən bildirir ki, dünyanın ən qədim xalqlarının sağlam həyat sirlərini kəşf etməyə onilliklər sərf edən Den Buettner hazırda 100 yaşa qədər yaşamaq üçün möcüzəvi həb olmasa da, uzun ömrün sadə bir sirri olduğunu deyir. Bu sirr sağlam qidalanmaqdır.
İtaliyada Sardiniya, Yaponiyada Okinava kimi “mavi zona”ların (ən uzun ömür müddəti müşahidə olunduğu və yüz yaşı keçənlərin ən çox yaşadığı yerlər) sirri bu ola bilər.
Bəzi insanlar uzun, xəstəliksiz həyatın açarının həmin bölgələrdə yaşayan insanların qidalanma və fəaliyyət nümunələrinin kopyalanması olduğuna inanırlar. Konsepsiya ilk dəfə 20 il əvvəl Buettner tərəfindən irəli sürülsə də, o vaxtdan bəri bu barədə yüzlərlə kitab yazılıb. “Netflix”də yayımlanan “100 il yaşamaq: Mavi zonaların sirləri” adlı sənədli filmdən sonra mövzu bir daha gündəmə gəldi.
Bəzi ekspertlər “mavi zona” nəzəriyyəsini şübhəli hesab edir, lakin mübahisəsiz olan odur ki, Sardiniya və Okinava kimi yerlərdə insanların pəhrizləri dünyanın geri qalanından fərqlidir.
Uzun ömürlü insanların sirri aşağıdakılardır:
Paxlalılar
Göyərtilərin planetdəki bütün uzunömürlülük pəhrizlərinin mərkəzində olmadığını öyrənmək sizi təəccübləndirə bilər. Buettner deyir ki, paxlalılar uzunömürlülük üçün yeyiləcəklər siyahısında birinci yerə yazılmalıdır. Lif və züllal mənbəyi olan lobya, mərcimək və yaşıl noxud kimi paxlalılar həm çox faydalı, həm də ucuzdur.
Çeşidlilik
Müxtəliflik mavi zonalarda yaşayan insanlar üçün qidalanmanın vacib hissəsidir. Tanınmış dietoloq, professor Tim Spektor deyir ki, bu sağlam insanları qidalandıran spagetti və əriştə deyil, onlara əlavə edilən ədviyyatlar, göyərti və tərəvəzlərdir.
Məsələn, Yaponiyada növbənöv göbələk, soğan, lobya, turşu və pəhrizə müxtəliflik qatan digər fermentləşdirilmiş qidalar var.
Bu cürbəcür qidaların şorbalara qatılması mavi zonalarda geniş yayılıb.
Mütəxəssislərin fikrincə, çeşidli qidalar yemək lazım olan müxtəlif vitamin, mineral və qida maddələrini alma ehtimalınızın daha yüksək olması deməkdir.
Fermentasiya edilmiş qida
Pendir yemək bağırsaqlarınızı və immunitet sisteminizi gücləndirir. Professor Spektor deyir ki, Aralıq dənizi ölkələrində böyük miqdarda keçi pendiri, qatıq və digər süd məhsulları istehlak edilir.
Yaponiyada “tempeh”, soya sousu və miso kimi fermentləşdirilmiş soya məhsulları çox məşhurdur.
Buettnerin sözlərinə görə, Sardiniyada təxminən 1960-cı ilə qədər insanlar daha çox çörək və pendir yeyirdilər. Fermentasiya edilmiş qidalar həzmi yaxşılaşdıra və 2-ci tip diabet və ürək xəstəliyi kimi bəzi problemlərdən qoruya bilər.
Əti az yemək
Buettner deyir ki, keçmişdə mavi zonalarda yaşayan insanlar ayda cəmi beş dəfə ət və nadir hallarda balıq yeyirdilər:
“Son 100 ildə beş mavi zonanın hamısında aparılan qidalanma araşdırmaları bu bölgələrdəki insanların çox ət yemədiyini göstərib. Onların yedikləri qidaların təxminən 90 faizi bitki mənşəlidir. Uzunömürlülük pəhrizinin beş əsas sütunu tam taxıllar, buğda, qarğıdalı, düyü, göyərti və əlbəttə ki, tərəvəzlərdir. Ət yaxşı zülal mənbəyi olsa da, həddindən artıq qırmızı ət yemək xolesterolu yüksəldir və koroner ürək xəstəliyi riskini artırır”.
Süfrədə tək olmamaq
Mavi zonanın əhalisi ailə və sosial əlaqələrə üstünlük verir və nəinki yaxşı qidalanır, həm də bu zaman sosiallaşırlar.
Professor Spektor bildirir ki, bir masa arxasında ailə ilə birgə əyləşib yemək uzunömürlülük üçün vacib olan bir çox elementi əhatə edir.
Aralıq dənizi ölkələrində insanlar yeməklə bir stəkan şərab içmək üçün bir araya toplanır və sadə amerikalıdan iki-üç dəfə çox vaxt xərcləyirlər. Pr. Spektor bunun daha yaxşı həzm etməyə, başqaları ilə ünsiyyət qurmağa və stressi azaltmağa kömək etdiyinə inanır: “Zehni stressin bədənə fiziki təsir göstərdiyini və iltihabı artırdığını göstərən tədqiqatlar var”
araz.az xəbər portalı.