IMG_8327.JPG

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanının təqdimatı keçirilib.
Olduqca maraqlı bir şəxs olan Əlibala Məhərrəmzadə həm iqtisad elmləri doktoru, professordur, həm auditordur.

Həm motivasiya spikeridir, həm də yazıçıdır. Rəsul Rza mükafatı laureatıdır.
Təqdimatda çıxışçılar yeni romanın bütün müsbət keyfiyyətlərini sadalayıblar, maraqlı polemikalar baş tutub.
“Azərkitab”ın direktoru Misirxan Həsənovun açıqlamasına görə, gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıyan bu cür kitab təqdimatlarının keçirilməsinin böyük əhəmiyyəti vardır. M.Həsənov bildirib ki, Ə.Məhərrəmzadənin mənəvi-əxlaqi mövzuda qələmə aldığı romanı olduqca maraqlı süjet xəttinə malik, dramatizmlə dolu ata-oğul münasibətinə, ümumən valideyn və övlad arasında yaranan uçurumun dərinliyinə və bu uçurumun yox edilməsi yollarına görə diqqət çəkir.
Təqdimat kitabın redaktoru olan Varisin aparıcılığı ilə keçib. Varis “Romanda öncə detektiv ovqat duyulsa da, bu tam bir fərqli romandır, o, daha çox psixoloji trillerdir. Üstəlik, əsil didaktik əsərdir, cəmiyyət üçün mesajlarla doludur” deyə romanı xarakterizə edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi romandan çox təsirləndiyini qeyd edib. Hətta romanı oxuduqdan dərhal sonra böyük oğlu ilə ünsiyyət qurub onun problemləri ilə maraqlandığını da bildirib.
Tanınmış ədəbi tənqidçi Vaqif Yusifli də romanı yüksək qiymətləndirib, həyatında ilk dəfə məhz bu romanı birnəfəsə oxuduğunu dilə gətirib.
Təqdimatda Azərbaycan Respublikasının Auditorlar Palatasinin sədri Vahid Novruzov çıxış edərək yazıçının auditor fəaliyyəti barəsində danışıb, yeni romanın müasir cəmiyyət üçün vacibliyini qeyd edib.
Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov da yazıçının “Covdar çörəyi” romanının birnəfəsə oxunmasını vurğulayıb, onun əxlaqi cəhətlərinə toxunub.
Bu janrda yazılan kitabların cəmiyyət üçün çox önəmli olduğunu vurğulayaraq AMEA-nın keçmiş vitse-prezidenti, akademik Turab Əhmədov yazıçının fəaliyyətindən məmnun qaldığını, öncə yazılan kitablardan “Covdar çörəyi”nin fərqliliyini qeyd edib.
Təqdimat zamanı gənc oxucular və kitavsevərlər yazar barədə, yeni roman barədə xoş sözlər söyləyiblər. Gənc rejissor Şahin Qəhrəmanov isə “Çovdar çörəyi”nin artıq kinematoqrafiyanın diqqətini cəlb etdiyini bildirib.
Yazıçı Əlibala Məhərrəmzadə sonda çıxış edərək yeni romanının yazılma səbəblərindən, ailədə ata-oğul münasibətlərinin tam səmimiliyinin vacibliyindən, yaradıcı prosesdəki maraqlı məqamlardan bəhs edib.
Təqdimat imza mərasimi ilə sonuclanıb.
Qeyd edək ki, kitabı paytaxtın bütün kitab mağazalarından əldə etmək mümkündür.

 

araz.az xəbər portalı.