Qərbi Azərbaycan İcması Nərimanov təşkilatında Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədovla görüş keçirilib.

araz.az   xəbər verir ki, Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev yubilyarı təbrik edib, ona cansağlığı arzulayıb.

Görüşdə Milli Qəhrəmanın keçdiyi döyüş yolundan, müharibədə göstərdiyi şücaətlərdən danışılıb.

Sahil Məmmədov 60 illik yubileyini xalqımız və dövlətimiz üçün çox şərəfli bir dövrdə qeyd etməsindən qürur duyduğunu deyib. O, dövlətimizin müharibə iştirakçılarına, əlillərə çox böyük dəstək göstərdiyini, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər gördüyünü qeyd edib. Milli Qəhrəman bütün ağrılara, acılara son qoyulduğunu vurğulayaraq, Azərbaycanın müstəqilliyinin və suverenliyinin əbədi olacağından əminliyini ifadə edib.

Qeyd edək ki, Sahil Ələmdar oğlu Məmmədov Qərbi Azərbaycanda, Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı onun rəhbərlik etdiyi bölük Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərində düşmən təxribatlarının qarşısının alınmasında fəal iştirak edib. O, Qazançı kəndinə ermənilərin hücumu zamanı yaxınlığına mərmi düşməsi nəticəsində sağ qolundan və sağ ayağından ağır yaralanıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Məmmədov Sahil Ələmdar oğlu Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

araz.az xəbər portalı.