Yeddi aydan çox müddətdə Azərbaycan və Ermənistan arasında danışıqlar delimitasiya komissiyasının iki dəfə keçirdiyi görüş istisna olmaqla yalnız onlayn formatda baş verdi və demək olar ki, nəticəsi də olmadı. Keçən iki həftə ərzində isə beynəlxalq müstəvidə iki ölkə arasında danışıqlar dövlət başçıları, XİN rəhbərləri səviyyəsində Münhendən başlayaraq, Berlin və Antaliyada davam etmiş, konkret nəticələr olmasa da, tərəflər arasında diplomatik yumşalmanın yarandığını və bunun özünün də bir nəticə olduğunu qeyd etmək olar. Əlbəttə, 44 günlük müharibədən sonra da bir sıra yumşalmalar, yaxınlaşmalar olsa da, sülh sənədinin imzalanması üçün real addım atılmadığını irad kimi bildirib, yenə də eyni mənzərənin yaranacağını söyləmək olar və burada haqlı məqamların olduğu inkaredilməzdir. Amma, hazırda Azərbaycan və Ermənistan münasibətlərindən çox, Rusiya və Ermənistan arasında mövcud gərginliyin daha da artdığı açıq şəkildə ortadadır və Antaliya diplomatik forumunda da RF XİN başçısının Ermənistanın yürütdüyü siyasətlə bağlı səsləndirdiyi fikirlərdə hiss olunan sətiraltı eyhamlarını perspektivdə mümkün sərt hərəkətə keçəcəyin anonsu kimi də dəyərləndirmək olar. Belə olduğu halda, Rusiya-Ermənistan münasibətlərinin gərginliyi Azərbaycana necə təsir edə bilər?
Buna aydınlıq gətirməyə çalışaq və Sergey Lavrovun Nikol Paşinyanın siyasəti ilə bağlı dediklərinin bu hissəsinə diqqət edək:”.. hamımız gözləyirik ki, Ermənistanın yekun qərarının nə olacağını bizə rəsmən təsdiq etsinlər. Sonra da bizə deyirlər: “Ancaq burada biz de-fakto olaraq KTMT-də donub qalacağıq və istəsək, de-yure də donduracağıq. Amma, Avrasiya İqtisadi İttifaqı bizim üçün hələ də maraqlıdır, çünki biz oradan nəsə alırıq”. Nəticədə ortaya çıxan mənzərə çox cəlbedici deyil. Ona görə də biz çox istərdik ki, erməni həmkarlarımız, erməni tərəfdaşlarımız yaşamağa necə davam etmək istədiklərinə və bizi müxtəlif inteqrasiya strukturlarında (o cümlədən KTMT) bağlayan razılaşmaları qarşılıqlı əsasda necə həyata keçirmək istədiklərinə özləri qərar versinlər. “, – deyə Lavrov yekunlaşdırıb. Təcrübəli diplomat bir neçə cümlədə ermənilər üçün gələcəkdə yaranacaq ağır vəziyyətin yaranmasında bütün günahların Ermənistan rəhbərliyində olduğunu vurğulayıb, qarşı tərəfə düşünmək üçün az bir zaman qaldığına eyham vurmuş oldu. Burada “ yaşamağa necə davam edəcəklər” ifadəsinə xüsusi diqqət yetirsək, görərik ki, bu siyasi yaşama yox, məhz Rusiyadan çox asılı olan erməni əhalisinin hansı çətinliklərlə üzləşəcəyinə işarədir.
Ümumiyyətlə isə, hələ ki, Rusiya da, Ermənistan da bir-birilərinə qarşı söz deyir, ittiham edir, irad bildirir, yəni ritorika mübarizəsi gedir, amma hər iki tərəfdən əməl, hərəkət yoxdur. Ermənistan KTMT -də fəaliyyətini dondurduğunu desə də, təşkilatdan çıxmaq üçün müraciət etmir, çünki Lavrovun dediyi kimi, o zaman Ermənistanı iqtisadi baxımdan asılı olduğu Avrasiya İqtisadi İttifaqından da çıxarılmasını Paşinyan dərk edir və Qərbin tezliklə Rusiyanı əvəz etməyəcəyini də bilir. Lavrov buna “ özləri qərar versinlər” deməklə, günahın məhz Ermənistanda olduğunu erməni cəmiyyətinə mesaj vermiş oldu və Rusiyanın məsuliyyət daşımadığını anons etdi.
Bəs, bu söz atışmalarından sonra Rusiya və ya Ermənistan tərəfindən hansısa konkret addımlar atıla bilərmi və hər iki tərəfin addımında hədəfin Azərbaycanın olması mümkündürmü? Burada iki istiqamətin mümkünlüyü başqa versiyaları arxa plana çəkir. Birincisi, Ermənistan Rusiyanın üzərinə çox gedir ki, Kreml Azərbaycana təzyiqini artırsın və yenidən ermənilərin simpatiyasını qazansın. Qarabağ ermənilərinin geri dönməsi ilə bağlı RF XİN müavini M.Qaluzinin səsləndirdiyi mövqeni bu istiqamətdə atılan bir cəhd kimi dəyərləndirmək olardı. Amma, bu gediş heç də ermənilərin istəyinə tam cavab vermədi. Rusiya isə, Qarabağda hərbi kontingenti hələ də saxlamaqla Qarabağ ermənilərini geri qaytarmaq üçün “onların ən yaxşı vasitə” olduğunu bəyan edib Azərbaycanı bir müddət təzyiq altında saxladığını nümayiş etdirir.
İkinci istiqamət daha inandırıcı təsir bağışlayır. Ermənistan qərbyönümlü siyasətini davam etdirərək, Qərbin siyasi, hərbi, iqtisadi köməyilə Rusiyanı Ermənistandan uzaqlaşdırmaq siyasətini davam etdirir və bu məqsədlə də Qərbin Azərbaycana qarşı təzyiqlər etməsini istəyir. Rusiya da bunu bilir və hələlik səbrlə, yalnız sözlə əks münasibətini ortaya qoyur, amma Lavrovun da Antaliyadakı çıxışından sonra hiss olunur ki, Paşinyan hakimiyyətini devirmək üçün iqtisadi təzyiq vasitələrini tezliklə işə sala bilər. Rusiya mövqeyini bəzən ictimailəşdirmədən də Paşinyana çatdıra bilir. Zelenskinin Ermənistana səfərinə açıq etiraz etməyən Kreml, başqa yolla İrəvana çatdırdı ki, səfər baş tutduğu halda onları nələr gözləyir və..nəticədə Paşinyan Zelenskinin səfərindən imtina etdi.
Prezident seçkilərindən sonra, Rusiyanın ritorikadan hərəkətə keçəcəyi və Ermənistanı qarışdaracağı istisna olunmur. Ermənistan isə ya “dondurmuşuq” siyasətinə son verib Rusiya ilə müttəfiqliyini davam etdirəcək və ya daha da donaraq Qərbin hərtərəfli dəstəyi ilə şimal ayısı qarşısına aysberq kimi çıxacaq. Şimal isə aysberqlərə alışıqdır.
Bütün variantlarda bizim siyasətimizin əsas hədəfi başqalarının qarşıdurmasından maksimum istifadə edərək maraqlarımızı sonadək qorumaq və hədəfə gəlməməkdir. Bölgəyə qlobal güclərin təzyiqinə son vermək üçün sülh müqaviləsinin imzalanamsı istiqamətində diplomatik addımlarımız daha təsirli olmalı, qardaş Türkiyə ilə koordinasiyalı siyasətimiz davam etməlidir. Bu günə qədər aparılan düzgün siyasətin nəticəsində qazandığımız böyük uğurların davamının şahidi olacağımız zaman uzaqda deyil.
İlham İSMAYIL
araz.az xəbər portalı.