Devid Kronin
“Middle East Eye ”
Fransa prezidenti Emmanuel Makron son dövrlərdə Səudiyyə Ərəbistanının Fransa silah sənayesinin əsas müştərisi olmadığını deməklə yalan söyləyib. Ancaq Makronun müdafiə naziri deputatlar qarşısında bildirib ki, Səudiyyəyə silah satışı Fransa üçün çox vacibdir.
Son on ildə Fransa dünyanın üçüncü ən böyük silah satıcısıdır. Səudiyyə Ərəbistanı onun ikinci böyük müştərisidir.
Bankçılıq sahəsində təcrübəsi olan Makron, şübhəsiz, silah satışından əldə olunan böyük pulları hesablaya bilər: Səudiyyə Ərəbistanı 2008-2017-ci illər arasında Fransadan dəyəri 11 milyard avrodan çox (12 milyard dollar) silah alıb.
Cəsarətli dəyişiklik
Prezident olandan bəri Makron Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın obrazını yaradan PR məsləhətçi kimi çıxış edir. Tacdar şahzadə apreldə Parisə gəldikdə, Makron o və Livan baş naziri Səəd Həririnin şərəfinə ziyafət verib.
Beləliklə, bundan bir neçə ay əvvəl Həririnin girov saxlanılması ilə bağlı gərginliyə son qoyulub.
Makron Yəməndən atılan ballistik raketlərə cavab verilməsi ilə bağlı Səudiyyə Ərəbistanının “təhlükəsizliyi”nə tam dəstək verib. Bu, cəsarətli dəyişiklikdir. Səudiyyə Ərəbistanı Yəməndə əsas təcavüzkardır; onun hərbi hücumları humanitar böhranı daha da gücləndirib. BMT aclıq xəbərdarlığı edir. Ancaq Makron Səudiyyə rəhbərliyini günahsız qurban sayır.
Avropa İttifaqının qanunu münaqişələrdə “aydın risk” olduqda, silahların xaricə satılmamasını nəzərdə tutur. Yəni Fransa öz öhdəliklərinə hörmət göstərmir. Səudiyyə Yəmənə hava hücumlarını 2015-ci ildə başlayıb. “Le Monde”-un yazdığına görə, keçən il səudilər Fransadan 1 milyard avroluq (1,1 milyard dollar) dəyərində silah sifariş veriblər.
Parisdə isə iddia edirlər ki, silahlar yalnız Səudiyyə-Yəmən sərhədində müdafiə məqsədləri üçün istifadə edilir.
Fransız firması “Nexter” Yəməndə tanklarının performansından ərəb koalisiyasının necə məmnun qaldığını mədh edir. “Airbus”-un uçan tankerləri Səudiyyə “ F-15”-lərinə yanacaq doldurulması üçün istifadə olunur və Fransa ötən il Səudiyyə hərbi pilotlarına təlim keçib.
Neft ehtiyatları
Xaşuqcinin öldürülməsindən sonra çoxsaylı şirkətlər Riyadın “İnvestisiya Təşəbbüsü” konfransında iştirakdan imtina edib. Amma “Total”, Fransanın energetika nəhəngi foruma qatılıb. Səudiyyə Ərəbistanı bu şirkət vasitəsilə Fransanın neft tədarükçüsüdür.
“Total” Səudiyyə Ərəbistanı ilə on illərdir əməkdaşlıq edir və son zamanlarda yanacaqdoldurma bazarında imkanları nəzərdən keçirir. Axı Riyadın “islahatçıları” indi qadınlara avtomobil idarə etmə hüququ verib.
Bu ilin əvvəlində Makron Fransa və Səudiyyə Ərəbistanının “terrorizmin bütün növlərinə qarşı aktiv mübarizə aparmaq”da qərarlı olduğunu deyib. Onun Monten İnstitutunun – düşüncə quruluşunun son sənədini oxuması məsləhətdir.
Səudiyyə Ərəbistanı, deyə bu sənəddə qeyd edilir, 1960-cı ildən etibarən ekstremist dini ideologiyanı “nəzəri muxtar qurumlar” vasitəsilə ixrac edir. İslam üzərində inhisara sahib olmaq istəyi ilə yanaşı, səudilər “neft sənayesindən maliyyələşmə ilə dəstəklənən” “ekspansiya” nümayiş etdirirlər.
Daha çox müdaxilə
Prezidentliyinə bir neçə ay qalmış Makron müstəmləkəçiliyi “insanlığa qarşı cinayət” adlandırıb. Bu yaxınlarda o, Fransanın Əlcəzairdəki işgəncələrini etiraf edib.
Amma Fransanın Yaxın Şərqdəki müdaxiləsi daha uzun tarixə malikdir. 1916-cı ildə Sayks-Piko sazişi ilə bölgə İngiltərə və Fransa arasında bölünüb. Bu sazişin fəlsəfəsi hələ də London və Parisin xarici işlər nazirliklərində nəzərdən keçirilir. Hakimiyyət, pul və nüfuz demək olar ki, hər şeyə təsir edir.
Hər hansı mütərəqqi dəyişiklik gətirmək üçün Makrondan nəsə gözləmək sadəlövhlük olardı. 2017-ci il seçkilərinə qatıldığı proqram onun Yaxın Şərqdə sələflərinə nisbətdə daha çox müdaxiləçi olmasını təsdiqləyir.
Bütün Fransa silah ixracının təxminən yarısı Yaxın Şərqin payına düşür və Səudiyyə Ərəbistanı Yəməndə fransız silahlarını istifadə edən yeganə dövlət deyil: Birləşmiş Ərəb Əmirliklərinə satılan 80 tankın bir hissəsi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın istifadəsinə verilib.
Bununla yanaşı, Misir 2012-ci ildən 2017-ci ilədək Fransa silahlarına 4 milyard avrodan (4,5 milyard dollar) çox pul xərcləyib. Qahirədə etirazçılara qarşı 2013-cü ilin avqust qırğını zamanı Misir əsgərləri Fransa tərəfindən təchiz edilən zirehli vasitələrdən atəş açıb.
Makron Birinci Dünya müharibəsinin bitməsi ilə bağlı 100 illik yubileyi hərbi paradla qeyd etmək istəməyib. “The Telegraph” yazıb ki, onun qərarı ABŞ prezidenti Donald Trampı məyus edib. Bu, Makronun pasifist olaraq ortaya çıxdığını ifadə etmir: Fransanın Yaxın Şərqdəki davranışı onun zorakılığa meyilli olduğunu isbatlayır.
Tərcümə: Strateq.az
araz.az xəbər portalı.