“Düzünü deyək” rubrikamızın budəfəki qonağı millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.
araz.az Bakıvaxtı.az-a istinadənpartiya sədri ilə müsahibəni təqdim edir.
– Prezident seçkilərindən öncə, “Yeni era”nın başlanılacağı ilə bağlı ciddi anonslar verilirdi. Ölkə ictimaiyyəti seçkilərdən sonra yeni hökumətdə ciddi dəyişikliklərin olacağını gözləyirdi, amma elə ciddi əvəzləmələr olmadı. Ola bilərmi ki, bu proses tədricən həyata keçirilsin?
– Maraqlı sualdır, amma onun cavabını cənab prezidentdən başqa kimsə bilmir. Ölkə başçısı bütün detalları və tərəfləri bilir və zaman-zaman yeni çağırışlara müvafiq olaraq, nəzərdə tutduğu vəzifələri yerinə yetirmək üçün konkret addımlar atacaqdır. Ölkə başçısı andiçmə mərasimində də yeni era barədə fikirlərini söylədi. Prezident qeyd etdi ki, yeni çağırışlarla bağlı öz fikirləri var, amma yaxşı olar ki, siyasətçilər, politoloq və ziyalılar tərəfindən də təkliflər verilsin. Bu da cənab prezidentin idarəçilik sisteminin vacib prioritetlərindən biridir.
Ölkə başçısı hər zaman praqmatik ictimai rəyə, Azərbaycan dövlətçiliyi və Azərbaycanın milli maraqlarına xidmət edən bütün təkliflərə hörmətlə yanaşır. Bu mənada biz bəzi fikirlərimizi Milli Məclis səviyyəsində, bəzi fikirlərimizi sizin kimi dəyərli jurnalistlərin sualları səviyyəsində bildirmişik. Yeni eranın ümumi konturlarından danışa bilərik, amma detalları cənab prezident bilir.
– Yeni çağırışın ümumi konturları nələrdən ibarətdir?
– Cənab prezident andiçmə törənində onun konturlarını bir-bir sadaladı. İlk olaraq, ölkəmizin təhlükəsizliyinin təmin olunmasından, sərhədlərimizin möhkəmləndirilməsindən, hərbi-sənaye kompleksinin yüksək səviyyədə inkişafından başlamış, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə qədər olan bütün məsələlərə toxundu. Bütün məsələləri tezis şəklində vurğuladı. O çağışıların bütün konturları andiçmə mərasimində irəli sürüldü. Biz artıq onun ətrafında fikirlərimizi ifadə edə bilərik. Ölkə başçısının söylədiyi fikirlərin cəmiyyətimiz tərəfindən daha geniş və obyektiv şəkildə qəbul edilməsinə çalışmalıyıq. Həmin məsələlər ətrafında ictimai rəyin formalaşmasında səylərimizi ortaya qoymalıyıq, töhfələrimizi verməliyik.
– Yeni komanda kimlər zamanla yola salına bilər?
– Cənab prezident demək olar ki, öz komandasına cüzi dəyişiklik etdi. Mən Milli Məclisdə də söyləmişdim ki, cənab prezident indiki komandanın Ali Baş Komandanı və prezidenti olaraq, xalqımızın iradəsinə söykənərək 2020-ci il 44 günlük Vətən savaşında və 2023-cü ildəki anti-terror əməliyyatında qalib çıxdı. Bununla da, Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etdi.
Həqiqətən, bəzi istisnalar olmaqla, bu komandanın üzvləri bütövlükdə yüksək peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan vəzifələrin icrası üçün imkanlarını səfərbər etdilər. Bununla belə müəyyən kadr dəyişiklikləri istisna olunmur.
Qarşıdan seçkilər gəlir. Biz gümanlar söyləyə bilərik, amma bu gümanlar doğru olmaya bilər. Mən fikirlərimi gümanlar deyil, konkret faktlar, arqumentlər üzərində qururam. Gümanları kənara qoyaraq, deyirəm ki, yeni era ilə bağlı proseslər başlayıb. Prezidentin andiçmə mərasimində söylədiyi fikirlərin ayrı-ayrı elementlərinin reallaşdığını görməkdəyik.
– Bu il baş tutan parlament seçkilərinə qatılacaqsınızmı?
– İnşallah, səhhətim imkan versə, qeyri-adi hadisələr yaşanmasa, seçkilərdə iştirak etmək fikrindəyəm.
– Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı düşüncələriniz maraqlıdır. Yekun sülhə gedən yol haradan, nədən və ya kimlərdən keçir?
– Bununla bağlı cənab prezident son çıxışlarında söylədi ki, Ermənistan özünün konstitusiyası və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməsə, Azərbaycanın hələ də Ermənistan işğalında qalan 8 kəndi geri qayıtmasa, Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilməsə, heç bir sülh sazişindən söhbət belə gedə bilməz. Ölkə başçısı kifayət qədər aydın, konkret, ölkəmizin milli maraqlarını ifadə edən yanaşma ortaya qoydu.
Ermənistan səriştəsiz nalbənd kimi, çəkici gah nala, gah da mıxa vurur. Paşinyan bir siyasətçi kimi manevr etmək istəyir, amma özünü çətinə salır. O, özünü beynəlxalq ictimaiyyətə sülh göyərçini kimi təqdim etmək istəyir, lakin əməldə maskanlanmış revanşistdir.
– İndi Paşinyan Ermənistanı yenidən silahlandırır..
– Doğrudur, ona sual verilməlidir ki, bu silahlanma ilə nə demək istəyirsən? Əgər Paşinyan bu silahlanma vasitəsilə ilə Azərbaycanla müəyyən tarazlıq yaratmaq fikrindədirsə, o, çox yanılır. Azərbaycanın resursları ilə Ermənistanın resursları arasında dağ və dərə qədər fərq var. Bu gün Azərbaycan özü-özünü silah və sursatla təmin edir. Hərbi sənaye kompleksimiz təkcə Azərbaycanın ehiyaclarını ödəməklə kifayətlənmir, həm də 100-dən artıq məhsulumuz dünyanın silah bazarına çıxarılır. Kifayət qədər alıcıları da var. Azərbaycanın iqtisadi resursları, texnoloji imkanları, geoiqtisadi və geopolitik rolu, ölkəmizin Qafqazın açar və diktə edən dövlətinizə çevrilməsi nəzərə alınmalıdır.
Paşinyandan soruşmaq lazımdır ki, sən bunu bilə-bilə nə etmək istəyirsən? Çıxarılan nəticə budur ki, Paşinyan Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyib, çünki ermənidir. Sadəcə olaraq o, daha məkrli düşüncələrini içərisində gizlədən ermənidir. Ona görə də Azərbaycanın irəli sürdüyü şərtlər qəbul edilməsə, heç bir sülh sazişindən söhbət gedə bilməz. Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edib, sərhədlərini möhkəmləndirib, beynəlxalq səviyyədə nüfuzunu artırmaqdadır. Ölkəmiz qlobal əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsində ciddi fəaliyyət ortalığa qoyub.
– Diplomatiya susanda, silahlar “danışır”. Qarşı tərəf zaman uzatmağa çalışarsa, Qazaxın 7 kəndi, Naxçıvanın isə Kərki kəndini boşaltmazsa, əməliyyatlar reallaşa bilərmi?
– Ərazi bütövlüyümüzü təmin etmək üçün lokal xarakterli hərbi əməliyyatlar ola bilər və bu, gözləniləndir. Doğrudan da, Ermənistan həmin kəndləri danışıqlar yolu ilə, dinc şəraitdə geri qaytarmasa, torpaqlarımızın hərbi əməliyyatlarla geri qaytarılması mütləqdir və bunun başqa variantı yoxdur.
– Ölkədə pensiya v təqaüdlər artan kimi, ərzaq məhsullarının da qiymətində bahalaşmalar baş verdi. Mağazalarda qiymətlər “əl yandırır”. Siz daim parlamentdə də, mətbuatda da bu məsələlərə münasibət bildirirsiniz. Sizcə, bahalaşma yaradan səbəblər hansılardı?
– Ölkədə ərzaq məhsullarında qeydə alınan qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Qida təminatının zənciri qırılıb. Rusiya-Ukrayna müharibəsi bizim regionda, həm də Avropa məkanı və dünyada qida məhsullarının bahalaşmasına ciddi təsirlər göstərdi. Nəzərə alaq ki, ərzaq məhsullarının içərisində xüsusi komponent olan buğda və buğdadan istehsal olunan un, eləcə də un məmulatlarının özünün bahalaşması, digər məhsulların da bahalaşmasına təsir göstərir. Bu azmış kimi İsrail Yaxın Şərqdə HƏMAS və “Hizbullah”a qarşı müharibə aparır. Bunun da təsirləri var. Qırmızı dənizdə ərzaq daşıyan gəmilərin hərəkətində problemlər, məhdudiyyətlər var.
Eyni zamanda Azərbaycanın özündə də möhtəkirlər mövcuddur. Onlar yaranmış şəraitdən istifadə edib, daha çox pul qazanmağa çalışırlar. Bununla yanaşı, dövlətin bu məsələlərlə bağlı iradəsi ortadadır. Dövlət ən zəruri qida məhsullarının qiymətinin artırılmasına imkan vermir, bu sahədə müəyyən fərqlər yaranarkən dövlət buna müdaxilə edir. Söhbət zəruri qida məhsulalırndan gedir. Bütün hallarda qida məhsullarının qiymət artımı təəssüf doğurur. Amma prezident təbii bahalaşma ilə yanaşı əhalinin əmək haqqının artırılması üçün də müvafiq sərəncamlar imzalayır. Bu addımlar bahalaşmanın insanların sosial həyatına neqativ təsir göstərməməsi üçün atılır.
– Pensiya yaşının azaldılması və uşaqpulunun bərpası gözlənilirmi?
– Bu məsələlərdən danışmıram. Məni ona çəkməyin, getməyəcəyəm.
– Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gedən proseslər Üçüncü dünya savaşının nəinki başlaması, artıq indiki halda davam etməsinə dair fikirlərə yol açıb….
– Üçüncü dünya savaşının bütün konturları özünü ifadə etməkdədir. Əvvəla, Afrika qitəsi başdan-başa münaqişə ocağıdır. Avropa İkinci dünya müharibəsindən sonra bir güllə səsi belə eştiməyib. İndi isə “qulağının dibi”ndə 2 ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu müharibə Avropanın da resurslarını sümürməkdədir, onun da resurslarını tükədir.
Yaxın Şərqdə gedən müharibə də unudulmalı deyil. Bu, böyük bir regionu əhatə edir. Bu ərazidəki dövlətlərin hər biri bu və ya digər şəkildə prosesin içərisindədir. Bu gün İsrail təkcə HƏMAS və “Hizbullah”a qarşı deyil, onların arxasında dayanan Livana, Yəmənə qarşı da döyüşür. İran da bu proseslərin içindədir. Bu məsələ Misirdə kifayət qədər problemlər yaradır. Düşünürəm ki, İsrail öz məqsədinə çatmayınca müharibəni dayandırmayacaq. İsrail HƏMAS-ı sıfırlamaq fikrindədir. Mənə elə gəlir ki, “Hizbullah”ı da tamamilə sıfırlayacaq.
Ciddi proseslər gedir. Rusiyaya qarşı 52-53 ölkə birləşib. Buna “Ramşteyn bloku” deyirlər. 52 ölkə faktiki olaraq, Rusiya ilə müharibədədir.
– Fəzail bəy, doğrudur, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, amma həm bir jurnalist, həm də vətəndaş olaraq, içimdə bir təlaş var: 1813-1828-ci illəri- Gülüstan və Türkmənçay müqavilələrini yada salıb, tarixən Rusiya və İranın qüdrətli və bütöv Azərbaycan istəməməsinə dair qənaətə gəlirəm. Yəni bundan sonra nə kimi preventiv addımlar atmalıyıq ki, rəsmi Moskva və rəsmi Tehran bir daha Azərbaycanı parçalamaq “eşqinə” düşməsin?
– Qətiyyətlə bildirirəm ki, bu, artıq mümkün deyil. Birincisi, Azərbaycan özü qüdrətli dövlətdir. İkincisi, hazırda dünyada gedən proseslər Rusiya və İranın ziyanına, lakin Azərbaycanın xeyrinə işləməkdədir.
Başqa bir tərəfdən, Azərbaycanın Türkiyə kimi müttəfiqi mövcuddur. Ortada “Şuşa Bəyannaməsi” var. Bu sənəd bütün sahələrdə, eyni zamanda hərbi sahədə də hər iki dövlət üçün eyni şəkildə hərəkət etmək imkanı yaradır.
Türk Dövlətləri Təşkilatının daha da gücləndirlməsi perspektivi ortadadır. Cənab Prezident çıxışnda buna toxundu. Bildirdi ki, TDT bizim evimiz, ocağımızdır. Biz özümüzə başqa yerdə ev axtarmalı deyilik. Bu, çox böyük bir çağırış idi. Türk dövlətlərinin yerləşdiyi ərazi həm geosiyasi, geoiqtisadi, həm insan resursaları, həm də yeraltı sərvətlər baxımından olduqca unikal, cəlbedici bir məkandır. Azərbaycan bu ailənin içərisindədir. Belə olan halda Azərbaycana qarşı olan təzyiqlər ölkəmizə heç bir zədə yetirə bilməz. Son olaraq, demək istərdim ki, bütün bu üstünlüklərin fövqündə dayanan, onu Azərbaycan dövləti və xalqının maraqlarının həyata keçirlməsinə yönəldə bilən, zamanı öz xeyirnə dəyişə bilən, hadisələrin gedişini istədiyi kimi dizayn edib, onun reallaşmasına rəhbərlik edə bilən ümumdünya səviyyəli prezidentimiz var. Bu şəxs İlham Əliyevdir. Azərbaycan xalqı xoşbəxtdir ki, belə bir tarixi şəraitdə onun yenilməz, qətiyyətli və çox ağıllı lideri var. Bu mənada hesab edirəm ki, narahatlığa əsas yoxdur.
araz.az xəbər portalı.