“Direktorlar bu cür davranışına görə cavab verməlidir. Çünki birinci pedaqoqun şagirdlərin yanında alçaldılması təhsil sisteminə çox təsir göstərən bir amildir. Çünki müəllim hörmətdən düşür, onun tədris elədikləri uşaqların gözündə qiymətdən düşür. Direktor bunu özü pedaqoq ola-ola başa düşməlidir. Direktorun dedikləri araşdırılmalıdır. Əgər orada təhqir varsa və bu, şagirdlərin, müəllim kollektivinin gözü qabağında olubsa, o, təhqirə görə məsuliyyət daşımalıdır. Yox, sadəcə danlaq olubsa, bu, intizam qaydasında həll olunmalıdır”.
araz.az bildirir ki, bu sözləri Redaktor.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bəzi orta məktəb direktorlarının müəllimlərlə pis rəftarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bizlərdə “məsuliyyət nəzərdə tutulur” deyəndə dərhal gözümüzün qarşısında ya cinayət məsuliyyəti gəlir, ya inzibati xəta:
“Ancaq bir çox hallarda həm də intizam xətası ola bilər, yəni davranış qaydalarının pozuntusu ola bilər. Birinci direktor özü etik qaydalara riayət eləməyib. Kütləvi surətdə müəllimlərin gözü qarşısında, şagirdlərin gözü qarşısında kobud davranıbsa, kobud sözlər deyibsə, bu, artıq onun həmin vəzifəyə bəlkə də uyğunsuzluğunu göstərir, təsadüfi düşməsini göstərir. Çox təəssüf ki, bizdə belə hallar həddindən artıq çoxdur. Təhsili öldürən budur ki, inzibati işlərə pedaqoqlar deyil, kiminsə tanışlığı ilə, tapşırığı ilə gələnlər olur. Direktorun qeyri-etik işlətdiyi sözlər təsdiqini taparsa, ən azı intizam qaydasında mütləq cəzalanmalıdır. Özü də hesab edirəm ki, çox ciddi cəzalanmalıdır. Çünki çox təəssüf ki, direktorlar bəzən özlərini məktəbin ağası kimi aparırlar. Ona görə də bunu preventiv tədbir kimi nazirlik etməlidir, bax, direktorlar özlərini belə aparmamalıdırlar, hamısına dərs olmalıdır ki, gələcəkdə belə hərəkətlərə yol verilməsin”.
araz.az xəbər portalı.