“Kim hansı bayramı tanıyır, hansı bayramı tanımır, hər kəsin öz fərdi işidir. İstəmirsən, qeyd etmə. Əslində, bu, vacib psixoloji məsələdir. Aydındır ki, 8 mart – Beynəlxalq Qadınlar Gününün heç bir normal əsası yoxdur. Nə bayramdır ki? Vaxtilə kimlərsə nəsə ediblər, onu indi bayram kimi keçirirlər. İkincisi, necə yəni “qadınlar günü”? Belə bir bayramın olması, əslində, qadınları kiçildir. Belə çıxır ki, ilin qalan günləri kişilərin günüdür, bir gün qadınların? Bu, tamamilə axmaq şeydir. Bir tərəfdən deyirik ki, qadın və kişi bərabərdir… Bərabərdirlər, amma fərqlidirlər, bu, çox vacib məsələdir. Bizə başqa cür təlqin edilməsinə baxmayaraq, fərqli olduqları üçün qadın və kişinin hüquqları, vəzifələri də fərqlidir. Bəzən bu məqamları qarışdırırlar. Nəsə deyəcəm, qadınlar deyəcəklər ki, yox, belə deyil… Əzəldən belə qurulub, insanın fitrəti var. Dəyişmək mümkün deyil. Kişinin əsas funksiyası qurmaq, yaratmaq, qazanmaq, qadının əsas funksiyası isə istehlak etmək, uşaq doğmaq, böyütməkdir. Buna görə qadının fitrətindəndir ki, kişidən maksimum maddi resursları çəksin…”
araz.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, qadınlar, orta hesabla, qurucu, yaradıcı deyillər: “Mən demirəm ki, onlar heç nə qurub-yarada bilmirlər, ümumi mənada deyirəm. Tarixə baxsaq, sənaye, tikinti sektoru kimi istənilən sahələrdə yaradan kişilərdir. Kişilər gündəlik ailə işləri ilə məşğul olmurlar, uşaq saxlamaq artıq qadının işidir. Kişinin işi ailəsini saxlamaqdır. Qadın axı özü heç nə edə bilmir. Uşaq böyütmək özü də böyük şeydir. Bunun üçün ona maddi resurslar lazımdır. Qadın daim qorxur ki, kişi onu boşayar. Bu cür psixoloji qorxular var. Qadın təbiətinə görə çalışır ki, kişidən maksimum resurslar çəksin. Bunda qeyri-adi, pis bir şey yoxdur, bunu pis mənada demirəm. Pis o vaxt olur ki, həddi aşırlar. O kişi də pisdir ki, ailəsinə, yoldaşına, uşaqlarına diqqət ayırmır, maddi təminat vermir. Kişinin gücü çatmayan, boş-boş şeyləri ona aldırmaq lazım deyil. 8 mart da buna bariz nümunədir. Bu, qadının əlində fürsətdir ki, kişi yenə gedib nəsə alsın. Kişi hesab edirsə ki, doğrudan da, qadınına nəsə lazımdır, onda gedib alsın. Bilirik ki, 8 mart, əsasən, gül, parfüm satanların bayramıdır. Onlar qiymətin üstünə “atalarının da qiymətini” qoyurlar. Kiminsə nişanlısı, yoldaşı ondan nəsə gözləyirsə, gedib heç olmasa ona lazım olan şeyi alsın, boş-boş şeylər yox. 8 mart kişiləri buna görə qıcıqlandırır. Qadınlarda lazımsız şeyləri aldırmağa meyillilik çoxdur. Sübut olunub ki, “shopping” xəstəliyinə əsasən qadınlar tutulub. Bütün mağazalarda marketinq qaydaları, nəyi necə düzmək, reklam etmək qadınlara hesablanmış psixoloji fəndlərdir ki, gəlib alsınlar. Qadın bir mağazaya girdisə, lazım oldu-olmadı, mütləq nəsə alıb çıxmalıdır…”
araz.az xəbər portalı.