Bu gün Mətbuat Şurasında jurnalist, şair-publisist Mədət Məmmədovun (Mədət Əyyuboğlu) 65 illik yubileyi ilə bağlı toplantı keçirilib.
araz.az xəbər verir ki, tədbiri giriş sözü ilə MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli açaraq bildirib ki, Mətbuat Şurası fəaliyyətində ömrünü-gününü mətbuatın inkişafına həsr etmiş şəxslərin əməyinin qiymətləndirilməsinə böyük önəm verir. Yubiley toplantısı da bunun növbəti nümunəsidir.
M.Ələsgərli M.Məmmədovu mətbuat təşkilatçısı kimi xarakterizə edən cəhətlərdən danışıb. O bildirib ki, yubilyar ötən əsrin 90-ci illərinin sonunda ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş media siyasətinin icrasında mühüm rol oynayıb. Belə yanaşmanın nəticəsidir ki, mediamız dövlətçilik amallarına sadiq ruhda fəaliyyət göstərməkdə və inkişafdadır. Çünki təməl sağlamdır.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında bildirib ki, M.Əyyuboğlunun çağdaş oxucu auditoriyası üçün iki obrazı var. Təcrübəli jurnalist və istedadlı şair-publisist. Hər iki obraz bir-birini tamamlayır. T.Aydınoğlu onu da vurğulayıb ki, yubilyar gənc yaşlarında mətbuat sahəsində məsul vəzifələrdə çalışsa da, hər zaman jurnalist, publisist, vətəndaş kimi öz mövqeyini ortaya qoyub. M.Məmmədovun publisistik yazıları essevari şeiriyyəti ilə seçilib, poeziyası publisistik düşüncənin ciddiliyi ilə aktuallıq kəsb edib. T.Aydınoğlu, həmçinin, M.Məmmədovu milli jurnalistikamızın demokratik ənənələri ilə tərbiyələnmiş, sözün ictimai mahiyyətinə daim sadiq qalmış ziyalı kimi dəyərləndirib, ona Mətbuat Şurasının diplomunu təqdim edib.
araz.az xəbər portalı.