vahid ehmedov yeniMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov son vaxtlar Azərbaycanda medianın vəziyyətinin pisləşməsi ilə əlaqədar tənqidi çıxışlar edən tanınmış jurnalistlər – Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmlini müdafiə edib.

Vahid Əhmədov “ölkə.az”a açıqlamasında bildirib ki, Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli Prezident İlham Əliyevin siyasətini və dövlətçiliyi dəstəkləyən görkəmli jurnalistlərdir:

“Bu adamlar Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış və medianı yaxşı bilən insanlardır. Əminəm ki, onların təkliflərində yalnız Azərbaycan dövlətinə fayda verən məsələlər olur. Çünki Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli dövlətçiliyi və Prezidenti istəyən adamlardır. Yəqin ki, hansısa qüvvə onların media ilə bağlı təklifinin Prezident tərəfindən qəbul edilməsini istəmir. Ona görə də bu adamlara mane olmağa çalışırlar. Hesab edirəm ki, Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli Azərbaycanda media sahəsində düzgün iş aparılmaması barədə doğru fikirlər səsləndirirlər. Bu adamlar mediada çox tanınan və hörmət edilən insanlardır. İstər Elçin Şıxlı, istər Arif Əliyev, istərsə də Qulu Məhərrəmli olsun, bu adamlar media sahəsini və onun inkişaf etdirilməsi yollarını çox gözəl bilirlər. Bildiyimə görə, bu şəxslərin Prezident İlham Əliyevə qarşı münasibəti də yaxşıdır. O zaman sual olunur ki, axı niyə bu şəxslərin təklifləri Prezidentə gedib çatmır? Görünür, həmin təklifləri çatdırmırlar. Bu isə artıq başqa məsələdən xəbər verir”.

Deputat deyib ki, bəzən bu cür hallar digər sahələrdə də mövcud olur:

“Bəzən biz də cənab Prezidentə müəyyən məsələlərlə əlaqədar olaraq təkliflər edirik. Buna reaksiyalar da olur. Birinci şəxs hər zaman vacib məsələlərə münasibət bildirib lazımı addımlar atır. Misal üçün, bu yaxınlarda xalq yazıçısı Çingiz Abdullayev Mikayıl Müşfiqlə bağlı məsələ qaldırmışdı və vənab Prezident də dərhal ona reaksiya verdi. Yəni, demək istədiyim odur ki, cənab Prezident İlham Əliyev ona çatdırılan məsələlərə daim reaksiya verir. Çox təəssüflər olsun ki, bu gün ölkə başçısının ətrafında elə insanlar var ki, qaldırılan vacib təkliflərə müsbət reaksiya vermək istəmirlər. Onlar istəmir ki, həmin məsələ millət vəkilləri tərəfindən qəbul edilsin. Bu yaxınlarda bank sistemi və dollar kreditləri ilə bağlı mən və deputat həmkarım Əli Məsimli cənab Prezidentə müraciət etmişdik. Amma sonradan həmin təklif hara getdi, biz onun taleyini bilmədik. Bu cür hallar digər sahələrdə də mövcuddur. Ona görə də cənab Prezidentin şəxsən özü məsələdən xəbərdar olanda, dərhal ona rekasiya verir və problem həllini tapır. Ümumiyyətlə, cənab Prezident insanların taleyi ilə bağlı məsələlərə çox operativ yanaşır”.

 /Manevr.az/

araz.az xəbər portalı.