Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18 manata təklif olunur.

Bəs qiymətin bu qədər artması nə ilə bağlıdır?

araz.az   xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əvvəllər Azərbaycanda istehsal edilən zeytun yağlarının yarımfabrikatları xaricdən idxal olunurdu:

“Artıq bir ildir ki, ölkəmizdə də bu yarımfabrikatların istehsalına start verilib. Ola bilsin ki, bahalaşma bununla əlaqədardır. Yəni yerli xammaldan əldə edilən məhsulun baha baş gəlməsi səbəbindən qiymət artımının baş verməsi mümkündür.

Onun sözlərinə görə, son vaxtlar ölkəyə idxal olunan zeytun yağlarının dəyərində də artımlar nəzərə çarpmaqdadır:

“Bahalaşma bütün dünyada baş verməkdədir ki, bu da özünü soyuq sıxılma ilə əldə olunan yağlarda göstərir. Marketlərdə satılan şəffaf yağlar isə rafinə edilib”.

Ekspert zeytun yığımının bir neçə ay əvvəl başa çatmasının qiymət artımının səbəblərindən biri olmadığını qeyd edib:

“Yığım ötən il oktyabrın axırı, noyabrın əvvəlində başa çatıb və bundan cəmi 3-4 ay keçib. Növbəti mövsümə isə hələ 8-9 ay vaxt qalıb. Bu baxımdan da xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm. Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər”.

araz.az xəbər portalı.