Son zamanlar ictimai nəqliyyatda gedişhaqqı tariflərinin artacağı ilə bağlı iddialar səslənir.
Yaxın vaxtlarda belə bir qiymət artımı gözlənilirmi? Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov TNS-ə bildirib ki, hazırda qiymətin artması real görünmür: “Gedişhaqqı tariflərinin artacağı ilə bağlı iddialar sahibkarlar tərəfindən irəli sürülür. Onlar müvafiq dövlət qurumuna müraciət edir, yanacağın baha olduğunu əsas gətirərək, gediş haqqının artırılmasını istəyirlər. Əslində ictimai nəqliyyatda gedişhaqqı Tarif Şurası və digər aiddiyəti qurumların birgə qərarı ilə müəyyənləşir. Hazırda yanacağın qiymətində dəyişiklik yoxdur, müəyyən həll paketləri var. Artıq dövlət sahibkarlara dəstək üçün avtobusların ölkəyə gətirilməsinə dəstək verir. Bu nöqteyi-nəzərdən qiymətlərin artımı gözlənilmir”.
Ekspert qeyd edib ki, Tarif Şurası qiymət artımını əsaslandırmalıdır və bunun üçün də şərtlər dəyişməlidir.
“Yanacağın qiymətində ciddi artım, avtobuslarla daşınan sərnişinlərin sayı az olmalıdır (ancaq oturacaq sayı qədər). Lakin hazırda bizdə ictimai nəqliyyatda “mehriban olmaq” məsələsi hökm sürür. Qısacası, bu tip əsaslar olmadan Tarif Şurası qiymət artımı edə bilməz”.
araz.az xəbər portalı.