Bunun daha bir sübutu, gundemxeber.az-da, jurnalist Kamal MİRZƏNİN adıyla dərc olunan bir yazıda xüsusi olaraq qeyd olunanlardır.

Bu yazının təqribi mətnini, araz.az da, dəyərli oxucularının diqqətinə çatdırır:

“Hər kəsə aydındır ki, son illər Daxili İşlər Nazirliyinin tabeli qurumlarında həyata keçirilən islahatlar geniş ictimaiyyətin diqqətini olduqca cəlb etməkdədir. Çünki DİN müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur və bu səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara, ortaya qoyduqları yanaşmalara və s. lazımınca diqqət yetirir. Qeyd edək ki, Prezident İlham Əliyev cənablarının imzaladığı 20 iyun, 2019-cu il tarixli Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra, Nazirliyə tabeli bütün qurumlarda fərqli ab-hava formalaşmağa başladı. Bu faktdır ki, ötən 4 il 9 ay ərzində, bu yöndə lazımı addımlar atıldı və bu gün də, atılmaqda davam edir. Təəssüf hissi ilə qeyd edək ki, indiyə kimi, cənab nazirin rəhbərliyi altında, lazımı addımların atılmasına baxmayaraq, hələ də, yol polisi əməkdaşlarından bəziləri rəhbərliyin verdiyi tapşırıqlara məhəl qoymur, necə deyərlər, çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Belə səbəblər üzündəndir ki, bu gün də, bir çox sürücülər bəzi yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalır, get-gələ salınır, hətta, heç bir əsas olmadan, fantastik dərəcədə cərimə də olunurlar. Fərhad Məmməd oğlu Kazımov da, belə aqibətlə üzləşən sürücülərdən biridir. Belə ki, dünən bu şəxs, idarə etdiyi 10 – MZ – 950 dövlət nişanlı “Fiat Albea” markalı şəxsi avtomobili ilə, ailəsini Bakı şəhərindən Hacıqabul rayonuna aparır. Təqribən saat 14:00 radələrində geri qayıdarkən, onu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımının (“Navahi” postu) Azər adlı əməkdaşı saxlayır və o, Fərhad Kazımova: “Sən sərxoş vəziyyətdə avtomobil idarə edirsən!”, — deyir. Həmin vaxt sürücü içkili olmadığını bildirir və yol polisinin bu cür yanaşmasına qəti etirazını bildirir. Çox çək-çevirdən sonra, Fərhad Kazımov Bakı şəhərinə gəlir və o, saat 15:50-də alkotesterdən keçərək, hətta içkili olmadığı haqda sənəd də alır. Həmin sənədə baxan Azər adlı yol polisi əməkdaşı ona deyir: “Mən bu sənədin həqiqiliyinə və sənədi möhürlə təsdiq edən qurumun fəaliyyətinə inanmıram!”. O halda, sual oluna bilər ki, o, buna necə inanmır? Axı, narkotesti verən və həmin sənədi möhürlə təsdiq edən qurum dövlət tabeçiliyindədir. Yol polisi əməkdaşının bu cür yanaşması, onu ehtimal etməyə əsas verir ki, o, öz düşüncəsinə görə, Azərbaycan Respublikasında bəzi dövlət qurumlarının varlığına və fəaliyyətinə şübhə ilə yanaşır. Bütün bunlara baxmayaraq, hələ də, bu şəxsin avtomobilini “Navahi” postundan buraxmırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Fərhad Kazımov avtomobilini Yol Patrul Xidməti Alayının 7-ci Tağımının həyətindən götürmək istəsə də, o, bu istəyinə nail ola bilmir. Çünki, bu gün həmin postda xidmətdə olan başqa bir yol polisi əməkdaşı, Fərhad Kazımova: “Səni saxlayan Azər adlı inspektor tapşırıb ki, “Fiat Albea” markalı avtomobilin sürücüsündən 700 manat almadan, onun avtomobilini buraxmayın. Ona görə də, həmin məbləğ pulu ver və avtomobilini götür!” — deyir.
Bəli, bu da, daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun imzaladığı əmr əsasında, 2021-ci ildən “Nəvahi” postuna rəhbərlik edən Mərdan Mehdiyevin yaratdığı dəhşətli və dözülməz vəziyyətin daha bir sübutu. Bir sözlə, cənab nazir dəfələrlə hər cür qanunsuzluğun, özbaşınalığın, haqsızlığın və bu kimi digər xoşagəlməz əməllərin qarşısının alınması yolunda, BDYPİ-nin rəhbərliyinə, həmçinin bu qurumun tabeliyində çalışanlara lazımi tapşırıqlarını versə də, təəssüflər olsun ki, hələ də, yol polisi sahəsində çalışanlar nə verilmiş tapşırıqlara əməl edirlər, nə də ki, qayda-qanun tanımaq istəyirlər.

Qeyd edək ki, gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə, Mərdan Mehdiyevin rəhbərlik etdiyi “Nəvahi” postunda yol polisi əməkdaşları bir nəfər mülki şəxs saxlayırlar. Elə ki, yol polisi əməkdaşları bu postda saxladıqları sürücülərlə anlaşırlar, o halda, rüşvət şəklində tələb etdikləri pulları həmin mülki şəxsin hesab kartına vurdururlar. Bu da, bir daha onu göstərir ki, Ramiz Zeynalovun rəhbərliyi altında fəaliyyət göstərən Yol Patrul Xidməti Alayının 7-ci Tağımında əməlli-başlı anarxiya, əsl biabırçılıqdır. Yaşanan olaylarla bağlı, ortaya belə bir sual da çıxır: “Tutaq ki, Fərhad Kazımov spirtli içki qəbul edib və o, il ərzində ilk dəfə belə bir addım atıb. Axı, bu cür addıma görə, cərimə məbləği 380 manatdır. Deməli, “Nəvahi” postunun inspektoru Azər müəllim, 700 manatlıq rüşvəti, məhz özlərinə məxsus olan “qanunla” əldə etməyə çalışır. Qeyd edək ki, bütün bunlarla bağlı, dünən BDYPİ-də vətəndaş şikayətlərinin qəbulunu həyata keçirən 902 “Qaynar xətt” xidmətinə də, məlumat verilib.

Hörmətli oxucular! Dünən “Nəvahi” postunda baş verən, hələ də, öz həllini tapmayan bu problemlə bağlı postun komandiri Mərdan Mehdiyevi tapmaq və ondan məsələlərə münasibət öyrənmək, şəxsən bizim üçün, müşkül məsələyə çevrildi. BDYPİ-nin İctimai Qurumlarla əlaqə şöbəsinin rəisi vəzifəsini daşıyan Rövşən Tağıyevin isə, iki nömrəsindən heç birinə zəng çatmadı. Belə bir səbəbdən də, bu problemlə bağlı BDYPİ-nin səlahiyətli şəxslərindən mövqe öyrənə bilmədik və hazırladığımız bu yazını qarşı tərəfin mövqeyini öyrənmədən yayımlamağa məcbur olduq”.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

araz.az xəbər portalı.