22 il Qarabağ Azadlıq Təşkilatına rəhbərlik etmiş və 2022-ci ildən  həmin qurumun bazasında yaradılmış Azad Vətən partiyasının sədri olan  Akif Nağı ilə hafta.az üçün söhbətimizdə rəhbəri olduğu partiyanın fəaliyyəti, 44 günlük Vətən savaşından bəri Yuxarı Qarabağ ətrafında və Azərbaycan-Ermənistan arasında baş verən proseslər, ermənilərin Qarabağdan guya “120 minlik” erməni köçünün  qondarma “etnik təmizləmə” adı altında Azərbaycana qarşı istifadə edə bilmək təhlükəsi,

araz.az  Hafta.az-a istinadən bildirir ki, Rusiya  qoşunlarının “sülhməramlı” adı altında hələ də Qarabağda – Azərbaycan ərazisində də qalmasının gələcəkdə dövlət müstəqilliyimiz üçün təhdid ola bilməsi, hazırkı geo-siyasi gerçəklikdə Zəngəzurun, Göyçənin, bütövlükdə Qərbi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi məsələsini qaldırmağın mümkünlüyü və s. haqda danışdıq.

-Akif bəy, 2022-nin avqustundan Qarabağ Azadlıq Təşkilatı Azad Vətən Partiyası kimi fəaliyyətə başlayıb. Həmin müddət ərzində qarşıya qoyduğunuz hədəflər istiqamətində hansı işləri görə bilmisiz?

-Partiya olaraq siyasi proseslərdə iştirak edirik. Qarabağ Azadlıq Təşkilatını partiyaya çevirdiyimiz vaxtdan intensiv siyasi proseslərin içərisinə düşmüş olduq. Əvvəlcə siyasi partiyalar haqqında yeni qanun qəbul olindu. Həmin prosesdə, müzakirələrdə iştirak etdik, təkliflərimizi verdik. Sonra partiyaların yenidən təşkilatlanması prosesi başladı, burada da fəallıq nümayiş etdirdik. Yenidən qeydiyyatdan keçə bilən 26 partiyanın içərisində olduq. Hədəfimiz parlamentdə təmsil olunmaqdı, o istiqamətdə işlərimizi davam etdiririk…

-Son 4 il ərzində 30 il boyu düyünə düşmüş Qarabağ məsələsi ətrafında gözlənilməz və sürətli  proseslər getdi. Məlum 8 kənd istisna olmaqla Azərbaycan Respublikası çapında ərazi bütövlüyümüz  bərpa edildi. XIX əsrin əvvəllərindən bəri Rusiya imperiyası tərəfindən kütləvi şəkildə Qarabağa köçürülmüş ermənilər üçün də çox gözlənilməz olaylar baş verdi; həmin Rusiyanın “susqunluğu” fonunda və  “sülhməramlı” adlanan hərbi birləşməsinin gözü qarşısında Azərbaycanın ölkə vətəndaşlığını qəbul etmələri təklifini rədd edən hayların, demək olar ki, hamısı Qarabağı tərk edib Ermənistana köçdü. Sizcə, bununla Azərbaycan üçün Qarabağ məsələsinin tam bitdiyini hesab etmək olarmı? Bir yüzillikdən çox Türkiyənin başında qondarma “erməni soyqırımı” asıldığı kimi, bu “120 minlik” erməni köçü də saxta “etnik təmizləmə” adı altında uzun müddət Azərbaycanın başı üzərində “Domokl” qılıncı təki asılmayacaq ki?

-Əlbəttə, nəticəmiz göz önündədir, Azərbaycan üçün son 30-32 ildə xəyala gələ bilməyən hədəflərə çatdıq. Ərazilərimiz işğaldan azad olundu, erməni əhali də Qarabağdan könüllü çıxıb getdi. Bu hər cəhətdən yüksək qiymətləndirilməlidir. Dediyiniz təhlükə mümkün variantlardan biridir.  Fəqət unutmayaq ki, ermənilər heç vaxt öz istəkləri və maraqlarına uyğun hərəkət etməyiblər. Qondarma “soyqırımı” məsələsi də özlərinin təşəbbüsü deyildi, müəyyən dövlətlər, məsələn, əvvəlcə SSRİ, sonralar isə Qərb bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi yararlanmaq məqsədi güdürdülər. Bunun üçün ermənilərdən alət, maşa kimi istifadə edirdilər. İndi böyük dövlətlərdən hansısa Azərbaycana təzyiq etmək fikrinə düşsə, “120 min” məsələsini ortalıga qoyub yenidən ermənilərdən alət kimi istifadə edə bilərlər…

– Rusiya qoşunlarının “sülhməramlı” adı altında hələ də Qarabağda – Azərbaycan ərazisində də qalması gələcəkdə dövlət müstəqilliyimiz üçün təhdid hesab etmək olarmı?

-Doğrudur, Rusiya qoşunlarının ərazimizdə qalması müstəqilliyimizə təhdid və təhlükədir. Ona görə də Azərbaycan artıq hazırlıq işlərini görür və Rusiya hərbi kontingentinin ölkəmizin suveren ərazisindən çıxarılması üçün zəmin yaradır. Rusiya isə öz hərbi kontingentini ərazimizdə saxlamaq niyyətini gizlətmir. Amma böyük ehtimalla həmin hərbi birləşmə yaxın müddətlərdə Yuxarı  Qarabağı tərk etməli olacaq. Azərbaycan dövləti də bu məsələdə qərarlıdır…

– 44 günlük savaşdan bəri, xüsusən də 19-20 sentyabr lokal əməliyyatı sayəsində bütün Yuxarı Qarabağın da Azərbaycanın nəzarətinə qaytarılmasından sonra Azərbaycanın böyük hissəsini  Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur yolunun açılması və bunun 10 noyabr 2020-ci il üçtərəfli sazişinin 9-cu bəndində əsasən Ermənistan tərəfindən mütləq yerinə yetirilməli olduğu gündəmə gətirilir. Amma bir məqam var ki, “Turan dəhlizi” də adlandırdığımız həmin yol sözügedən bəyanata əsasən Rusiya FSB-sinin sərhəd qoşunlarının nəzarəti altında olmalıdır.  Sizcə, bu, Azərbaycan və Türkiyənin dövlət və milli maraqları üçün nə dərəcədə məqsədəuyğundur?

-Turan Yolunun yalnız türk dövlətlərinin ərazisindən keçməsi mümkün,  həm də gərəkli deyil. Əsas odur ki, bu yolun hakim iştirakçıları biz olaq. Bu yolun Rusiyadan keçib-keçməməsi də önəmli deyil. Yeri gəlmişkən, Rusiyanın özünün əhalisinin 35-40 faizi türk-müsəlmanlardan ibarətdir. Bu amil də nəzərə allnmalıdır. Rusiya Sərhəd Xidmətinin xüsusi qüvvələrinin Zəngəzur yoluna nəzarət etməsinin o qədər də fərqi yoxdur. Yol işə düşdükdən, böyük yükdaşıma  qabiliyyətinə çatdıqdan sonra həmin yola kimin nəzarət etməsinin mənası olmayacaq…

– O da var ki, Ermənistan da o “arqumenti” ortalığa qoyur ki, bəhs edilən 10 noyabr bəyanatına əsasən ermənilərin Qarabağa gedib-gəlməsini təmin etməli olan Laçın “dəhlizi” də onlar üçün əhəmiyyətini itirdiyindən sənədin Zəngəzura aid  sözügedən  bəndi də qüvvədən düşmüş hesab olunur.

-Ermənilərin Laçın “dəhlizi” ilə bağlı paralel gətirməyə haqqı yoxdur, çünki bunlar tamam fərqli məsələlərdir. Biz ermənilərin Qarabağa gedib gəlməsi üçün o dəhlizi vermişdik. Ancaq o var ki, həmin yolun beynəlxalq əhəmiyyəti yox idi. Zəngəzur dəhlizinin açılmasında isə bütün dünya maraqlıdır. Ermənistan bu vəziyyətlə hesablaşmalıdır və  başqa yolu da yoxdur. Qalib Azərbaycanın da şərtləri göz önündədir. Hər bir azərbaycanlı ölkəsinin bir yerindən digərinə maneəsiz, yoxlanışsız gedib-gəlməlidir. Biz erməniləri Laçın dəhlizi ilə gedib-gəlmələri üçün bu şəraitlə təmin etmişdik. Bunu dəyərləndirə bilmədilərsə, özləri günahkardırlar. İndi, zəhmət çəkib  eyni şəraiti Naxçıvanla ələqələrimiz üçün yaratsınlar. Bu, onların borcudur.  Həm də ona görə ki, 9-cu bəndində həmin şərtin ehtiva olunduğu 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına imza atıblar…

-Ümumiyyətlə, necə hesab edirsiz, hazırkı geo-siyasi gerçəklikdə Zəngəzurun, Göyçənin hətta bütövlükdə Qərbi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi məsələsini qaldırmaq hələ tez deyilmi?

-Bu məsələdə tələskənliyə, əlbəttə, yol vermək olmaz. Sadəcə, vəziyyəti  düzgün qiymətləndirib müvafiq  addımlar atmaq olar. Ermənistanın bütün ərazisinə, ilk növbədə Zəngəzura  tarixi haqqımız var. Və həmin haqqımızı gerçəkləşdirməyə hazır olmalıyıq. Ermənistan Rusiyadan uzaqlaşır. Deməli, biz Zəngəzurda hərəkət etsək, Rusiya müdaxilə etməyəcək. Qərb isə uzaqda olduğu üçün məsələyə ciddi şəkildə qarışa bilməyəcək. Bu amilləri nəzərə almaqla məqamında təşəbbüs göstərib hədəflərimizə çatmalıyıq. Ondan sonra kimlərinsə bizə qarşı nəyisə etməsinin, deməsinin mənası olmayacaq…

-Bu günlərdə Moskvada bir azərbaycanlı qadının Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Qarabağın zəfər simvolu sayılan “Xarıbülbül” döş nişanı hədiyyə etməsini on illərlə Qarabağın təəssübünü çəkmiş qarabağlı bir siyasətçi və ziyalı kimi necə qarşıladınız?

-Bilirsiz, həmişə olmasa da, bəzən “düşmənimin düşməni dostumdu” formulunu nəzərə almaq olar. Rusiya təhlükəli, nə vaxt nə edəcəyi bilinməyən qorxulu  qonşu, kobud güc amilidir. Bunu yaddan çıxatmaq olmaz. Soydaşlarımızın Zaxarovaya  “Xarıbülbül” döş nişanı vermək təşəbbüsü xalq diplomatiyası kateqoriyasına aid edilə və hər halda normal təşəbbüs kimi dəyərləndirilə bilər…

 -Belə baxanda Rusiya hələ ermənilərdən öncə torpaqlarımızı işğal edən, bizi iki əsrə yaxın müstəmləkəsi edən erməniləri Qarabağa və digər torpaqlarımıza yerləşdirəndir.  Bu mənada azərbaycanlının Zaxarovaya hədiyyə verməsinin  “xalq diplomatiyası”na nə dəxli ola bilər?

-Elədir. Təbii ki, Rusiya ilə məsafə saxlamalıyıq. Heç vaxt o dövlətdən  bir xalq olaraq xeyir görməmişik. Amma siyasət mümkün olanı həyata keçirmək elmidir. Ona görə də müəyyən məqamlardan düzgün istifadə etməyi bacarmalıyıq. Düşmənə düşmən kimi baxmalıyıq. Lakin yeri gələndə milli maraqlar xatirinə “düşmənimin düşməni dostumdu” formulunu işə salmaq gərəkdir. 1988-1994-cü illərdə torpaqlarımızı faktiki olaraq Ermənistan, ermənilər işğal etmişdi. O müddətdə Rusiyanın işğalından qurtarıb müstəqil dövlət olmuşuq. Ancaq sözsüz ki, Rusiyanın Azərbaycana qarşı müəyyən niyyətləri yenə qalır. Nəzərə alaq ki, hazırda Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır. Onlar həmin ölkə cəmiyyətinə inteqrasiya olunmağa, dövlət siyasəti ilə müəyyən dərəcədə uyğunlaşmağa məcburdurlar. Bu mənada onlar ermənilərin siyasətinə qarşı durmaq üçün  Rusiyaya müəyyən jestlər edirlər. Oradakı azərbaycanlılarla bizim əlaqəmiz var və onlar neçə illərdir deyirlər ki, biz çalışırıq ki, Rusiyanı ermənilərə qarşı yönləndirək. Neçə illərdir, oradakı ziyalılarımız da bu istiqamətdə çalışırlar, məqalələr yazırlar, çıxışlar edirlər. Lakin bununla belə Rusiya ilə daim ehtiyatlı davranmaq lazımdır…

-Akif bəy, necə hesab edirsiz, yaxın illərdə Rusiya Ukraynada hərbi-siyasi baxımdan tam məğlub olmasa, Azərbaycanla Ermənistan arasında sülh yaranmasına imkan verəcəkmi?

-Rusiya-Ukrayna müharibəsinin bizim Ermənistanla sülh əldə etməyimizin perspektivi ilə o qədər də əlaqəsi yoxdur. Biz sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Ermənistan isə məğlub durumda olduğuna görə buna o qədər də həvəsli görünmür. Ona görə də sülh üçün Ermənistana kimsə tapşırlq verməlidir ki , o da, yerinə getirsin, ya da biz yenə də güc amilini işə salmalıyıq. Ermənistanı sülhə gətirəcək başqa təsir variantı yoxdur. Onların başa düşdüyü iki dil var: ya tapşırıq, ya da yumruq…

araz.az xəbər portalı.