Son dövrlər Bakıda pilot layihə üzərindən çox sayda köhnə bina sökülür. Onların yerində yeni binalar tikilir. Bu binalar bəzən narazılıqlar yaradır. Ya köhnə bina sakinlərindən bir neçəsi tikinti şirkəti ilə qiymətdə anlaşa bilmirlər, ya da inşaat meydançasına çevrilən əraziyə yaxın evlərdə yaşayanlar əmlaklarına ciddi ziyan dəydiyini iddia edirlər.

Bu mövzuda sosial şəbəkələrdə, mediada müzakirələr aparılır, reportajlar verilir. Politoloq Elçin Mirzəbəyli də bu cür tikinti şirkətlərindən zərər görüb. O, bir neçə gün öncə bununla bağlı Baş Prokurorluğa müraciət etmişdi.
E.Mirzəbəyli sabiq deputat Əsabil Qasımova məxsus “Pilot-16” şirkətindən şikayətçidir. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 134 ünvanında yerləşən, ailə üzvlərinin və doğmalarının payı olduğu evə sözügedən şirkətin zərər vurduğunu bildirmişdi. Elçin Mirzəbəyli şəkillər paylaşaraq “Hörmətli Baş prokurordan mülkiyyət hüquqlarımızın qorunmasına yardım göstərməsini xahiş edirəm”, – demişdi.
Sözügedən məsələ bəzən Milli Məclisdə də müzakirə edilir. Deputat Qüdrət Həsənquliyev parlamentin sonuncu iclasında çıxışı zamanı bu haqda danışıb. Deyib ki, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, tikintiyə icazə almadan söküntü işləri aparır, tikintiyə başlayır.
Maraqlıdır, sakinlər evdən çıxmaq istəmədiyi halda tikinti şirkətləri ailəni zorla evdən çıxarda bilərmi?

araz.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan əmlak eksperti Ramil Osmanlı deyib ki, pilot layihələrdə tikinti şirkətləri icazə sənədlərini toplamadan öncə müəyyən addımlar atmalı olurlar:

Ramil Osmanlı
“Bu addımlardan biri də həmin ərazi üzrə müvafiq razılaşmanın əldə olunmasıdır. Tikinti şirkətləri dövlət qurumlarının hər hansı ərazi ilə bağlı tikinti işlərinin aparılmasına icazə verdiyinə əmin olduqdan sonra köçürmə prosesinə başlayır. Məsələ burasındadır ki, bir çox tikinti şirkətləri şifahi şəkildə bu razılaşmanı əldə etdikdən, Şəhərsalma və Arxitektura Komitəsində həmin əraziyə aid müqaviləni bağladıqdan sonra köçürmə və söküntü işləri paralel aparılır”.
Ekspertin fikrincə, bu mərhələdə bəzi sakinlər tikinti şirkətləri ilə razılaşmır:
“Onların təqdim və təklif etdiyi şərtləri bəyənmir. Məsələn, tikinti şirkətləri həmin ərazi üçün 2000-3000 manat təklif edir, vətəndaş isə etiraz edərək evin 1 kvadrat metrinin qiymətinin 5000 manatdan başladığını deyir və s. Nəticə etibarilə tikinti şirkəti əlavə xərcə düşməli olur. Çünki köçürmə halında vətəndaşların kirayə mənzillə təmin edilməsi məsələsi də razılaşmanın predmeti olur. Ona görə də bu kimi narahatlıq başa düşüləndir. Təəssüf ki, indiki halda şəhərsalma proqramının icrasında baş verən müəyyən neqativ hallar ya vətəndaşların narahat qalmasına, ya da tikinti şirkətlərinin müflis olmasına gətirib çıxarda bilir”.
Sözlərinə görə, ərazidə tam köçürülmə prosesi başladığı halda tikintiyə başlanılmalıdır, əks halda, digər mənzillər zərər görəcək.

araz.az xəbər portalı.