Reallıq da bunu deyir ki, dünya liderləri tərəfindən, Makron, faktiki olaraq, rədd olunur

Rəsmi Almaniya və Fransanın, Avropa İttifaqının və NATO-nun davam etməkdə olan Rusiya — Ukrayna müharibəsində birbaşa hərbi iştirakı barədə, bir-birlərinə əks mövqedən publik şəkildə çıxış etmələri, təkcə bu müharibə ilə bağlı məsələ deyil. Əlbət ki, Fransa Prezidenti Emanuel Makronun hakimiyəti dövründə, bu ölkənin bütün dünyada mövqeyinin daha da zəifləməsi, şəxsən onun uğursuz və bacarıqsız rəhbər siyasəti ilə əsaslandırılır. Ölkəsinin beynəlxalq nüfuzuna əhəmiyyətli dərəcədə zərbə və zədələr vuran Makron, gözlədiyi nəticəni əldə edə bilməsə də, ilk növbədə, Cənubi Qafqaza soxulmaq siyasətini yenə həyata keçirməyə çalışır. Makronun Cənubi Qafqaza, xüsusən də, Azərbaycana qarşı yeritmək istədiyi məkrli siyasət, ölkəsinin bütün region dövlətləri, hətta İranla belə münasibətlərini açıq-aşkar korlayıb. Hərçənd ki, Fransanın İranla münasibətinin əsaslı şəkildə korlanması, digər amillərə görə mümkün deyildi.

Bir daha qeyd etmək istəyirəm ki, Fransa Prezidenti Makronun, NATO qüvvələrinin Ukraynadakı müharibədə Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakının mümkünlüyü barədə etirafedici açıq çıxışı belə, iştirak mümkün olsa da, ümumən götürdükdə, Aİ-nın və NATO-nun diplomatiyasına, yürütdüyü vahid birlik və təhlükəsizlik siyasətinə ziddir. Əlbəttə ki, Almaniya kansleri Olaf Şoltsun Fransa Prezidentinin dediklərini təkzib etməsi də, məhz, qeyd edilən kontekstdən yanaşmadır. Ancaq, son vaxtlar, NATO qüvvələrinin Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakı barədə, yayılmaqda olan məlumatları əsasız hesab etmək də, olmaz.

Bir də ki, Makron — Şolts uyğunsuzluğu, ən yüksək səviyyəli Fransa və Almaniya mübahisəsi, sözsüz ki, Rusiyanın maraqlarına xidmət edən qarşıdurma xarakterli siyasi-diplomatik və hərbi durum formalaşdırır, Aİ və NATO daxili fikir ayrılığını getdikcə daha da dərinləşdirir, bir olan qüvvələri belə parçalayır. Ukraynaya lazımi hərbi yardımın gecikdirilməsi, xüsusən də, nəinki ABŞ-ın Rusiya üçün Ukrayna ilə bağlı planlarının, hətta, Avropa ölkələrinin özləri üçün, mənfi ssenarinin reallaşmasına imkan yaradır. Əbəs yerə deyil ki, bir həftə öncə, Dimitri Medvedyev də, “Ukrayna, əlbəttə ki, Rusiyadır!” — deyir, üstəlik, ardınca, Rusiya Prezidenti Vladimir Putin İsveçrənin müstəqilliyinə şübhəsinin olduğunu göstərməkdən çəkinmir. Həm də, ona görə ki, ortada prinsip məsələsi var. Axı, Makronun bütün Aİ adından çıxış etməsi, Fransanı bu birliyin lideri və aparıcı ölkəsi kimi təqdim edir. Əlbəttə ki, Almaniya kimi bir ölkə, bunu haqlı olaraq qəbul edə bilməz. Şoltsun Makronu təkzib etməsi və Almaniya XİN başçısının ona hansı işlə məşğul olması barədə məsləhəti də, Makrona yerini göstərmək deməkdir.

Yeri gəkmişkən, onu da qeyd etmək yerinə düşər ki, Avropanın taleyində həlledici mövqe, ilk olaraq, Böyük Britaniyaya və Almaniyaya məxsusdur. Hərçənd ki, Böyük Britaniya Aİ-nın üzvlüyündən çıxsa da, çox əsirlik siyasi xəttini və söz sahibliyini, nəinki Avropada, bütün dünyada saxlayır. Fransızlar polemik, publik siyasət, ingilislər isə, stabil axarı dəyişən praktik siyasət sahibləridir. Artıq, hamıya mübahisəsiz belə bəllidir ki, Fransa Prezidentinin yeritdiyi məkrli siyasət, verdiyi Bəyanat və çıxışları aqressiv və qeyri-rasionaldır. Son nəticə isə budur ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan, Macarıstan lideri Viktor Orban, Almaniya kansleri Olaf Şolts və digər dünya liderləri tərəfindən, Makron, faktiki olaraq, rədd olunur.

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.