İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən yenidən kassasiya şikayəti verilib.

araz.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses martın 12-nə təyin edilib.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Keçmiş başçının ailə üzvləri müsadirə olunmuş əmlakların geri qaytarılmasını tələb edirlər.

Qeyd edək ki, Vilyam Hacıyev daha əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürüb.

Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvətalma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Ali Məhkəmə isə məhkum şəxsin ailə üzvlərinin narazılığını əsassız sayıb. Beş milyondan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və iki minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq “Land Rover” markalı avtomobilin müsadirədən azad olunmasını istəyib.

araz.az xəbər portalı.