Fransa Konstitusiyasındakı qadının hamiləliyi dayandırmaq hüququnu təsbit edən qanun respublika ərazisində rəsmi şəkildə qüvvəyə minib.
araz.az TASS-a istinadən bildirir ki, konstitusiyaya edilən müvafiq dəyişiklik hökumətin rəsmi “Journal officiel” qəzetində dərc edilib.
“Qanun qadının hamiləliyini könüllü olaraq dayandırmaq azadlığından istifadə etməsi şərtlərini müəyyən edir”, – deyə Fransa Prezidenti Emmanuel Makronun imzaladığı sənəddə bildirilib.
Qeyd edək ki, qadınların abort hüququnun konstitusiyaya daxil edilməsi ilə bağlı qərar Fransa parlamentinin hər iki palatasının tarixi Versal sarayında keçirilən konqresdəki iclasından sonra qəbul edilib. 925 deputat və senatordan 780 parlamentari bu təşəbbüsü dəstəkləyib. Konstitusiyaya müvafiq müddəanın daxil olunmasını təklif edən Emmanuel Makron qanunvericilərin qərarına dəstəyini ifadə edib.
Xatırladaq ki, Fransada aborta icazə verən qanun 1975-ci ildən qüvvədədir, lakin keçən payız Makron bu müddəanın konstitusiyaya uyğunlaşdırılmasını təklif edib. BFMTV telekanalının qiymətləndirməsinə görə, düzəliş simvolik xarakter daşıyır və qadınların aborta yanaşmasını dəyişməyəcək.
Fransanın ədliyyə naziri Erik Düpon-Moretti qeyd edib ki, respublika dünyada bu normanı konstitusiyaya daxil edən ilk ölkə olacaq.
araz.az xəbər portalı.