“Həyatını müəllimliyə həsr edənlər, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Mən dünyada müəllimdən yüksək ad tanımıram.”
HEYDƏR ƏLİYEV.
Müəllim ən gözəl varlıq, biliklər öyrənməkdə insana kömək edən, adı hər kəs üçün əziz olan əvəzedilməz şəxsdir. Hamının müəllimi olur, onun hər kəsə öyrətdiyi bilik, hətta hər cür ibadətdən üstün sayılır. Elə, bunlara görədir ki, zaman-zaman müəllim haqqında müdrik sözlər və gözəl kəlamlar deyilib. İnsanı kamilliyə çatdırmaq məqsədi güdən bu sənət haqqında, hətta dahilər də belə deyiblər ki, bütün sənət və peşələrin içərisində ən şərəflisidir. Bu yerdə, xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, valideynlərimiz bizi göydən yerə endirsələr də, gözəl müəllimlərimiz yerdən göyə qaldırıblar. Bir də ki, millətin gələcək taleyi, hər mənada, cəmiyyətdə çox böyük rol oynayan müəllimin əlindədir. Hər kəsə düz yol göstərən, onun yaxşı yaşaması və mükəmməl insan olması üçün, ona stimul verən də, müəllim sayılır. O, təkcə özünün deyil, həm də, hər bir şagirdinin sevinc, kədər və problem dolu taleyini onunla birgə yaşayır, bütün ömrünü şagirdləriylə bölüşür. Beləcə, gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə bəxş edir.
Mən də, mənə dərs deyən, savad verən, bilik öyrədən orta məktəb müəllimlərimi belə tanımışam. Bu yazımda onlardan biri — daim özümə doğma bildiyim, dünən isə, 70 illik yubileyini qeyd etdiyimiz sevimli və dəyərli müəlliməm barəsində, ona olan sonsuz sevgi və məhəbbətimin ifadəsi olan ürəkdən gələn sözlərimi demək istəyirəm. O, özünü elm aləminə yaxşıların ən yaxşısı kimi tanıtmağı bacaran, daha çox bütün həmkarlarının, şagirdlərinin, dost-tanışlarının yaddaşlarında gözəl insan kimi özünə yer edən və fəxrimiz olan Venera xanım Məmmədovadır.
Sədərək rayonunun tanınmış şəxsiyyətlərindən biri və dəyərli müəllimimiz Zakir Musayevin həyat yoldaşı olan bu müəlliməm, Sovetlər dönəmində belə sayılıb-seçilənlərdən biri kimi özünü göstərə bilib. Elə, bu səbəbdəndir ki, SSRİ Ali Sovetinin XI çağırış deputatı seçilib. Peşə fəaliyyəti dövründə isə, bir çox məktəb dərsliklərinin müəlliflərindən biri kimi tanınıb, baş və metodist müəllim kimi fəaliyyət göstərib. Əməkdar müəllim olaraq, dəfələrlə, “İlin Müəllimi” fəxri adına layiq görülüb.
Doğrudan da, ömrünün yarıdan çoxunu öz sevimli peşəsinə həsr edən və bütün cəhətlərdən nümunə olaraq göstərilən Venera xanım Məmmədovanın nüfuzu bütün dönəmlərdə lap yüksəklərdə olub. Möhkəm və tükənməz enerjili bu insanda yüksək bilik, bacarıq, istedad, səbr və iradə görmüşük.
Venera Yusif qızı Məmmədova 1954-cü ildə Şərur rayonunun Ərəbyenkicə kəndində müəllim ailəsində anadan olub. Orta təhsilini Keşdaş kəndində alıb, 1971-ci ildə Maarif Nazirliyi rus təhsilli şəxslərlə orta məktəblərdə rus-dili dərslərini deməyə icazə verdiyindən, orta məktəbdə rus-dilini tədris edib.
1974 — 1987-ci illərdə M. F. Axundov adına APİ-nin rus-dili və ədəbiyyatı fakültəsində ali təhsil alan Venera Məmmədova, Sədərək kəndinə köçərək, əmək fəaliyyətini, müəllimlik peşəsini davam etdirib. Qısa zaman kəsiyində, o, pedaqoji kollektivdə və kəndin ictimai-mədəni işlərində özünə layiqli yer tutub. Sədərək 1 saylı orta məktəbində kənd balalarına rus-dilinin sirrini açıqlamaqla, öz bilik və səyini günü-gündən artırıb. Çox çəkməyib ki, onun təşkilatçılıq qabiliyyəti və işdə sadəliyi özünü büruzə verib. Pedaqoji işdə qazandığı uğurlu nəticələrə görə, o, əvvəlcə “baş müəllim”, “metodist müəllim”, “maarif əlaçısı”, daha sonra isə, yüksək fəxri ada, Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülüb.
1984 — 1988-ci illərdə Sədərək 1 saylı orta məktəbinin rus-dili müəllimi Venera Məmmədova, Naxçıvan MR-dan SSRİ Ali Sovetinin deputatı olan müddətdə, xalqın rifahını yaxşılaşdırmaq üçün, problemlərin həllinə nail olub, onlara diqqət və qayğısını əsirgəməyib. Onun köməyi və tələbi ilə, Naxçıvan MR-nin məktəbləri yeni avadanlıqlarla təchiz edilib, məktəblərdə təmir işlərinə başlanılıb. Venera Məmmədova 1985-ci ildə Şərur rayonunun Qadınlar Şurasının sədri seçilib. Bir sədr kimi, qadınların yaxın köməkçisi olub, onların məişət xidmətinin yaxşılaşmasında fəal iştirak edib, onların fəallığında təbliğat işini gücləndirib, cəmiyyətdə iştirakçılarına köməklik göstərib. 1985-1986-cı illərdə Venera Məmmədova SSRİ Ali Sovetinin nümayəndə heyətinin tərkibində, bir çox xarici dövlətlərdə Azərbaycanı təmsil edib.
Hal-hazırda Bakı şəhərində yaşayır. 1999-cu ildə Xətai rayonu 48 saylı məktəbdə əvvəlcə psixoloq, sonra isə, direktor müavini vəzifəsində işləyib və bu günədək də, həmin vəzifəni daşıyır. O, pedaqoji mühazirələrin psixoloq kimi qalibi olub. Kollektivdə xüsusi nüfuza sahib olan Venera Məmmədova harada işləsə də, Sədərəklə fəxr edib, onun uğurları ilə maraqlanıb və sevinib ki, sərhəd bölgəsi olan Sədərək düşmən qarşısında mərdliklə dayanır. Çünki Venera Məmmədova Sədərəkdə uğur qazanıb, oradan zirvələrə ucalıb.
Öz peşəsini ürəkdən sevir və bununla fəxr edir. Dostluq, qardaşlıq, ünsiyyət dili olan rus-dilini məktəblilərə böyük həvəslə öyrədib. Qayğıkeşliyi, biliyi ilə şagirdlərinin və iş yoldaşlarının dərin hörmətini qazanıb. Bu keyfiyyətlərinə görə, həmyerliləri ona yüksək etimad göstəriblər. SSRİ Ali Sovetinə deputatlığa namizədliyinin irəli sürülməsi də, bunun təsdiqidir.
Böyük Allahımız yuxarıda sadaladığımız gözəllikləri Venera Məmmədovaya ona görə çox yaraşdırıb ki, özü bütün bunlara layiqdir. Məhz bunlara görə, olduqca xoş təsir bağışlayan bütün təbriklərə layiq yubilyarın şəxsən özünə bir daha ürəkdən deyirəm:
— Əzizimiz Venera müəllimə! Neçə-neçə digər yubileylərini, ən əsası, daha füsünkar səslənəcək 100 illik yubileyini, bir yerdə keçirək! Yüz yaşamaq, Ulu Tanrıdan sənə ərmağan edilən bir haqqındır! Üstəlik, möhkəm cansağlıqlı uzun ömür, gülüş və təbəssüm dolu mehriban ailə həyatı nəsibin olsun!
Dəyərli müəlliməmiz, biz sizin kimi müəllimlərlə qürur duyuruq! Üzündən, çəkdiyin zəhmətin bəhrəsindən doğan və heç vaxt əskik olmayan təbəssüm, xoşbəxtlik də, bunu deməklə, bizi dəstəkləyir!
Dərin hörmət və səmimi duyğularla,
Mirkazım SEYİDOV,
fəal diasporçu, ictimai-siyasi xadim.
araz.az xəbər portalı.