Elşad Mirbəşiroğlu: “Azərbaycan dövlətinin bu məsələni yoluna qoyacağına inanıram”
Elman Məmmədov: “Tam inanıram ki, Prezidentimiz bu hüquqların bərpası istiqamətində göstəriş verəcək”
Əllərində özəlləşdirmə payları (çeklər) qalan yüzminlərlə vətəndaş Milli Məclisin üzvlərinə yenidən müraciət ünvanlayıb. Dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə bitməsindən narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.
Haqq sahiblərinin deputatlara müraciətində qeyd edilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım edilməlidir. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərinin mətnində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah ediblər. Deputatlardan xahiş olunur ki, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər (daha ətraflı BURADA).
araz.az ayna.az-a istinadən xəbər verir ki, ötən il sentyabrın 12-də Prezident İlham Əliyev tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə (KM) 1483 saylı qeydiyyatla məktub daxil olub. Avqustun 18-də isə Prezident Administrasiyasından KM-ə 1518 saylı qeydiyyatla və eyni məzmunlu məktub daxil olub.
Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan dövləti vətəndaşlarının hüquqlarının qorunmasında, pozulan hüquqlarının bərpasında hər zaman maraqlıdır: “Özəlləşdirmə çekləri ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib. Yaxşı olardı ki, bu problem həllini tapsın. Mən deyə bilmərəm ki, bunun həlli yolu nədir, hansı formadadır. Hüquq nəyi tələb edirsə, qanuna uyğun şəkildə də məsələ yoluna qoyula bilər”.
“Vaxtilə özəlləşdimə payları əlində qalan vətəndaşların xeyli hissəsi öz çeklərini satışa çıxardı. Lakin görünür, bəzi vətəndaşlar hələ də həmin qiymətli kağızlarını saxlayıblar. Bunların qiymətli kağızının hədər olmaması üçün lazımi addım atılması yaxşı olardı”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, əgər bu qədər vətəndaş hələ də hüququndan yararlana bilməyibsə, bu, arzuolunan hal deyil: “Yaxşı olardı ki, bu problemə yekun vurulsun. Azərbaycan dövlətinin öz vətəndaşının hüququnu qoruyan dövlət olaraq bu məsələni də yoluna qoyacağına inanıram. Bunun necə həyata keçirilməsi isə dövlət orqanlarının səlahiyyətinə aid olan məsələdir. Müvafiq qurumların bu istiqamətdə hərəkətə keçməsi vacibdir”.
Mirbəşiroğlu məsələyə Konstitusiya Məhkəməsində baxılmasının müsbət hal olduğunu və KM-in müsbət qərar verəcəyinə inandığını da qeyd edib: “Ümid edirəm ki, Konstitusiya Məhkəməsi qanunun tələbi ilə vətəndaşların lehinə qərar verəcək”.
Milli Məclisin digər üzvü Elman Məmmədov da həmkarı ilə eyni fikirdədir. O, AYNA-ya söyləyib ki, Azərbaycan lideri və dövləti hər zaman vətəndaşının yanındadır, vətəndaşına qayğı göstərir: “Əgər vətəndaşın haqqı pozulubsa, mən dəqiq inanıram ki, dövlətimiz, Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev o hüquqların bərpası istiqamətində göstəriş verəcək. Azərbaycan dövləti vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlindən gələni edib, etməkdədir”.
“Çek məsələsinə gəlincə, mən özəlləşdirmə payları ilə bağlı hüquqi prosedurları dəqiq bilmirəm. Amma əllərində çekləri olan minlərlə insanın dediyi kimi, əgər dövlətin qiymətli kağızı qanunsuz şəkildə qiymətsiz kağız parçasına çevrilibsə, bu məsələyə baxılmalıdır və baxılması yaxşı olar”, – deyə müsahibimiz vurğulayıb.
Deputat ötən illərə diqqət çəkib: “Mən xatırlayıram, zamanında əhalinin bilgisizliyindən istifadə edən bir qrup işbaz özəlləşdirmə çekləri ilə bağlı fırıldaqlar etdi. Hansı ki, Ulu Öndər Heydər Əliyev vətəndaşlara bu çeklər vasitəsilə sahibkar olmaq, özəlləşdirmə prosesində iştirak imkanı yaratmışdı. Lakin ayrı-ayrı icraedici şəxslər, məmurlar tərəfindən buna bir növ, başdansovdu yanaşıldı. İndi əlində qalan çeki heç nəyə yaramayan minlərlə insan var. Onların haqqı tanınmalıdır”.
Məmmədov inanır ki, dövlətin aidiyyəti orqanları məsələyə baxacaq, ədalətli qərar verəcək: “Özəlləşdirmə çekləri ilə bağlı problemin aradan qaldırılması üçün addım atılmalıdır. Yenə deyirəm, bunun hüquqi yolunun nə olduğunu dəqiq deyə bilmərəm. Amma problem varsa, qanunauyğun formada həllini tapmalıdır”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
araz.az xəbər portalı.