Bu, onların redaksiyamıza ünvanladıqları çoxsaylı yazılarında da, açıq-aydın görsənir
Beynəlxalq neft-qaz sənayesində uzun müddət rəhbər vəzifələrdə çalışan, bu sahədə tayı-bərabəri olmayan mütəxəsis, ölkəmizin ən uğurlu biznes idarəçilərindən biri kimi özünü tanıdan, eyni zamanda, qurucusu olduğu “SOCAR — AQŞ”-nin 12 il 6 ay Baş direktoru vəzifəsini daşıyan, hal-hazırda isə, həbsdə olan Ramin İsayevin barəsində, araz.az-ın da, müdafiə xarakterli, səs-küylü çoxsaylı araşdırma yazıları dərc etməsi, sanki, onu yaxından tanıyan, vaxtilə onunla bir yerdə çalışan, müəmmalı həbsinə görə, hədsiz təəssüb hissləri keçirərək, pozulmuş hüquqlarını və haqqını tələb edən tərəfkeşlərinə qol-qanad verib.
Çünki onlara da, indiyədək aydın deyil ki, axı, 2020-ci ildə “SOCAR — AQŞ” MMC-nin Baş direktoru vəzifəsindən azad edilən Ramin İsayevin, 2023-cü ilin iyul ayında, başqa vəzifə başında həbs olunması necə ola bilərdi?! Yazırlar ki, bu adam, 1200 nəfərlik müəssisənin rəhbəri olanda da, intellektual səviyyəli insan kimi özünü göstərib, necə deyərlər, hər kəsə atalıq edib. Və belə bir həmyerlinin olmasına görə, fəxarət duyublar həmişə.
Onların qəti şəkildə dedikləri də budur ki, vicdan çərçivəsinə sığmayan bu müəmmalı həbs işini buraxmayacaq, nəhayətdə, ədalət müstəvisinə yönləndirilməsi üçün, sonadək mübarizə aparacaqlar:
“Tam əminik ki, Ramin İsayev tək deyil, onun İlham Əliyev kimi Prezidenti var və arxasında böyük bir Xalq Kütləsi dayanır! İnanırıq ki, möhtərəm Prezidentimiz mütləq və mütləq qaranlıq çox məqamları olan bu işə də, ədalət müstəvisində baxılmasına, tezliklə, öz xüsusi göstərişlərini verəcək. Bu, həm də, dövlət başçısından təkcə onun doğma-yaxınlarının və bizim deyil, bu istəkdə olan çoxlarının xahişidir.
Elə, buna görədir və hamı deyir ki, tezliklə, bu qurama işi həyata keçirən sifarişli sifarişçilərin bədniyyət arzuları gözlərində qalacaq! Onda, kimin kim olduğu da, hamıya məlum olacaq!
İnanırıq və tam əminik ki, möhtərəm Prezidentin də qəti şəkildə dediyi kimi, ölkəmizdə hər şey ədalətli olacaq, bütün problemlər ədalət müstəvisində öz həllini tapacaq! Bunun, həm də ona görə tezliklə şahidi olacağıq ki, indiyəcən Ramin İsayevin özü də susurdu. Artıq, o da susmayacaq! Üstəlik, Tam əminik ki, Prezident Sərəncamı ilə yeni təyin olunan ölkənin yeni ədliyyə nazirinin bu qanunsuz qurama işə reaksiyası da, güclü olacaq”.
Müəmmalı həbsi ilə və ona qarşı irəli sürülən yersiz iddialarla, sabiq Baş direktorun və vəkillərinin verdiyi vəsatətlərin qəbuluna məhkəmə hakimlərinin, onun təcili həbsində maraqlı olan və barəsində böhtan xarakterli yazılar tirajladan adıçəkilən neft qurumunun hazırkı rəhbəri Yusif Cabbarovla bərabər, “SOCAR — AQŞ”, “NEQSOL Holding”, “Nobel Energy”… şirkətlərinin digər rəsmi şəxslərinin
imkan verməmələrinə öz yazılarında
qəti şəkildə etirazlarını bildirən tərəfkeş və təəssübkeşlərindən birinin, bu yaxınlarda redaksiyamıza ünvanladığı və nağılabənzər üslubda qələmə aldığı yazısı diqqətimizi daha çox cəlb etdi. Ramin İsayevin rəhbərliyi dövründə, bu nüfuzlu qurumların birində məsul vəzifə tutan bu şəxsin həmin yazısına azca “jurnalist darağı vurmaqla”, olduğu kimi dərc etməyi lazım bildik. Bizcə, bu yazı həm ictimaiyyətin, həm də dəyərli oxucularımızın maraqlarına uyğundur.
BİRİ VAR İDİ, BİRİ YOX İDİ…
Məqaləmi bu sərlövhə altında başlamağımın əsas səbəbi, çoxdan haqqında danışmaq istədiyim belə bir ədalətsizliyin reallaşdığına, bu tərzdə tüğyan etdiyinə, hələlik qalib gəldiyinə görədir. Doğrudan da, bu mükəmməl insanın həbs məsələsi ağlagəlməz və nağılabənzər elə bir hadisə oldu ki, bütün reallığı və əsl həqiqəti, baba-nənələrimiz demişkən, öz tapdağı altında xurd-xəşil elədi: Həm nağıllardakı kimi reallıqdan uzaq, bir o qədər də, acı həqiqət dolu maraqlar dairəsində alındı. Elə, bunlara görə də, heç bir arqumentə söykənməyən, dəlilləri açıqlanmayan, öz sübutunu tapmayan ittiham, iddia və söyləntilər qətiyyən əsaslı müzakirə mövzusu ola bilməz. Axı, bütün ortada olanlar, daim önəmli, vacib və əhəmiyyətli yeniliklərin tətbiqini həyata keçirərək, uğurlara imza atan, təkcə rəhbərlik etdiyi kollektivdə deyil, eyni zamanda, bütün ictimaiyyət arasında xüsusi nüfuz qazanan, mükəmməl şəxsiyyət kimi formalaşan bir Azərbaycan oğlu barədə, sadəcə, iyrənc planlar quran və bir qrupda birləşən məkrli, bir o qədər də, riyakar insanların fantaziya məhsuludur. Bir də ki, öz işində möhtəşəm uğurlar qazanan dəyərli bir insanın əldə etdiklərinə, yalnız, dəyəri olanlar sevinə və onu qəbul edə bilər, belələri yox!
Əlqərəz, keçək əsas məsələyə: Biri var idi, biri yox idi… Bir vaxtlar, yeni yaranan, yarandığı dönəmdə istər işçi heyəti baxımından, istərsə də, digər resurslarına görə, potensial imkanları digər müəssisələrdən qat-qat aşağı səviyyədə olan, buna baxmayaraq, qısa müddət ərzində, önəmli uğurları ilə ön cərgələrdə yer alaraq, ictimaiyyət arasında xüsusi rəgbət qazanan bir şirkət var idi. Elə bir şirkət ki, ilk vaxtlar, “bu yaxınlarda bağlanacaq” söyləntiləri ilə, iş dünyasına yenicə qədəm qoyur və bu qədəmləri belə, hər tərəfdən əngəllənirdi. Bu xoşagəlməz məlumatı yayanlar isə, müxtəlif düşüncə sahibləri və qeyri-adi mədəniyyətə malik bir qrup insan idi. Bütün bunlar bir yana, eyni zamanda, formalaşmaq üçün cəhdlər göstərməsinə rəğmən, qarşısında kifayət qədər təcrübəli, qazma sənayesində yetəri qədər iş təcrübələri olan şirkətlər mövcud idi. Onların var olduğu mühitdə isə, sağlam aparılacaq rəqabət, heç də, asan görsənmirdi. Odur ki, bu yeni yaranan qazma müəssisəsinə mütləq şəkildə ağıllı, savadlı, dünyagörüşü yüksək, analitik, praqmatik, o cümlədən, rəqabətə davam gətirə biləcək, sözün əsl mənasında, bir lider lazım idi. Böyük holdinq tərkibinə, az faizli səhmlərlə qismən daxil olan (o zaman da, əsas səhmlər SOCAR-a məxsus idi) belə bir müəssisə üçün, təsisçi tərəfindən, yuxarıda qeyd etdiyim xarakter və xüsusiyyətləri, tələbləri özündə cəmləşdirən, dünya təcrübələrindən faydalanan, müxtəlif sahələrdə çalışaraq, nüfuz qazanan lider — Ramin İsayev həmin müəssisəyə rəhbər təyin edildi. Elə, bu təyinatdan dərhal sonra da, müəssisədə intibah dövrü başladı. İlk növbədə, özünün əsas fəaliyyət istiqamətlərini insan resurslarının daha da təkmilləşməsinə, aparılan əməliyyatların effektivlik əmsalının artırılmasına, əsaslı problemlərin tədricən aradan qaldırılmasına və bununla, münbit iş mühitinin yaradılmasına yönəldən bu lider, qısa müddət ərzində, istər SOCAR, istərsə də, daxil olduğu holdinq rəhbərliyinin gözləntilərini doğrultmağa başladı. Belə ki, SOCAR tərəfindən verilən mürəkkəb tapşırıqları uğurla başa çatdıraraq, yeni layihələr qazandı və bu layihələrdə, öz potensialına güvənərək, bir çox yeniliklərə imza atdı, müəssisənin adını yüksək gəlirli müəssisələr sırasına yazdırmağı bacardı. Bir sözlə, özünə güvənən bu müəssisə rəhbəri, təkcə, yerli layihələrlə kifayətlənmədi. Fəaliyyət coğrafiyasını genişləndirməyi, müəssisə üçün, əsas amal kimi seçdi. Müəssisə, çox keçmədən, Ramin İsayevin rəhbərliyi altında, ölkəmizdən kənarda, müxtəlif dünya ölkələrində keçirilən tenderlərin qalibi olaraq, Azərbaycan qazma sənayesi təcrübəsini vətəndən kənarda tətbiq etdi. Bu minvalla, çox gözəl nəticəli bu tezlikdə, o, dövlət büdcəsinə valyuta axını siyasəti istiqamətində öz önəmli töhfəsini vermiş oldu. Hətta qazma sənayesi tarixində misilsiz xidmətləri ilə yanaşı, neçə-neçə gəncin mükəmməl təhsil almasına, üstəlik, səriştəliliyin hərtərəfli inkişafına dəstək də verdi. Onda, Ramin İsayev, öz dövlətinə, millətinə bağlı əsl Azərbaycan vətəndaşı kimi də, dövlət siyasətini daim dəstəkləyən, müəssisənin yerləşdiyi ərazi üzrə, Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan, öz təşəbbüsü ilə irəli sürülən bir sıra xüsusi əhəmiyyətli dövlət tədbirlərinə hərtərəfli dəstək nümayiş etdirdi. Elə, xidmətləri dəyərləndirilərək, ona, YAP tərəfindən Fəxri Fərman təqdim olundu. Yeri gəlmişkən, onu da qeyd etməyi lazım bildim ki, ona verilən digər fəxri adların və mükafatların siyahısı daha böyükdür.
Uzunçuluq olmasın deyə, yenə, qayıdaq əsas olan məsələyə: Biri var idi, biri yox idi… Elə, bu müəssisədə həmin dönəmlərdə var-gücü ilə çalışan, uğurların əldə edilməsində kifayət qədər xidmətləri olan, o cümlədən, bütün bunlara bilvasitə canlı şahidilik edən, iki fərqlənmə diplomu olan, 20 ilə yaxın iş təcrübəli, dünyanın müxtəlif ölkələrində təlim və konfranslarda iştrak edən və bununla da, peşəkarlığa gedən yolunu asanlaşdıran, lakin, bir zamanlar, Ramin İsayevlə 10 ildən çox müddət ərzində bir yerdə çalışdığı (Kimin nə düşünməyindən aslı olmayaraq, bununla fəxr edirəm!) üçün, öz işindən uzaqlaşdırılan və bundan sonra, yeni iş yeri tapmaqda əzab-əziyyətlərlə üzləşib, uzun müddət olmazın çətinliklər çəkən (Həmin müəssisədə uzun müddət çalışan, müəssisənin inkişafı üçün, kifayət qədər əhəmiyyətli xidmətləri olan və mənim kimi, belə bir aqibətlə üzləşənlər — işdən çıxarılan çox sayda insanlar bu firiklərimi təsdiq edə bilərlər!), bir qrupun müxtəlif xarakterli maneələri ilə rastlaşan sıradan bir Azərbaycan vətəndaşı, yəni, özüm, bütün yazılanları şəxsən təsdiq edirəm. Belə ki, Ramin İsayevlə ilk tanışlıqdan sonra, həyatında bir çox şeylər müsbətə doğru dəyişmiş birisi olaraq, xüsusi şəkildə onu vurğulamaq istərdim ki, dürüstlük dəyərini əsas tutaraq, daim öz üzərinizdə çalışmalı, mütailə etməli, yeniliklər axtarışında olmalı, xüsusi səy və əzmkarlıqla, davamlı olaraq, özünüzü inkişaf etdirməli və yaşadığınız ölkəyə, cəmiyyətə böyük töhfələr verməlisiniz. Beləcə, onun hər zaman dövlətin yanında olmalısınız tələbi, bilavasitə, Ramin İsyevin bizlərə tövsiyəsi olub. Olduqca tələbkar lider olmaqla yanaşı, daim qayğıkeş ailə başçısı kimi, bütün işçi heyətin qayğıları ilə yaxından maraqlanan, imkan daxilində onlara dəstək olan əsl Azərbaycan oğlu haqqında, yalnış bir söz demək, təkcə cinayət deyil, eyni zamanda, bağışlanmaz günahdır! Bu fikri təsdiq edəcək, mənim kimi, vicdanını itirməyən yüzlərlə insan var. Qəlbinin dərinliklərində şübhələr ola biləcək çoxlarına, məlumat olaraq bildirirəm ki, mənim Ramin İsayevlə nə bir qohumluq, nə bir yerlilik bağlantım var, nə də ki, iş münasibətlərimizdən başqa, hər hansı formada yaxınlıq əlaqəm olmayıb. Əsla! Onun insani keyfiyyətləri, rəhbərlik bacarıqları, millət və xalq sevgisi, dogma Vətənə qəlbən bağlılığı, mənim kimi, yüzlərlə insana nümunədir.
Son olaraq, bir daha, qayıdaq əsas məsələyə: Biri var idi, biri yox idi!..
Elə bil ki, onda olanlar bir yuxu idi, gəldi və getdi. O zaman, hər kəs tərəfindən etalon olaraq göstərilən, sözün əsil mənasında, tam yetkin bir şəxsiyyət də, yuxu idi. Çünki indi, haqsız olaraq, ölkə həbsxanalarından birində saxlanılır. Hər saniyəsi qızıla bərabər yüksək potensiallı belə bir Azərbaycan oğlunun geri qaytarılması mümkün deyil — sanki oğurlanıb!
Dəyərli oxucular, vicdanlı vəkillər və hakimlər, hörmətli səlahiyyət sahibləri! Ürəkdən gələn sözlərimlə qələmə aldığım bu məqaləmi dönə-dönə oxuyun, əsl həqiqəti anlamağa çalışın! Sonda, Uca Yaradanın yaradacağı nizam tərəzisindən qorxun, mərdin namərdə möhtac olmasına göz yummayın!
Cənab Baş redaktor!
Sözüm həm də Sizədir!
Neçə vaxtdır bu insanı, bizə atalıq etmiş birisini öz gözəl yazılarınızla müdafiə edirsiniz, bunu etməyinizi ürəkdən alqışlayıram!Doğrudan, adamı heyrətləndirən çox gözəl mükəmməl yazılardır. Bu cür yazılar oxumamışdım. Şükür ki, belə yazılar yaza biləcək jurnalistimiz də var imiş. Müdafiənizi davam etdirməyi Sizdən xahiş edirəm! Son vaxtlar, bizə də, şirkətin içərisindən aydın şəkildə deyilir ki, o, artıq, elə bil ki, azadlıqdadır. Belə yazıların ona böyük köməyi dəyib, ona ruh verib. Qoy, mübarizəmiz effektli və xos nəticəli olsun! Böyük Allahımızdan da, yeganə istəyim budur!
Nə isə, hərdən elə biliriəm ki, ya yuxu görürəm, ya da ki, bütün olanlar, sadəcə, bir nağıldır. Ümid edirəm ki, digər nağıllarda olduğu kimi, bütün çətinliklərə rəğmən, fitnə-fəsadlarla, əcaib məxluqlarla mübarizə aparan əsas baş qəhramanımız, bu dəfə də qalib gələcək. Çünki, Uca Yaradanın buyruğu ilə, bütün problemlər sonunda ədalət zəfər çalır! Bu səbəbdən, yazımın motivini sonda belə verməyə məcburam: Biri var idi, yenə də var və daim var olacaq! Qoy, ədalət zəfər çalsın!..
BAŞ REDAKTORDAN:
Dəyərli oxucularımız!
Yazıda rastlaşacağınız hər hansı üslub və cümlə quruluşu səhvinə, qüsur və qəzalara görə, öncədən Sizdən üzr istəyirik! Çünki bu yazıya, onu qələmə alan müəllifinin — ədalətin bərpası üçün çalışan, millətsevər, dövlətinə bağlı bir Azərbaycan vətəndaşının xahişi ilə, öncədən də qeyd etdiyimiz kimi, “azca jurnalist darağı vurmaqla”, üstündə əl gəzdirməməklə, olduğu kimi dərc etmişik.
araz.az xəbər portalı.