Pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinətin verilməsi təklif edilir.

araz.az  bildirir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi yaxşı olar. Bəs görəsən bu təklifin praktiki olaraq tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı  danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, Azərbaycanda pensiya dərəcələri MDB ölkələrinə nisbətən xeyli yüksəkdir: “MDB ölkələri ilə müqayisədə, Azərbaycan pensiyaların dərəcələrinə görə kifayət qədər yüksək yerdə qərarlaşıb. Hər il ölkə başçısının sərəncamı ilə sosial təzminatlar indeksasiya edilir və buna müvafiq olaraq verilir. Əsas olan pensiyaçılara yüksək pensiyanın verilməsidir. Amma özlüyündə sosial təzminat büdcə üçün kiçik bir rəqəm deyil. Maliyyə Nazirliyi bununla bağlı optimal bir dərəcə təyin edir. Biz fikir versək, hər il büdcədə neft sektorunun payı azalmağa doğru gedir, bunun müqabilində isə sosial təzminatlar azalmır”.
Ekspert qeyd dib ki, əsas məsələ müavinətin hansı qaydada veriləcəyi ilə bağlıdır: “Əgər indeksiyasiya ilə illik artım bayramlarda birdəfəlik veriləcəksə, burada qeyri-mümkün heç nə yoxdur. Amma bununla bağlı büdcədən əlavə pul ayrılacaqsa, bu artıq başqa istiqamətdir. Digər tərəfdən, onsuz da, pensiyaların məbləği yığılan pensiya kapitalından asılı olaraq müəyyən edilir. Ona görə də pensiyalarla bağlı əlavə müavinətin prinsipial olduğunu düşünmürəm”.

araz.az xəbər portalı.