Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsilə Azərbaycana şər atıb və onun daxili işlərinə qarışmağa cəhd edib.
Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva edən “ümumdünya mədəni irsi” kimi universal ifadələrdən deyil, dini xətlər üzrə ayırıcı ifadələrdən istifadə edib və müstəsna olaraq, erməni irsindən danışıb.
araz.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinib. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir.
Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən əsası, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir”.
araz.az xəbər portalı.