Azərbaycanda keçirilən VI Beynəlxalq Humanitar Forum və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu dünyanın tanınmış simlarını yenə də bir araya gətirməklə yanaşı, həm də Bəşəriyyətin qarşısında duran ciddi mövzular ətrafında maraqlı diskussiyalar yaratdı.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxışı zamanı haqlı olaraq söylədi ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Bakı Qlobal Forumundan əvvəl keçirilən Humanitar Forumlarda iştirak edən intellektualların, Nobel mükafatı laureatlarının nitqləri, onlarla keçirilən görüşlər olduqca böyük maraq kəsb etmişdi.
Dünyanın sözə, yeni fikirlərə ehtiyacı var. Bu baxımdan ölkəmiz ədalətin və həqiqətin yanında olan şəxslərin fikirlərinin bütün dünyaya çatdırılmasnda maraqldır. Bakı Qlobal Forumunun açılış mərasimində İlham Əliyevin çıxışından: “XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.”
Azərbaycanın 20 faiz torpağı 30 ildən çox işğal altında qalıb. Ümummili Liderimiz Heydər Əliyev və onun siyasi varisi İlham Əliyev münaqişənin Sülh yolu ilə həllinin tərafdarı olublar. Təəsüflər olsun ki, dünya bu çağırışlara biganə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkəmizin başçısı suverenliyimizin bərpasından sonra yenə də Sülh carçısı kimi çıxış edir. Parçalanmış dünyanın bərpasına çağrışlar edir. Bakıda keçirilən Beynəlxalq Forumların demək olar ki, hamısında dünyanın qarşılaşdığı ciddi problemlər müzakirə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda da qoyulan mövzular dünyanı düşündürən mövzulardır. Yəqin ki, Forumun materiaları ayrıca kitab şəklində çap olunacaq. Azərbaycan Prezidenti yüksək intellektual potensiala malik olan bir liderdir və Forumun nəhəng intellektual potensiala malik olması fikrini səsləndirməsi təbiidir. İntellektuallar intellekt ətrafında toplaşırlar…
Gələcəyin necə seçilməsi ilə bağlı böyük alimlər tədqiqatlar aparırlar. Bakı Qlobal Forumu həm də qoyulan vacib mövzuların tədqiqatı kimi yadda qalacaq. Gələcək müasirliyə nüfuz etməyə başlayıb. Dünyanın yeni optimizmə ehtiyacı var. Böyük Dövlət adamı Vaslav Havel deyirdi: “Optimizm dünyanın deyil, insan ruhunun vəziyyətidir. Dünyada horizontal baxışlar genişlənməlidir.” Dünya parçalanmadan xilas olduqca insanların optimizmi də yüksəlir. Bunun Azərbaycan modeli də var. Torpaqlarımız işğaldan azad olunduqdan sonra hər birimizin gələcəyə optimizmi artıb. Azərbaycan artıq qlobal miqyasda parçalanma mövzusu ətrafında möhtəşəm tədbirlərə ev sahibliyi edir.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda vacib bir məqama da aydınlıq gətirdi: “Fransanın Evian şəhərində Natəvanın heykəlinə vandalizm aktına səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.” Həqiqətən də Fransa dərin mədəni və siyasi böhran yaşayır. Makronun başına yumurta çırpırlar, Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktından sonra isə “Luvr” muzeyində yer alan Mona Liza tablosunun üzərinə şorba atdılar. Dünyanın ən məşhur, ən bahalı, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən sənət əsəri də bu ölkədə təhqir olunur. Belə görünür ki, bəzi ölkələr həm də mədəniyyət böhranı yaşayırlar.
Azərbaycan artıq dünya sivilizasiyasının bir parçasıdır: dünyaya hər zaman öz mədəniyyətimizi nümayiş etdirmişik və bunun müqabilində adekvat hərəkətlər gözləmişik.
Forum bir daha göstərdi ki, Dünyamızın firəvan gələcəyi naminə faydalı fikirlər Azərbaycanda müzakirə olunur.
araz.az xəbər portalı.