Hər iki ayağını və əl barmaqlarını Birinci Qarabağ müharibəsində itirmiş ehtiyatda olan polkovnik, 1-ci qrup əlil Tahir Həsənov Yevlax Şəhər İcra Hakimiyyətindən ciddi narazıdır.
araz.az bildirir ki, bu barədə Dialoq.az saytına hər iki ayağını və əl barmaqlarını Birinci Qarabağ müharibəsində itirmiş Əfqanıstan müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Veteranı, 1-ci qrup əlil, ehtiyatda olan polkovnik və 1991-ci ildə Yevlaxda yerləşən özünümüdafiə taboruna rəhbərlik etmiş, vaxtilə Yevlax Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti rəisi (keçmiş Yevlax Rayon Hərbi Komisarı) olmuş Tahir Həsənov məlumat verib.
Ehtiyatda olan polkovnik şikayətində bildirir ki, Yevlax Şəhər İcra Hakimiyyəti məni yaddan çıxardıb. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyəti məni heç bir tədbirə dəvət etmir, bayramlarda məni yada salmır. Ehtiyatda olan polkovnik onu da bildirir ki, Yevlax rayonunda silsilə tədbirlər keçirilir, keçirilən tədbirə bir çox Şəhid ailələri, qazilər və veteranlar dəvət olunur. Lakin mən heç bir tədbirə dəvət olunmuram. Bilmirəm niyə? Tahir Həsənov şikayətində onu da bildirir ki, Yevlaxda silsilə tədbirlər keçirilsə də, keçirilən tədbirlər plansız keçirilir. Belə ki, keçirilən tədbirə bir Şəhid ailəsi, qazi dəvət olunursa digəri dəvət olunmur. Bu da bir başa Yevlax Şəhər İcra Hakimiyyətinin səhvidir. Misal üçün deyə bilərəm ki, 16.03.2024-cü il tarixdə Yevlax şəhərində Təbiyət şadlıq sarayında iftar süfrəsi hazırlanıb, 07.03.2024-cü il tarixdə Yevlax şəhərində yerləşən Həyat restoranında (hansı ki, o tədbirə heç bir Şəhid, qazi ailəsi dəvət edilməyib), 08.03.2024-cü il tarixdə şəhərin digər restoranında 8 Mart-Beynəlxalq Qadınlar Günü ilə bağlı əlavə tədbir keçirilib. Qeyd etmək istəyirəm ki, keçirilən tədbirlərə nə mən, nə də mənim ailə üzvlərim dəvət olunmayıb. Bu da Şəhid ailələri, qazilər və veteranlar arasında ayrıseçkilik deməkdir.
Bundan əlavə qeyd etmək istəyirəm ki, bildiyim qədər 8 noyabr 2023-cü il tarixdə “Zəfər Günü” münasibəti ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlillərinə 500 manat maddi yardım göstərilib. Qeyd etmək istəyirəm ki, həmin maddi yardımın verilməsi zamanı yenə də mən yaddan çıxmışam. Mən bir məsələni anlaya bilmirəm ki, canını, iki ayağını, əl barmaqlarını Vətən yolunda itirmiş bir polkovnik nə üçün unudulur?
Odur ki, bildirmək istəyirəm ki, Yevlax Şəhər İcra Hakimiyyəti mənə qarşı hədsiz soyuq münasibət göstərir. Hansı ki,Yevlax şəhərində ən ağır vəziyyətdə və 77 yaşında olan qazilərdən, veteranlardan biri elə mənəm,-Deyə ehtiyatda olan polkovnik bildirib.
Edilən şikayətlə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
araz.az xəbər portalı.