Qərbi Azərbaycanla bağlı, dövlət səviyyəsində həyata keçirilən hərtərəfli işlərin getdikcə gücləndiyi belə bir həssas məqamda, tanınmış jurnalist, analoq.az saytının təsisçisi və Baş redaktoru Savalan Talıblının Facebook-da və digər sosial şəbəkələrdə özünə yer edən cəlbedici bir statusuna, bir qərbi azərbaycanlı kimi, mən də, heç cür biganə qala bilməzdim. Və son qərarım da belə oldu ki, bu maraqlı statusu məqalə şəklində, araz.az-ın çoxsaylı dəyərli oxucularının da diqqətinə çatdırım.
Həmkar dostumuz yazır:
“Direktor Tariyel Əkbərov qərbi azərbaycanlıları təhqir edən müəllimin müdafiəsinə yaman qalxıb. İndi Facebook səhifəsində Qərbi Azərbaycana aid foto və videolar paylaşan direktor, açıq-aşkar görünür ki, özünü belə sığortalamaq, təmizə çıxarmaq istəyir. Qərbi Azərbaycan “sevgili” bu direktordan soruşmaq lazımdır ki, bu günə qədər, o, harada idi, indiyədək rəhbəri olduğu məktəbdə Qərbi Azərbaycana aid bir tədbir keçirilibmi?! Amma, təhqir edən və təhqir olunan müəllimlər, inkarolunmaz əlahəzrət fakt kimi, ortadadır. Bir də ki, qərbi azərbaycanlıları təhqir edən müəllimə töhmət verməyə əli gəlməyən Tariyel Əkbərov, birnəfəsə, digər müəllimlərə töhmət verməkdən heç vaxt çəkinməyib…
…Əlavə fakt olaraq, onu qeyd edim ki, adıçəkilən məktəbin direktor muavini də, məktəbdə bu məsələyə görə, xüsusi canfəşanlıq edir. Müəllimləri mənim əleyhimə qaldırmaqda israrlıdır. Elə, buradan da, həmin direktor müavininə demək istəyirəm ki, gedib, öz işləri ilə məşğul olsun, direktorun ad günü üçün, 20 manatdan pul yığma kampaniyasına başçılıq etməyini davam etdirsin. Hələlik, çox şeylər bilib, az danışıram. Məni polis və digər hüquq-mühafizə orqanları, dövlət qurumları adları ilə, hədələməyə cəhd eləməsin. Mən külli miqdarda dövlət pulunu, müəllimlərin dərs bölgüsü zamanı yemirəm. Və haqqı pozulan müəllimlərin üzünə, onun kimi, asanlıqla durmuram. Vaxtı çatanda, bildiklərimi də, paylaşacam yəqin ki. Hələliksə, bu qədər!..”.
Yəqin ki, bütün dəyərli oxucularımıza hər şey, necə deyərlər, “gün kimi aydın oldu”. Jurnalist dostumuz Qərbi Azərbaycan məsələsi ilə bağlı, kəskin şəkildə onu demək istəyir ki, belə bir məsul vəzifə sahibi, bu sahədə güclənən dövlət səviyyəli siyasət əleyhinə heç cür gedə bilməz. Çünki bu ağrılı problemimiz də, nəhayətdə, öz həllini tapacaq. Bütün problemlər sonunda, ədalət zəfər çalır. Dövlət rəhbərinin istəyi də, elə, budur və yorulmadan bu istiqamətdə çalışır.
Yazıya son olaraq, onu demək istəyirəm ki, təqribən iki il öncə, ölkə mətbuatı “Daha bir vəzifəli şəxs çiddi cəzalandırıldı” başlığı altında, səs-küylü xeyli yazılar dərc etdi. Həmin vəzifəli şəxs isə, Masallı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Tariyel İntiqam oğlu Əkbərov idi. Həmin yazılarda bildirilirdi ki, bu barədə xəbər Masallı Rayon İcra Hakimiyyətinin “Facebook” hesabında qeyd olunub. Təqribi məzmunu isə belə idi ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı yanındakı Şuranın iclası keçirilib. Şura iclasında, daxil olmuş çoxsaylı müraciətlər əsasında, Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun bir sıra qanunsuz əməlləri müzakirə olunub. Belə ki, Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəbin müəllimlərinin müraciətləri əsasında aparılmış araşdırmalar zamanı, müəyyən edilib ki, cari tədris ilində həmin məktəbdə tədris planı üzrə dərs bölgüsü aparılarkən, mövcud təlimati tələblər gözlənilməyib. Dərs bölgüsü məktəb rəhbərliyi tərəfindən aparılaraq, pedaqoji kollektivdə müzakirə edilməli olduğu halda, buna əməl olunmayıb. Üstəlik, bu iş, qanunsuz olaraq, Masallı Rayon Təhsil şöbəsinin müdiri Taryel Əkbərov tərəfindən aparılıb. Eləcə də, müəllimləri qəbul edərkən, onun tərəfindən etik-davranış qaydaları kobud şəkildə pozulub. Şikayət məktublarında digər faktlar da öz əksini tapıb. Əlavə olaraq, Tariyel Əkbərovun digər məktəblərdə də, müxtəlif qanun pozuntularına yol verdiyi müəyyən olunub. Vakant yerləri qanunsuz olaraq, şəxsi maraqlarına xidmət etməsi üçün gizlətməsi və s. qanunazidd hərəkətlərə yol verdiyi aşkarlanıb.
İcra Hakimiyyətindən o da bildirilib ki, aparılmış müzakirələr zamanı yuxarıda qeyd olunan şikayətlər öz təsdiqini tapıb. İşində verdiyi ciddi nöqsanlara, vəzifə səlahiyyətlərini aşdığına, etik davranış qaydalarını pozduğuna görə, Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərova, ”Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci, 25.1 və 25.2.1-ci maddələrinin və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 və 6.8-ci bəndlərinin tələbləri rəhbər tutularaq və digər intizam qaydalarına uyğun olaraq, töhmət elan olunub. Həmçinin, Tariyel Əkbərov Masallı Rayon İcra Hakimiyyətinin başçısı yanındakı Şura üzvlüyündən də, xaric olunub.
Belə birisi, qorxusuz-hürküsüz, indi də, sağlamlıq imkanları məhdud uşaqların 3 saylı xüsusi internat məktəbinin direktoru vəzifəsində “at oynadır”. Qanunsuz əməllər törətməyə təhrik etdiyi müavini ilə birgə, min oyundan çıxmaqdan qorxub-çəkinmirlər.
Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupundakı araz.az xəbər portalının təsisçisi və Baş redaktoru.
araz.az xəbər portalı.