Yaponiyada son vaxtlar sürətlə yayılan müəmmalı epidemik xəstəlik ölkədə panikaya səbəb olub.
araz.az medicina.az-a istinadən xəbər verir ki, ölüm nisbəti 30 faiz olan “streptokok toksik şok” sindromu halları artarkən, mütəxəssislər 2024-cü ildə xəstələrin sayının 2023-ü keçəcəyini proqnozlaşdırıblar.
Səlahiyyətlilər bu nadir, lakin təhlükəli infeksiyanın səbəbini tapmaq üçün işləri davam etdirirlər.
Yaponiyanın Milli Yoluxucu Xəstəliklər İnstitutundan verilən açıqlamada deyilir:
“Ciddi və ani xəstəliyin arxasında duran səbəblərlə bağlı çoxlu müəmmalar var. Hazırda onlara cavab verə biləcəyimiz bir mərhələdə deyilik”.
Səlahiyyətlilər keçən il 941 yoluxma halının görüldüyünü, 2024-cü ilin təkcə ilk 2 ayında isə yoluxma sayının artıq 378-ə çatdığını açıqlayıblar.
Rəsmi məlumatlara görə, Yaponiyanın 2 bölgəsi istisna olmaqla, bütün bölgələrdə yoluxma halları qeydə alınıb.
Yaşlıların daha çox risk altında olduğu bildirilib. Buna baxmayaraq, yaşı 50-dən aşağı olan 65 xəstədən 21-nin 2023-cü ilin iyul və dekabr aylarında dünyasını dəyişdiyi qeyd edilib.
“Strep A” olaraq da bilinən xəstəliyin boğaz ağrısı kimi əlamətləri olduğu qeyd edilərkən, bir çox insanın bu xəstəliyə tutulduğunun fərqində belə olmadan həyatına davam etdiyi də diqqətə çatıdırılıb.
Xəstəliyin zamanla menengit və ya pnevmoniyaya çevrilə biləcəyi, hətta çoxlu orqan çatışmazlığına da gətirib çıxardığı açıqlanıb.
Bəzi yapon alimləri Covid-19 səbəbiylə tətbiq edilən qadağaların aradan qaldırılmasından sonra yoluxmaların artdığına diqqət çəkiblər.
Yaponiyanın Səhiyyə Nazirliyi koronavirus epidemiyası zamanı tətbiq olunan gigiyena və sosial məsafə qaydalarının tətbiq edilməsinin vacibliyini açıqlayıb.
“İnsanların öskürərkən ağızlarını örtmək və daha sonra əllərini təmizləmək kimi ehtiyat tədbirləri görmələrini istəyirik”, – deyə Yaponiyanın səhiyyə naziri Keizo Takemi bildirib.
araz.az xəbər portalı.