PİŞVAZINA ÇIXDIĞIMIZ BAHAR BAYRAMI, ÖZ XOŞ GƏLİŞİYLƏ, QARŞINIZDA OLA BİLƏCƏK BÜTÜN TƏHLÜKƏ VƏ XATA-BƏLALARA SON QOYSUN!
Əziz Dostlar, Doğma Vətənimizin və Böyük Xalqımızın Gözəl Övladları, dünyanın dörd bir yanındakı Dəyərli Soydaşlarımız!
Bu da, uzun zaman bağışlanmaz yağı düşmən tapdağında inləyən doğma Qarabağımız uğrundakı Vətən Müharibəsində möhtəşəm qələbə, üstəlik, ölkəmizdə formalaşdırılan olduqca təəssüfləndici “Azərbaycanda futbol yoxdur!” mifini darmadağın edən “Qarabağ”ın Avropaya keçdiyi qiymətsiz futbol dərsi hesabına, hər birimizə bəxş edilən böyük coşqulu ruh yüksəkliyi ilə, pişvazına çıxdığımız Ulu Əcdadlarımızın yadigarı olan və əsrlərdi ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yüksək yeniləşdirici gücə malik növbəti Novruz Bayramımız! Bizlər üçün, bundan gözəl nə ola bilər ki?!
Bu Gözəl Müqəddəs Bayramımız Uca Yaradana, kainat nizamına və ana təbiətə dərin sevgimizin, rəngarəng qədim ənənələrimizin qorunub saxlanılmasının, böyük xalqımızın öz tarixi-mədəni keçmişinə yüksək ehtiramının, keçmişımizdən gələn milli-mənəvi dəyərlərimizə dərin bağlılığımızın, milli ənənələrimizi qoruyub, saxlaya bilmək bacarığımızın parlaq ifadəsidir. Bizlərə əmanət bu El Bayramımız Ulularımızın zəngin daxili aləminin, müdrik həyat fəlsəfəsinin və xoş gələcəklə bağlı işıqlı arzularının dolğun təcəssüm tapdığı dədə-baba torpaqlarımızda qədimdən köklər salaraq, uzaq dövrlərdən bəri zamanın bütün sınaqlarından çıxıb və əsrlərin yaddaşında silinməz izlər qoymaqla, xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz edərək, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynayıb. Ümumxalq bayramımız kimi, dünyanın dörd bir yanında məskunlaşan soydaşlarımız tərəfindən belə, kainatın hər bir guşəsində qorunub, saxlanılmaqla, uzun əsrlərin sınağından üzüağ çıxa bilib.
Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Müqəddəs Novruz Bayramı münasibəti ilə, indi bütün dünya ölkələrində sayları 50 milyon nəfərdən çox soydaş doğmalarımızın hər birinə səmimi salamlarımızı yetirir, böyüklü-kiçikli hər birinə azərbaycançılıq məfkurəsi və milli dövlətçilik ideologiyası ətrafında daha sıx birlik arzulayır, evlərinə əbədi xoş bayram ovqatı, ailələrinə ruzi-bərəkət dolu bol-bol sevinc diləyirik! Qoy, Bahar təravəti ölkəmizə, dövlətimizə, doğma Vətənimizə, hər bir ailəyə, başda ölkə rəhbəri və qürurumuz olan şəhid ailələri olmaqla, xeyir-bərəkət, xoşbəxtlik gətirsin! Əsas istəyimiz budur ki, növbəti Novruz Bayramımızı illərdi həsrətində olduğumuz, qəlb göynədən, ürək ağrıdan Göyçə və Zəngəzurdakı didərgin düşdüyümüz ata-baba yurdlarımızda qeyd edək!
Sizləri, doğma və yaxınlarınızla bərabər, bir daha səmimi qəlbdən təbrik edir, hər birinizə bu Gözəl Bayramın səmimiyyətindən irəli gələn və başda yer tutan xoş bahar əhval-ruhiyyəsi, xoş ovqatlı günlər, möhkəm cansağlığı, ailə səadəti, əmin-amanlıq və xoşbəxtlik kimi dərin ehtiram və səmimiyyət duyğulu arzu və istəklərimizi çatdırırıq! Əziz Novruz bütün arzularınızı çin etməklə, şirin söz və ifadələri heç vaxt taleyinizdən əskik etməsin, öz xoş gəlişiylə, qarşınızda ola biləcək bütün əzab-əziyyətlərə, təhlükələrə və xata-bəlalara, çətinliklərə son qoysun! Ulu Tanrı Sizləri pisliklərdən və pis adamlardan uzaq etməklə, boynunda haqqınız olan insanlara da möhtac etməsin! Həmişə bayram ovqatlı olasınız!
Bahar Bayramınız Mübarək, Böyük Xalqımızın Dəyərli Övladları!
“Araz” Media Qrupunun və araz.az xəbər portalının kollektivi adından:
Dərin hörmət və
səmimi duyğularla,
Hüseyn ƏZİZOĞLU,
media qurumunun təsisçisi və Baş redaktoru.
araz.az xəbər portalı.