Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluğun yaydığı məlumata görə, Alı İsrayıl oğlu Əliyev haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.
araz.az Bizim.Media-ya istinadən xəbər verir ki, saxlanılan Alı Əliyev bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub.
Alı Əliyevlə yanaşı, Ənvər Əfəndiyevin də Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi bildirilir.
Xatırladaq ki, 23.07.2021-ci il tarixdə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilən Ənvər Əfəndiyev 11.01.2024-cü il tarixində vəzifəsindən azad edilib.
Həmin tarixdə ölkə başçısının sərəncamı ilə bu vəzifəyə general-leytenant Hikmət Mirzəyev təyin edilib.
araz.az xəbər portalı.