“Martın 22-də Moskvanın “Crocus City Hall” binasında terror aktı törədən cinayətkarlar “Renault Symbol” markalı avtomobillə qaçıblar. Onlar Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi ərazisində tapılıb. Federal Təhlükəsizlik Xidməti terror aktını törədən dörd nəfərin hamısının saxlanıldığını açıqlayıb”.
araz.az xəbər verir ki, bunu RBC telekanalına “Crocus City Hall”un sahibi Araz Ağalarov deyib.
“Terrorçuların qaçdığı iddia edilən avtomobil ona görə tapılıb ki, məlumatı saxlamaq mümkün oldu. Biz Fövqəladə Hallar Nazirliyinə bu yöndə məlumat verdik və onlar informasiyaların saxlanıldığı otaqda yanğının qarşısını aldılar. Beləliklə, informasiyanı xilas etdilər. Bu məlumatdan istifadə edərək terrorçuların qaçış yollarını və təqib edilən avtomobilin nömrəsini müəyyən edə bildilər”, – deyə Ağalarov bildirib.
Onun sözlərinə görə, terrorçular insanları zalda diri-diri yandırmaq istəyib:
“Onların vəzifəsi fərqli idi – onlar sadəcə çoxlu sayda insanı öldürmək deyil, bu insanların zalda diri-diri yanmasını istəyirdilər. Çünki edamla paralel olaraq hər şey yanar maddələrlə, kerosinlə, benzinlə doldurulmuşdu”.
Araz Ağalarov qeyd edib ki, konsert zalı tamamilə yanıb:
“Buraya daxil olsanız, kiminsə oradan sağ çıxa biləcəyinə inanmayacaqsınız. Lakin bütün yanğından mühafizə sistemləri, yanğınsöndürmə işləri yaxşı vəziyyətdə olduğundan zalı bir neçə saat elə vəziyyətdə saxlayıblar ki, heç bir çökmə baş verməyib, insanların oranı tərk etmək imkanı olub. Çünki başa düşürsən, 6 min adam 2-3 dəqiqəyə zalı tərk edə bilməz. Üstəlik, terrorçular demək olar ki, bütün çıxışlarda gedən insanları güllələyiblər”.
O əlavə edib ki, terrorçuların hücumu zamanı zalın təhlükəsizlik işçilərindən biri öldürülüb.
“İstənilən yerdə kamuflyajlı adamlar dörd kalaşnikov avtomatı ilə maşından düşüb hamını atəşə tutmağa başlayırsa və ərazidə 600 patron tapılıbsa, bu halda yaxşı mühafizə xidməti nə edə bilər?”.
Qeyd edək ki, şirkət rəhbəri konsert zalını bərpa edəcəyini də vurğulayıb.
Mütəxəssislərin hesablamasına görə, “Crocus City Hall”a 12 milyard rubl dəyərində ziyan dəyib.
araz.az xəbər portalı.